Kəşmir

Kəşmir — Asiyada tarixi vilayət.

Qədimdə və orta əsrlərdə Hindistan ərazisində yaranmış müxtəlif dövlət birləşmələrinin tərkibinə daxil olmuşdur. Kəşmir 1586-cı ildə Böyük Moğollar imperiyasına qatıldı. 1756-cı ildə əfqanlar, 1819-cu ildə siqhlər işğal etdilər. 1846-cı ildə ingilis müstəmləkəçiləri Kəşmiri işğal edib 7,5 mln. rupi ödənclə Cammu knyazlığına verdilər. 1947-ci ilin avqustunda yaradılan müstəqil Hindistan və Pakistan dövlətləri Kəşmiri öz ərazilərinə birləşdirməyə cəhd göstərdilər.

Pakistanın Kəşmirə 22 oktyabr 1947-ci il silahlı müdaxiləsi BMT Təhlükəsizlik Şurasının vasitəçilik komissiyası tərəfindən 1 yanvar 1949-cu il tarixdə dayandırıldı. Kəşmirin şimal-qərbi Pakistanın, qalan (əksər) hissəsi isə Hindistanın nəzarəti altına keçdi. 1952-ci ilin iyulunda Kəşmirlə Hindistanın imzaladığı Dehli sazişinə əsasən Kəşmir ştat (Cammu və Kəşmir) hüququnda Hindistanın tərkibinə daxil oldu.

1956-cı il noyabrın 17-də Kəşmir Müəssislər Məclisinin qəbul etdiyi Konstitusiyaya görə, Kəşmir "Hindistan İttifaqının tərkib hissəsi" elan edildi. 1955, 1960, 1962, 1963-cü illərdə Kəşmir məsələsi üzrə BMT-dəki müzakirələr, Hindistan—Pakistan danışıqları nəticə vermədi. 1965-ci ilin sentyabrında baş vermiş Hindistan—Pakistan hərbi münaqişəsi digər dövlətlərin fəal səyi nəticəsində dayandırıldı. 1971-ci ilin dekabrında yeni Hindistan—Pakistan hərbi münaqişəsindən sonra hər iki dövlət başçısının 30 iyun—3 iyul 1972-ci il tarixlərində Simla görüşündə münaqişəli məsələləri dinc yolla nizama salmaq barədə razılıq əldə edildi. 1972-ci ilin avqustunda Dehlidə baş tutmuş Hindistan—Pakistan danışıqlarına əsasən Kəşmirdə yeni nəzarət xətti müəyyən edildi.

Pakistanın Kəşmirə olan iddiaları Hindistana nisbətən daha çox sübutlara əsaslanır.