Küngüt qalası - Küngüt kəndində nisbətən yaxşı araşdırılmış tarixi abidələrdən biri Kilsədağın üzərindəki VI-VII əsrlərə aid qala.[1]
Orta əsrlərə aid Küngüt qalası düzbucaqlı formadadır. Uzunluğu 120 m, eni isə 42 metrdir. Qalanın divar və bürcləri cənub və qərb tərəflərdə nisbətən yaxşı qalmışdır. Divarların qalınlığı 2 metr, hündürlüyü isə müxtəlif yerlərdə 2 metrlə 5 metr arası dəyişir. Qalanın bürcləri də düzbucaqlı formalıdır və qalanın iki darvaza yeri vardır. Əsas darvaza yeri cənub tərəfdə, ikinci darvaza yeri isə şimal-qərb tərəfdə yerləşir. Qalanın ikinci darvaza yeri birincisinə nisbətən xeyli kiçikdir. Abidə əhəng məhlulu ilə, çaydaşından hörülmüşdür. Onun tikintisində kərpicə və digər inşaat materiallarına təsadüf edilməmişdir. Qala ilkin formasını saxlaya bilməyib. Küngüt qalasında aparılmış arxeoloji qazıntılar nəticəsində mədəni təbəqədə əldə edilmiş saxsı materialların IX-X əsrlərdə geniş istehsal olunan qablara aid olduğu müəyyən edilmişdir. Tədqiqatçı F.Qədirov Küngüt qalasının əsasının IV-VI əsrlərdə qoyulduğunu, VII-VIII əsrlərdə bu qaladan geniş istifadə olunduğunu, IX əsrdə Qəbələ və Şəkinin müstəqil feodal hakimliklərinə son qoyulması və ya səlcuqların buraya yürüşləri dövründə dağıldığını qeyd edir.[1][2]
Qalanın əsas giriş darvazası iki tərəfdən dördkünc bürclə qorunur. Tədqiqatçı A.Qaraəhmədova, bu girişdən 10-12 m aralı şərqə tərəf olan hissədəki (qaladan çöldə) məbədin VI-VII əsrdə tikildiyini güman edirdi.[3]