Kür dağarası çökəkliyi təbii vilayətinin iqlimi

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Kür dağarası çökəkliyi təbii vilayətinin iqlimi- Kür-Araz təbii vilayəti iqlim şəraitinə görə, əsasən, qışı mülayim, yayı quraq və isti keçən yarımsəhra və quru çöl iqlim tipinə aiddir. Məlum olduğu kimi, günəş radiasiyası Yerdə əsas istilik mənbəyi olmaqla, təbiətdə gedən bütün proseslərin baş verməsi üçün enerji rolunu oynayır. Kür-Araz ovalığı coğrafi mövqeyinə görə Günəşdən böyük miqdarda istilik enerjisi alır. Bu vilayət günəşli saatların davamiyyətinə görə respublikada Naxçıvan MR və Abşeron rayonundan sonra üçüncü yeri tutur və burada günəş parıltılı saatların illik miqdarı 2200–2400 saat arasında dəyişir. İllik günəşli saatların 40–45%-i yay aylarında müşahidə edilir. Günəşli saatların maksimum miqdarı iyul-avqust, minimum miqdarı isə dekabr-yanvar aylarına təsadüf edir. Düzənlikdən Böyük və Kiçik Qafqaz vilayətlərinə doğru getdikcə, buludluluq artdığına görə günəşli saatların miqdarı azalır, bu da ümumi günəş radiasiyasının miqdarının azalmasına səbəb olur. Ümumi günəş radiasiyasının kəmiyyəti günəş şüalarının düşmə bucağından, buludluluqdan asılı olaraq dəyişir. Vilayət daxilində ümumi günəş radiasiyasının illik kəmiyyəti 125–135 kkal/sm2 il arasında tərəddüd edir [Azərbaycanın iqlimi, 1968., Şixlinski Ə.M., 1969]. Ümumi günəş radiasiyasının kəmiyyəti martdan başlayaraq tədricən artır, iyun-iyul aylarında maksimuma çatır. Avqustdan başlayaraq onun kəmiyyəti azalır və dekabr-yanvar aylarında minimum kəmiyyət qeyd olunur. Maksimum kəmiyyəti (yayda) 17–29 kkal/sm2, minimum kəmiyyəti isə (qışda) 4–5 kkal/sm2 arasında dəyişir. İllik radiasiya balansı 45–50 kkal/sm2-dır. Ovalığın şərq qurtaracağında, yəni Xəzər dənizi sahillərində radiasiya balansının illik kəmiyyəti mərkəzi və qərb hissələrə nisbətən 2,5–3,0 kkal/sm2 çox olur. Radiasiya balansının maksimum kəmiyyəti iyun-iyul aylarında 7,5–9,0 kkal/sm2 olmaqla dekabr-yanvar aylarında 0,2–0,5 kkal/sm2-ə qədər azalır (minimum kəmiyyəti) [Uluxanov N.D., 1986]. Kür-Araz vilayətində havanın temperaturunun orta aylıq və orta illik kəmiyyətləri də qeyri-bərabər paylanır. Bu fərq vilayətin şərq hissəsində, xüsusən Cənub- Şərqi Şirvan və Salyan düzlərinin Xəzər dənizi ilə təmasda olduğu ərazidə daha aydın nəzərə çarpır. Belə ki, əgər Salyanda havanın orta illik temperaturu 14,6ºC olursa, bu göstərici Cəfərxanda 14ºC, Beyləqanda isə 13,8ºC olur. Bunun əsas səbəbi ilin soyuq dövründə Xəzər dənizinin yumşaldıcı təsiridir. Xəzər sahillərindən qərbə doğru irəlilədikcə havanın həm orta aylıq, həm də orta illik temperaturu azalır. Ərazidə yanvar ayının orta temperaturu 1,0–3,0ºC arasında dəyişir. Yanvar ayında daha yüksək temperatur vilayətin şərq hissəsində müşahidə edilir (3,0ºC).Sabirabadda isə yanvarın orta temperaturu 1,2ºC-dir. Eyni zamanda Böyük və Kiçik Qafqaz dağlarına doğru getdikcə orta aylıq temperaturun azalması müşahidə olunur. Ən isti aylarda (iyul-avqust) havanın orta temperaturu 25,5–27,0ºC arasında dəyişir (şəkil 6.3).

