Bu məqaləni vikiləşdirmək lazımdır. |
1945-ci ilin yazı keçmiş Sovet ordusuna qələbələrlə gəlmişdi. Belə ki, Sovet ordusunun hücum edən hissə və birləşmələri Baltik dənizinin sahillərinə çıxmış, şərqi Pomeraniya ilə qərbi Pomeraniyanı bir-birindən ayırmış, Baltik dənizi sahillərində Visla çayından Oder çayınadək olan ərazini hitlerçi qoşunlardan təmizləmişdi. Həmin dövrdə cənub tərəfdən hücuma keçmiş Sovet qoşunları Heyes çayına çatmışdı. Polşa ərazisi düşməndən tamamilə azad edilmişdi.Hitler ordusu Sovet qoşunlarının yeni zərbələrini gözlədiyindən öz müdafiəsini mümkün qədər qüvvətləndirməyə səy göstərir və bunun üçün əlindən gələn bütün tədbirləri görürdü. Faşistlər Oder çayı ilə Berlin arasında 100 kilometrədək dərinlikdə uzanan möhkəm müdafiə sistemi yaratmışdı. Bu məqsədlə bir çox çaylardan, kanallardan, göl və dağlardan, sıx meşələrdən istifadə edilmiş, geniş mina sahələri yaratmış, məftilli çəpərlər çəkilmişdi. Möhkəm daşlardan tikilmiş kənd binaları güclü dayaq məntəqələrinə çevrilmişdi.
5-ci zərbə ordusunun tərkibinə daxil edilmiş 416-cı diviziya çox mürəkkəb və çətin vəzifələr yerinə yetirməli idi. O, Oder çayını keçməli və Küstrin şəhərini tutmalı idi. Küstrin şəhəri Berlinə gedən yolda möhkəm bir qala idi. Küstrin uğrunda döyüşlərə başlamamışdan əvvəl diviziyada polk komandirlərinin siyasi hissə üzrə müavinlərinin, təşviqatçıların, müşavirəsi keçirilirdi. Bundan başqa fəal əsgərlərin toplanışı, döyüşçülər və serjantlarla müsahibələr təşkil edilirdi. Bütün bu tədbirlər qarşıda duran döyüş tapşırığının müvəffəqiyyətlə yerinə yetirməsinə doğru yönəldilmişdi. Həmçinin diviziyanın "Krasnoarymeyets" qəzeti öz səhifələrində döyüşlərdə əldə edilmiş təcrübəni geniş işıqlandırırdı.
Yığıncaqlarda, təşviqatçıların müsahiblərində, fəal əsgərlərin müşavirə və toplanışlarında, "döyüş vərəqələr"ində əsas diqqət faşistləri tezliklə məhv etmək və Berlinə doğru yol açmaq məsələlərinə verilirdi. Müsahibələrdə gənclərə Qafqaz uğrunda, Taqanroq, Melitopol, Nikolayev və Odessa uğrunda döyüşlərdə Ukraynanın və Moldoviyanın azad edilməsi uğrunda gedən vuruşmalardan geniş söhbət açılırdı. Adətən bu tip müsahibələrdə gəncləri diviziyanın fəal döyüşçülərindən olan Aleksandr Matrosov, İdris Süleymanov, Qafur Məmmədov kimi igidliklə vuruşmağa çağırırdılar.
Habelə diviziyanın siyasi şöbəsi düşmənin Küstrin qarnizonu içərisində pozğunluq salmaq üçün böyük iş aparırdı. Kəşfiyyatçı və təşviqat maşınları vasitəsilə düşmənin yerləşdiyi rayonlara minlərlə vərəqələr atılırdı. Bundan başqa səngərlərdə yerləşən ucadanışan radio qurğuları vasitəsilə alman və başqa dillərdə verilişlər təşkil edilirdi. Diviziyanın hissələrində, bölmələrində aparılan böyük siyasi iş Küstrin əməliyyatının müvəffəqiyyətlə davam etməsinə müsbət təsir göstərmişdi.
