Kövrək şoran - (lat. Salsola futilis Iljin.) Tərəçiçəkkimilər – (Chenopodiaceae Vent.) fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. Qafqaz endemikidir.[1][2]
Gövdəsiz, kövrək, qonur qabıqla örtülü, çılpaq, 15-20 sm hündürlükdə yarımkolcuqdur. Yarpaqları 15–25 mm uzunluqda, 2-2,5 mm enində, yarımsilindrik, xətvari, göyümtül, kütdür. Çiçəkləri tək-tək, çiçəkaltlığı yarpaqlarının qoltuğunda sünbülvari çiçək qrupunda toplanmışdır. Qanadları tünd –qırmızı rəngdədir, aşağı üç qanadı bir qədər genişdir, böyrəkvari-dairəvi, digərləri tərs - yumurtavaridir. Tozcuq cıxıntıları lansetvaridir.[3]
Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may-iyun aylarına təsadüf edir. Kserofit, işıqsevən, duzlaşmaya davamlıdır. Toxumla çoxalır. Düzən, dağətəyi sahələrdə şoranlı, taxıllı, müxtəlifotluluq, qruplaşmaların tərkibində rast gəlinir.[4]
Naxçıvan düzənliyi (Ordubad rayonu – Kotam və Kilit kəndləri ətrafı).
Məhdudlaşdırıcı amillərin təsirinə məruz qalması populyasiyanın azalma tendensiyasını sübut edir.
Antropogen amillər sayılır (otarılma, tapdalanma).
Mühafizə üçün xüsusi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsiri azaltmaq üçün yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.