Ərazinin düzən relyefə malik olmasına baxmayaraq, burada termik rejim fərqlidir. Buna görə də burada müxtəlif kənd təsərrüfatı işlərinin aparılmasında fərqlər nəzərə çarpır. Bu da bitkilərin vegetasiya dövrünün davamiyyətinə, məhsulun yetişmə tarixlərinin fərqli olmasına səbəb olur. Atmosfer sirkulyasiyasından və temperatur şəraitindən asılı olaraq ilk ayazlar müxtəlif tarixlərdə müşahidə edilir. Şaxtasız dövrün orta davamiyyəti 235–265 gün olub, ən az 200–210 gün, ən çox 260–330 gün davam edir. Ovalığın şərq hissəsində, yəni Xəzər dənizi sahillərində ayazlar nisbətən gec başlanır və tez qurtarır. İlk və son ayazların müşahidə edilməsi və şaxtasız dövrün davamiyyəti respublika ərazisinə şimaldan soyuq hava kütlələrinin daxil olması ilə əlaqədardır. İlk şaxtaların tez düşməsi kənd təsərrüfatına çox böyük ziyan vurur. Ərazidə havanın maksimum temperaturu iyul-avqust aylarında, 40ºC civarında müşahidə edilir. Burada havanın mütləq minimum temperaturu −1ºC ilə −26ºC arasında dəyişir [AR aqroiqlim atlası, 1993., Azərbaycanın iqlimi, 1968]. İqlim ehtiyatlarının öyrənilib qiymətləndirilməsində havanın rütubətinin də xüsusi rolu vardır. Rütubətin paylanmasına atmosfer sirkulyasiyası və səth örtüyü böyük təsir göstərir. Havanın rütubətlənməsində eyni zamanda müxtəlif hava kütlələrinin əraziyə daxil olması da mühüm əhəmiyyət kəsb edir. Xəzər dənizi, çaylar, göllər, su anbarları, torpaq və bitki örtüyü havanın rütubətlənməsində yerli mənbə rolunu oynayır və müəyyən əhəmiyyətə malikdir. Havanın nisbi rütubətinin illik gedişi temperaturun illik gedişinin əksinədir. Yəni, nisbi rütubətin maksimum kəmiyyəti səhər və axşam, minum kəmiyyəti isə günorta vaxtı müşahidə edilir. Ovalığın şərq hissəsində nisbi rütubətlik qərb hissəyə nisbətən daha çoxdur. Havanın nisbi rütubətinin illik gedişi 50–51%-lə 70–71% arasında tərəddüd edir [Rəhimov X.Ş., Həsənov M.S., 2008] Bitkilərin inkişafında, insanların əmək fəaliyyətinin daha məhsuldar olmasında havanın nisbi rütubətinin əsasən saat 1300- radələrində 30% və daha az müşahidə edildiyi günlərin sayı da vacib iqlim elementidir. [Selyaninov Q.T., 1961] Kür-Araz ovalığında havanın nisbi rütubətinin bu göstəricisi 3–30 gün arasında dəyişir. Torpaq səthində və əkin qatında temperaturun öyrənilməsi də kənd təsərrüfatı istehsalının təşkilində müstəsna rol oynayır. Kür-Araz ovalığında torpağın temperaturu onun tipindən və bitki örtüyünün xarakterindən asılı olaraq qeyri-bərabər paylanır. Torpaq səthinin ən aşağı temperaturu yanvarda müşahidə edilir və 1ºC-dən 3,5ºC-ə qədər dəyişir. Ovalığın qərbində yanvarda torpaq səthində orta aylıq temperatur −1,3ºC, şərqində isə 3,4ºC-dir. Belə hal Xəzər dənizinin ovalığın şərq tərəfinə yumşaldıcı təsiri ilə bağlıdır. Torpaq səthinin daha yüksək temperaturu iyul ayında müşahidə edilir və 32–35ºC arasında olur. Bütün ovalıqda torpaq səthində temperatur saat 13°°-da daha yüksək olur. Bu saatda temperatur yanvarda 7–11ºC, iyulda isə 50–57ºC arasında müşahidə edilir. Təbii vilayətin ərazisində torpaq səthində ən aşağı temperatur gecə saat 01°°-da müşahidə olunur. Bu göstərici yanvar və fevral ayları istisna olmaqla qalan aylarda müsbətdir. Ən aşağı göstərici (gecə saat 01°°-da) yanvarda 0ºC-2,0ºC, ən yüksək isə iyul və avqust aylarında 19–23ºC arasında müşahidə edilir. Qışda sutkalıq temperatur amplitudu (saat 13°° ilə 01°° arasında fərq) 8–12ºC, yayda isə 30–35ºC olur. Əkin qatında torpağın temperaturu onun tipindən. mexaniki tərkibindən və rütubətlənməsindən asılı olaraq dəyişir [Səfərov S.H., 2000]. Ərazinin Böyük Qafqaz, Kiçik Qafqaz, Talış dağları və Xəzər dənizinin əhatəsində yerləşməsi burada atmosfer sirkulyasiyasına böyük təsir göstərir. Vilayətdə daha çox yerli küləklər – briz, fyön, ağ yel, qara yel və s. müşahidə edilir [Xəlilov S.H., Səfərov S.H., və b. 1990]. Yayda burada şərq və cənub-şərq küləkləri, qışda