... Düşmən yunkerlər məktəbinin binasında yerləşmişdi. Faşistlər bir gün ərzində 1-ci batalyon üzərinə dörd dəfə əks-hücuma keçmişdi. Bu əks hücum zamanı faşistlər serjant Kamışanovu yaralasa da, onun pulemyotu bir dəqiqə də olsun susmamışdı. Faşistlər hiylə işlədərək, igid döyüşçünü mühasirəyə almağa çalışdıqda o yaralı olduğu halda 50-yə qədər faşist məhv etmişdi. Düşmən tərəfindən atılan qumbara Kamışanovun vəfatına səbəb oldu. İgid pulemyotçuya ölümündən sonra Sovet İttifaqı Qəhrəmanı adı verildi. Həmin günlərdə ən vacib döyüş tapşırıqlarından biri də Oder çayını keçmək idi. 416-cı atıcı diviziyası 60-cı qvardiya diviziyasının 180-ci qvardiya polkunun hissələri ilə birgə əməliyyat apararaq fevralın 2-də, günün axırında Oderə hücum etdilər. Faşistlər ciddi müqavimət göstərməklə özlərinin məhv olmaq saatlarını uzada bilmədilər. Şanlı Taqanroq diviziyasının döyüşçüləri bu vuruşmada da böyük igidlik, məharət və cəsarət nümunələri göstərdilər.
1373-cü polk fevralın 3-də Oderin şərq sahilində, Küstrin şəhərinin şərq tərəfi istiqamətində düşmən üzərinə hücum etdi.
1368 və 1374-cü polklar fevralın 4-də Noy-Amerika rayonunda dəmiryolunu ələ keçirdi və qəti hücumla Kitserbuş yaşayış məntəqəsini tutdu. 47-ci qvardiya atıcı diviziyası həmin rayonda düşməni müvəffəqiyyətlə sıxışdırırdı. Bundan istifadə edən taqanroqçular Oder çayını keçdilər və geniş ərazidə hücumu davam etdirdilər. Bahəddin Mirzəyevin igidliklə döyüşən topçuları Oder çayını birinci keçənlər sırasında idi. Qoçaq Mirzəyevin atdığı top gülləsi 2 "Pələng" tipli tankın qülləsini göyə sovurdu.
Azərbaycanın qorxmaz əsgərləri yeddi gün ağır döyüşlər apardılar. Düşmən qüvvələrini dəf edildikdən sonra, yaralanmış Mirzəyev əsgərlərə icazə verdi ki, onu tibb məntəqəsinə aparsınlar. Bu qorxmaz döyüşçünün igidlikləri Sovet İttifaqı Qəhrəmanı adı ilə qiymətləndirildi.
Baş serjant Bədəlovun topçu dəstəsi də düşmənə qarşı igidliklə vuruşurdu.
Küstrin şəhərinin yaxınlığında düşmən çoxlu piyada qüvvəsi toplamışdı. Səhər tezdən faşistlər əks-həmləyə keçdilər. Düşmənin on tankı Bədəlovun topçu dəstəsinə doğru irəliləyirdi. İgid topçular düşməni lap yaxına buraxır, sonra isə düşmən tanklarına atəş açırdılar. Onlar iki tankı sıradan çıxardılar. Qalan tanklar isə geriyə dönməyə məcbur oldu.. Başqa bir döyüşdə baş serjant Bədəlovun topçu dəstəsi faşistlərin iki pulemyot nöqtəsini, çoxlu minaatanını, 300 nəfər əsgər və zabitini məhv edir.
Baş leytenant Əmrah Əmrahovun batareyası Oderdə qəhrəmancasına vuruşurdu. İgid topçular düşmənə qarşı dəfələrlə ciddi döyüşlər keçirmiş, faşistlərin onlarca tankını məhv etmişdilər. Cəsur topçular haqqında "Bakinski raboçi" ("Bakı fəhləsi") qəzeti oçerk və hekayələr dərc etmişdi.
Düşmənin Küstrin qrupunun mühasirəsi başa çatdırılmışdı. Mühasirə halqası getdikcə daralırdı. Düşmən özünün əsas qüvvələri ilə birləşmək üçün mühasirə halqasını yarmaq istəyirdi. Lakin əsgərlər hər dəfə faşistlərin planını pozurdu. Faşistlər Sovet qoşunlarının zəif tərəfini yoxlamaq üçün topların yerini tez-tez dəyişir və onlardan güclü atəş açırdılar. Bütün gecə ərzində diviziya azacıq irəlilədi və Küstrin şəhərinin yarım kilometrliyində yerləşmiş istehkam xəttinə çatdı.
