Kəlbəcər tuneli — Kəlbəcər rayonu ərazisində, Ağdərə-Kəlbəcər yolundan cənubda, Lacın-Kəlbəcər yolunun üzərində yerləşən strateji əhəmiyyət daşıyan tunel. Tunel 1960-cı ildə istifadəyə verilmişdir. Tərtər çayının qollarından biri olan Tutqun çayının kanyona bənzər dar dərəsinin qarşısında inşa edilmişdir[1]. Tunel rayonun 35 kəndini rayon mərkəzi ilə birləşdirir. Azərbaycanda avtomobil nəqliyyatı üçün nəzərdə tutulan ən uzun tuneldir.
Əhəng daşından təşkil olunmuş qayanın daxilindən oyulmuş tunel təxmini olaraq 200 m uzunluğa malikdir[2]. Tunelin hündürlüyü 4.70 mt, eni isə 4 mt olmaqla yalnız bir avtomoibilin hərəkətinə hesablanmışdır. Tuneldə işıqlandırma həyata keçirilməmişdir. 1993-cü ilin aprel ayının 2-sindən erməni birləşmələri tərəfindən ələ keçirilmişdir. Tunelin yerləşdiyi ərazi 10 noyabr 2020-ci ildə imzalanan atəşkəs bəyanatına əsasən 25 noyabrda Ermənistan Silahlı Birləşmələrinin Kəlbəcər rayonunu boşaldması ilə Azərbaycan Silahlı Qüvvələrinə təhvil vermişdir.[3]