isə qərb və şimal-qərb küləkləri üstünlük təşkil edir. Qərbdən şərqə doğru küləyin orta illik sürəti yüksəlir. Yazın axırı və yayda burada quru, isti külək olan ağ yel müşahidə olunur. Bunlar davamiyyətli olduqda kənd təsərrüfatına böyük ziyan vurur. Onlar əsasən cənub və cənub-şərqdən əsir. Bəzən bu küləklər zamanı havanın temperaturu 40ºC-yə qədər yüksəlir, nisbi rütubət isə 20–25%-ə qədər aşağı düşür. Kür-Araz vilayətində atmosfer yağıntıları da il ərzində qeyri-bərabər paylanır. Burada yağıntıların orta çoxillik kəmiyyəti 200–450 mm arasında dəyişir [Məmmədov R.M., Səfərov S.H., və b.2009]. Şərqdən-qərbə və dağlara doğru yağıntıların miqdarı artır. İlin isti dövründə (aprel-sentyabr) yağıntıların paylanması onların illik paylanmasına müvafiqdir. İsti dövrdə vilayətin şərq hissəsində və dəniz sahili regionlarda yağıntının miqdarı daha az olur (50–100 mm). Kür çayının vadisi ilə qərbə, Böyük və Kiçik Qafqaza doğru, eləcə də Lənkəran istiqamətində yağıntıların miqdarı çoxalır və 100–250 mm-ə çatır. Mövsümlər üzrə də yağıntıların paylanması ilin isti və soyuq dövrlərindəkinə bənzəyir. Yazda dəniz sahili regiona 100 mm-ə qədər yağıntı düşür və kənarlara doğru onun miqdarı artır. Yay aylarında yağıntılar, xüsusən şərq hissələrdə daha çox azalır ( 25 mm-ə qədər). Payızda yağıntıların paylanması yaz və yaydakından fərqlənir. Ovalığın mərkəzi hissəsində düşən yağıntılar 50–100 mm-ə qədər olur. Qışda isə Azərbaycanın digər ərazilərinə nisbətən daha az yağıntı düşür (şəkil 6.4). Yağıntıların illik miqdarının gedişində vilayətin şərq hissəsi daha çox fərqlənir. Burada yağıntıların miqdarı noyabr və aprel aylarında maksimum, iyul-avqust aylarında isə minimum olur. 1 mm və daha az yağıntılı günlərin sayı iyul-avqust aylarında mərkəzi və şərq hissədə 60–70 gün, dağətəyi hissələrdə isə 80–90 gün təşkil edir. 30 mm və daha çox yağıntı düşən günlərin sayı isə sahil zonasında 0,5 gün, mərkəzi hissədə 1,0 gün, dağətəyində 1–2 gün olur. Buxarlanma qabiliyyətinin kəmiyyətinin təyin edilməsi böyük nəzəri və praktiki əhəmiyyətə malikdir [SSRİ iql. sor. kitabı. b. 15. IV cild, 1969]. Çünki ilin isti dövründə suvarma normasının təyin edilməsi həmin dövrdə mümkün buxarlanmanın kəmiyyəti ilə sıx əlaqədardır. Vilayət ərazisində illik mümkün buxarlanma 850–1150 mm arasında dəyişir. Minimum buxarlanma 15–30 mm olmaqla yanvarda, maksimum isə 130–210 mm olmaqla iyulda müşahidə olunur. Avqustdan başlayaraq buxarlanmanın miqdarı azalır və yanvarda minimuma düşür. Buxarlanmanın qeyri-bərabər paylanması onun fəsillər üzrə gedişində də aydın nəzərə çarpır. Qışda mümkün buxarlanma 60–100 mm, yazda 150–260 mm, yayda 360–570 mm, payızda 170–230 mm təşkil edir. İlin isti dövründə mümkün buxarlanma 600–900 mm, soyuq dövründə isə 190–260 mm olur.

Kür-Araz vilayətində qar örtüyü çox zəif olmaqla nadir hallarda müşahidə olunur. Qar örtüklü günlərin sayı 5–15 gün arasında dəyişir. Qar örtüyünün yaranmasının orta tarixi 31 dekabr-15 yanvardır. Ən tez 1–20 noyabrda, ən gec isə 5 fevral-25 martda ola bilər. Vilayətin ərazisində qar örtüyünün əriməsinin orta tarixi 20 fevral- 5 mart arasına təsadüf edir [Məmmədov Ə.S., 2013]. Zərərli atmosfer hadisələrindən ən təhlükəlisi doludur. Dolu kənd təsərrüfatına böyük ziyan vurmaqla tarla və bağları məhv edə bilir. Vilayətdə orta hesabla ildə 1 gün dolu müşahidə edilir. Ovalıqda zərərli hadisələrdən biri də toz burulğanlarıdır ki, onların orta illik sayı ildə 0–7 gün olur və əsasən yay aylarında müşahidə edilir. Toz burulğanları müşahidə edilən günlər ən çox 5–7 gün olmaqla, dəniz sahili zonanı, xüsusən Muğan və Salyan düzlərini əhatə edir. Bu küləklər bəzən "qara yel" adlanmaqla kənd təsərrüfatına böyük ziyan vurur.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycan Respublikasının Coğrafiyası. III cild. Regional Coğrafiya. Bakı, 2015. səh 400.(M.S.Həsənov, X.Ş.Rəhimov)