Topçular şəhərin ələ keçirilməsi uğrunda döyüşlərdə həlledici rol oynayırdılar. Günorta zamanı düşmən fəallıq göstərməyə başladıqda igid döyüşçülər onların yerləşdirdiyi məntəqəyə hücum və həmlələr yetirməyə başladılar.
Faşistlər bir yaşayış məntəqəsində çoxlu qüvvə toplayıb əks-hücuma keçdilər. İgid piyadalar düşmənə bütün silah növlərindən güclü atəş açdılar. Elə bu zaman baş leytenant Biryulnin topçuları gözlənilmədən elə güclü atəş açmağa başladılar ki, düşmən lap özünü itirdi. Mərmilər lap hədəfə dəyirdi. Döyüş meydanında onlarca faşist yırtıcılarının meyiti qalmışdı.
Beləliklə də faşistlərin əks-hücumu boşa çıxdı.
Fevralın 6-da 1374-cü atıcı polkunun döyüş sıralarına beş düşmən tankı basqın etdi. Polkun əsgərləri misilsiz bir qəhrəmanlıqla vuruşaraq, həmin tankları məhv etdilər. Faşistlərin "Kurmak" tank polkunun komandiri vurulan tanklardan birinin içərisində idi. O, əsir alındı və diviziyanın qərargahın gətirildi.
Bu qısa vuruşmada leytenant Abdulla Abdullayevin komandanlıq etdiyi 45 mm-lik toplar vzvodu xüsusilə fərqlənirdi. Topçular cəld və qətiyyətlə hərəkət edirdilər. Top komandiri baş serjant İshaq Allahverdi oğlu Qurbanov iki faşist tankını məhv etmişdi. Nişançı Əhməd Arifov isə iki faşist tankını məhv etmiş və üç faşist tankçısını əsir tutmuşdu. Alman faşistlərinin tank polkunun komandiri bu əsirlərin sırasında idi.
1945-ci ilin fevralın 11-dək diviziyanın hissələri tutduqları mövqeləri genişləndirmək üçün şiddətli döyüşlər aparmışdı.
1373-cü atıcı polku həmin il fevralın 17-də Oder çayını keçmiş və Küstrinin şimal tərəfinə çatmışdı.
1054-cü artilleriya polku fevralın 18-də səhər hərbi sursatın Oderin qərb tərəfindən şərq sahilinə daşınmasını başa çatdırdı və Tamzel rayonunda yerləşməyə başladı. 1373-cü polkun mövqelərinə qarşı əks-hücuma keçdilər. Bu əks-hücumda düşmənin 1-ci piyada polku, 25 tankı, 7 özüyeriyən topu iştirak edirdi.
Tanklar üç sıra ilə hücuma keçmişdi. Aralarında isə özüyeriyən toplar irəliləyirdi. Tankların ardınca piyadalar gəlirdi. Toplardan və minaatanlardan açılan atəş düşmən piyadalarının irəliləməsinə mane olurdu. Bu gündə düşmən beş dəfə əks-hücuma keçmişdi. Lakın Sovet əsgərləri öz mövqelərini əldən vermədilər. Şiddətli vuruşmada faşistlər 3 tank, 1 özüyeriyən top, 600 əsgər və zabit itirdi.
1373-cü atıcı polkunun 3-cü batalyonu 1945-ci il fevralın 26 -27-də gecə, sağ cinahda müdafiəni möhkəmləndirmək üçün 200 metr sağa doğru irəliyə hərəkət etdi. Beləliklə, 60-cı qvardiyaçı diviziyanın 185-ci atıcı polku ilə sağ cinahda düşmənə qarşı birgə əməliyyat aparılması təmin edildi.
Diviziya tutduğu mövqeni möhkəm müdafiə etməklə yanaşı, hissələri yeni hücuma hazırlayırdı. Diviziyada taktiki və nişanvurma məşğələləri keçirilirdi. Həmin təlim məşğələləri davam etdirilərkən 1373-cü polk müdafiə mövqeyini möhkəm əldə saxlamaq üçün şiddətli vuruşma aparırdı. Bu zaman 1368 və 1374-cü polklar Smol. Drevtsden iki kilometr şərqdə yerləşmişdi. 1368 və 1374-cü polklar Küstrini ələ keçirmək üçün hücumu genişləndirməkdə 295-ci atıcı diviziyaya kömək etməklə bərabər, özləri də həmin diviziya ilə birlikdə şəhərə daxil olmağa hazırlaşırdılar. Şəhər ələ keçirdikdən sonra Varta çayının şimal-şərq sahilinə çıxmaq və bir atıcı polk vasitəsi ilə çayı keçmək, Küstrin dəmiryol stansiyasını tutmaq vəzifəsi qarşıda dururdu.
