Kəkilli pir — Zəngəzur mahalının Qafan rayonunun Yuxarı Girətağ kəndi ərazisində yerləşən ziyarətgahdır.
Şərqmeşəyə tərəf uzanan yolun üstündə, təpənin başındakı üç böyük palıd ağacı qədimdən yerli sakinlərin inam yerinə çevrilmişdi. Buradakı meşəliklər əhali tərəfindən qırılıb, tükənsə də, Kəkilli pirin palıdlarına toxunmağa heç kəs cürət etməmişdir. 1930-cu illərdə belə bir rəvayət də yayılmışdır ki, Səlimə adında bir qadın Quranı palıdın koğuşunda gizlətmiş, bir gecənin içində kitab koğuşa qovuşmuşdur. Həmin palıd ağaclarından ən ucasının qəribə bir budağı vardı. Bu budaqdakı yarpaqlar dəfnə ağacı yarpağına oxşayırdı. Görünür, həmin budağı adamlar, nə vaxtsa, ağacın kəkili hesab etmişlər və pirin Kəkilli adı da buradan yaranmışdır. Kəndin sakinləri bura dilək diləməyə gələr, qurbanlar kəsər, palıd ağaclarının koğuşlarında çıraq yandırardılar. Pirin ərazisində Zəngilan bölgəsinin hörmətli din xadimlərindən hesab edilən Seyid Mir Əhməd ağanın, bir neçə qohumlarının məzarları vardı. 1950-ci illərdən sonra ermənilərin Qafanın Pirdavdan kəndində dağıtdıqları sərdabədən Mir Əhməd ağanın qəbrini də bura köçürdülər və oğlu Mir Əli ağa atasının məzarı üstündə sərdabə tikdirdi.[1]