295-ci atıcı diviziyası Noyştadt şəhərini müdafiə edən faşist qoşunlarına qarşı döyüşməli idi. Küstrin şəhərini bir rota piyada, macar piyada polkunun 89-cu bölməsi (150 nəfərədək), 50 ehtiyat sapyor batalyonu, 50 ehtiyat motorlu batalyon, ehtiyat zabit məktəbi, 1450-ci istehkam piyada batalyonu müdafiə edirdi. Düşmənin artilleriya polku, üç minaatan batareyası var idi ki, bunlardan da ikisi ağır minaatanlar batareyası idi. Faşistlər müdafiə xəttində çoxlu səngər, taxta-torpaq atəş nöqtəsi hazırlamış, zirehli maşınlara, tanklara qarşı xəndəklər qazımışdı.
Şəhərdə müdafiə xəttini sürətlə yarmaq çox çətin idi. Çünki daş evlər, zavodlar, kazarmalar, dəmiryol stansiyası-hər şey müdafiə vasitəsinə çevrilmişdi. Düşmən Noyştadın şimal tərəfini xüsusilə möhkəmlətmişdi. Burada düşmənin səhra müdafiə istehkamlarından başqa, qala qurğuları da var idi. Düşmənin müdafiəsinin zəif cəhəti hissələrinin qarışıq olması idi. Bu, idarə və qarşılıqlı əməliyyatı təşkil etməyi, Oderin qərb sahilində yerləşmiş ehtiyat hissələrindən istifadə etməyi çətinləşdirirdi.
Düşmən Küstrinin müdafiəsinə xüsusi əhəmiyyət verirdi. Çünki o, Berlin istiqamətində möhkəm qalalardan biri idi. Varta və Oder çayları Küstrin şəhərini üç yerə - Noyştadt, köhnə Küstrin və Kits qəsəbəsinə bölmüşdü. Küstrin qoşun qruplarının təchiz edilməsi körpülərin saz halda olub-olmamağından asılı idi.
Şəhərin içərisindən iki böyük çayın keçməsi Sovet qoşunlarının əməliyyatını bir az da mürəkkəbləşdirirdi. Küstrin şəhərindən dəmir yolu və dörd şose yolu keçirdi. Şəhərdə müxtəlif zavodlar, fabriklər var idi. Şəhərin şimal hissəsində istehkamlar tikilmişdi, küçələrdə barrikadalar düzəldilmişdi, küçələrin tinində atəş nöqtələri var idi. Varta çayının Oderə töküldüyü yerin eni 100-120 metr, dəmiryol rayonunda isə 150 metr idi. Çayın sahili düzənlik idi. Oder çayının eni Küstrin rayonunda 250 metrdən az deyildi. Sahili gil torpaq idi, bəzi yerlərində isə uçurumlu qayalıqlar var idi. Bütün bunların hamısı ordunun qərargahından döyüşü düzgün planlaşdırmağı, qarşılıqlı əməliyyatı diqqətlə təşkil etməyi tələb edirdi. Həm də belə bir şərait qoşunlara rəhbərliyi də mürəkkəblədirdi. Ciddi kəşfiyyat aparıldıqdan sonra diviziya komandiri 1368 və 1344-cü polkları Smol. Drevitsn şimal-şərq rayonuna yeridir. Diviziya komandiri Varda çayı üzərindəki körpünü ələ keçirməyi, çayı keçməyi, Küstrin qalasını tutmağı və düşmənə aman verməyib Oder çayını keçməyi qərara aldı.
Diviziyanın sərəncamına iki tank rotası, 1368-ci atıcı polka 6 ağır tank, 1374-cü atıcı polka isə 9 ağır tank verildi.
416-cı və 295-ci atıcı diviziyalarının əməliyyatına 300-cü hücumçu aviasiya diviziyası kömək edirdi. 1945-ci il martın 7-də güclü artilleriya atəşi hazırlığından və 295-ci atıcı diviziyası düşmənin müdafiəsini yardıqdan sonra saat 14.40 dəqiqədə 416-cı diviziyanın hissələri hücuma keçdilər. Diviziya saat 15.15 dəqiqədə Alt-Drevitsin cənub tərəfində düşmənin birinci müdafiə xəttini ələ keçirir. Saat 18.20 da 1368-ci atıcı polku bilavasitə düşmənlə üz-üzə gəlir. O, 295-ci atıcı diviziyasının 1038-ci atıcı polkunun sol cinahında əməliyyatı genişləndirərək Noyştadtın mərkəzinə doğru irəliləyir. 1374-cü atıcı polku (3-cü batalyonsuz) yunker məktəbi rayonunda 1368-ci atıcı polkundan şimal-şərqdə döyüş əməliyyatı aparırdı. Burada düşmən ciddi müqavimət göstərirdi. Polk saat 18-də irəliyə hərəkəti müvəqqəti olaraq, dayandırdı.
Polkun komandiri polkovnik Fedotovun əmri ilə batalyon şose yoluna çıxdı və buradan dəmir yolu stansiyasına doğru yenidən hücumu genişləndirdi.
Düşmən binalardan və istehkam qurğularından istifadə edərək, batalyona qarşı ciddi müqavimət göstərirdi, bəzən güclü əks-hücuma keçirdi. 1368-ci və 1374-cü polkların hissələri hər bir evi, zirzəmini düşməndən təmizləyərək, martın 8-də, günün axırında Varta çayının şimal sahilini tutdular. Onlar Noyştdat qəsəbəsini ələ keçirdilər. 1368-ci atıcı polku martın 9-da 1-ci və 2-ci batalyonun köməyi ilə suvurma stansiyasından cənub - şərqdə şose və dəmiryolu körpüləri vasitəsi ilə Varta çayını keçmək üçün bir neçə dəfə səy göstərdi. Lakin düşmənin güclü atəşi buna imkan vermədi.
1374-cü atıcı polku mart ayının 9-da Noyştadtın şərq tərəfində hitlerçilərin əks-hücumunu dəf etdi. Düşmən şəhərin mərkəzindən və şərq hissəsindəki məhəllələrdən vurulub çıxarıldı. Faşistlər şəhərin şimal tərəfinə geri çəkilərək, tutduğu mövqeləri möhkəm müdafiə etməyə başladılar. Şəhərin şimal tərəfində mühasirəyə alınmış düşmən qoşunlarının məhv edilməsi uğrunda döyüşlər aparan 416-cı diviziyanın hissələri 295-ci atıcı diviziyanın qoşunları ilə birlikdə Noyştadtdakı hərbi şəhərciyə daxil oldular. Hərbi şəhərciyin şimal hissəsində hitlerçilər 416 və 295-ci diviziyaların hissələri üzərinə bir neçə dəfə əks-hücuma keçdilər. Lakin hər dəfə düşmənin əks-hücumları dəf edilirdi. Sol cinahda pulemyotçu, kiçik serjant Yevgeni Ponomaryov döyüşürdü. O, düşmənin bütün əks-hücumlarını igidliklə dəf edərək, öz pulemyotu ilə 45 fritsi məhv etdi. Ponomaryova döyüşdə igidlik göstərdiyi üçün Sovet İttifaqı Qəhrəmanı adı verildi.
Küstrin şəhəri uğrunda vuruşmalar zamanı diviziyaya yeni gəlmiş əsgərlər böyük igidliklər göstərmişdilər. 1374-cü polkun 2-ci atıcı rotasının əsgəri İvan Tixonoviç Arşinov bir gün ərzində döyüşdə 30 nəfər faşisti məhv etmiş və 8 nəfəri əsir almışdı. O göstərdiyi igidlik və qəhrəmanlığı ilə yoldaşlarını heyran etmişdi. Vzvod komandiri döyüşdə sıradan çıxarkən o, komandirliyi öz öhdəsinə götürmüş və döyüş tapşırığını müvəffəqiyyətlə yerinə yetirməyə davam etdirmişdi.
Faşistlər beş tankı döyüşə buraxaraq itirdikləri mövqeyi ələ keçirmək istəyirdilər. Düşmən tankları yaxınlaşdırdı, tankların ardınca alman-faşist piyadaları psixi hücuma keçmişdi. Onu da qeyd etmək lazımdır ki, Küstrin uğrunda diviziya əsgərlərinin döyüş ruhu, həmçinin əxlaqi xüsusiyyətləri çox yüksək idi.
Hitlerçilər ağır tələfat verərək, zəif müqavimət göstərirdilər. Lakin buna baxmayaraq, hər bir bina döyüşlə ələ keçirilirdi.
Diviziya bir neçə gün davam edən şiddətli vuruşmalardan sonra Küstrin şəhərini düşmənin kiçik qruplarından tamamilə təmizləmək işinə başladı. Şəhərin mərkəzində düşmənin müqaviməti tamamilə qırılmışdı. 1945-ci il martın 12-də şəhər üzərində qəti və son hücum hazırlandı.
Martın 12-də səhər 295-ci atıcı diviziyasının 1042-ci atıcı polkunun yerləşdirdiyi sahədə faşistlər bir batalyondan çox qüvvə ilə əks-hücuma keçdi. Nəticədə düşmən qüvvəsinin bir hissəsi buradakı mühasirəni yarmağa müvəffəq oldu. 1374-cü atıcı polkunun komandiri, mühasirəni yarıb keçmiş düşmən qrupunu ləğv etmək üçün səhər saat 5.30-da ehtiyat qüvvəni onların üzərinə hücuma göndərdi və qısa müddətdə hərbi şəhərciyin şimal hissəsində vəziyyət bərpa edildi. Mühasirəni yarıb keçən faşist qrupu ləğv edilərkən 25 nəfər frits əsir tutuldu.
Səhər saat 5.30-da hücumçu qruplar yenidən əks-hücuma keçdilər və saat 11-də mühasirəyə alınmış düşmən qoşunlarının müqaviməti tamamilə ləğv edildi, faşistlərin Küstrin qarnizonu təslim oldu. Diviziya döyüşlərin gedişində düşmənin 1000 əsgər və zabitini, 7 artilleriya-minaatan batareyasını, 185-dən çox atəş nöqtəsini, müqavimət dayağına çevrilmiş 150 binanı məhv etmişdi. 7 top, 4 "Panser-faust" anbarı, 115 tüfəng və çoxlu hərbi sursat qənimət olaraq, ələ keçirilmişdi. 265 nəfər faşist əsgəri və zabiti əsir alınmışdı. Küstrin əməliyyatı zamanı alman faşistlərinin 3100 nəfər əsgəri və zabiti öldürülüb yaralanmış və 3584 nəfəri isə əsir düşmüşdü.
416-cı və 295-ci atıcı diviziyalarının birgə zərbəsi altında faşist yırtıcılarının mağarasına doğru yolda möhkəm qala olan Küstrin şəhəri ələ keçirildi. Bu qələbə münasibəti ilə Ali Baş Komandanlığın əmrində deyilirdi: " 1-ci Belorusiya cəbhəsinin qoşunları bu gün, martın 12-də şiddətli vuruşmalardan sonra qəti hücumla şəhər və qala olan Kistijini (Küstrin)- Berlin istiqamətində mühüm rabitə qovşağını, Oder çayı üzərində almanların güclü müdafiə məntəqəsini ələ keçirdilər".
Şəhər və qala olan Kistijini ələ keçirmək uğurundakı döyüşlərdə general-mayor Sızranovun, podpolkovnik Kurkatsivişilinin, polkovnik Fedotovun, mayor Mahmudovun qoşunları fərqlənmişdilər. Hərbi əməliyyatı əla başa çatdırdıqları üçün onlara Ali Baş Komandanlıq tərəfindən təşəkkür elan edilmişdi. Qələbə münasibəti ilə diviziyanın daha çox fərqlənmiş hissə və bölmələri:
1054-cü artilleriya polku Qırmızı Bayraq ordeni ilə; 1374-cü atıcı polku II dərəcəli Boqdan Xmelnitski ordeni ilə; 1368-ci atıcı polku III dərəcəli Suvorov ordeni ilə; 444-cü xüsusi artilleriya divizionu və 348-ci xüsusi sanitar batalyonu Aleksandr Nevski ordeni ilə təltif olundu. Oder çayı uğrunda qəhrəmanlıq göstərdiklərinə görə 1374-cü atıcı polkunun snayperi baş serjant Q.F. Senatosenkoya, 1373-cü polkun atıcı vzvodunun komandiri baş serjant S.İ. Panova SSRİ Ali Soveti Rəyasət Heyətinin Fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adı verildi.