Kəndxuda

Kəndxuda — bir və ya bir neçə kəndə rəhbərlik edən şəxs. Azərbaycanda XX əsrin əvvəllərində, sovet idarəçilik sistemi qurulana qədər kəndlərin idarə olunması kəndxudalara tapşırılırdı. Kənd icmasının fəaliyyətini idarə edən seçkili orqanlar sayılırdı. İcmaya aid məsələlərlə icma yığıncağı tərəfindən seçilmiş şəxslər məşğul olurdular. Belə şəxslər kəndxuda və kənd məhkəmələri idi.

Kəndxuda seçiləcək şəxslər məhkəmə qarşısında durmamalı, özünü yaxşı aparmalı, qanunla nəzərdə tutulmuş yaş həddi və daşınmaz əmlakı olmalı idi. O, öz iş yerini xəbərsiz tərk edə bilməzdi. Kənd icmasının yığıncağında kəndxudalar üç il müddətinə seçilməli idi. Kəndxudalar icmalarda baş vermiş cinayət işləri haqqında Bakı qubernatoruna məlumat verməli idilər. Lakin bəzən kəndxudalar cinayət tərkibli hadisələr haqqında məlumat vermir, özü məsələni adi hüquq norması ilə həll etməyə çalışırdılar. Öz işinə laqeyd yanaşan kəndxudaları işdən azad edirdilər.

Nüfuzlu və varlı kəndlilərdən seçilən kəndxudalar və onların köməkçiləri bir çox kəndlərdə heç bir məvacib almırdı. Yalnız Şuşa qəzasının Ovşar və Qaradolaq köçəri kəndlərində iki dövlət kəndxudası mükafatlandırılmışdı, qəzanın digər kəndlərində isə kənxudalar ya heç bir məvacib almırdılar, ya da əvəzində kəndlilərin müxtəlif xidmətlərindən istifadə edirdilər. Lakin icma tərəfindən əmək haqqı ödənilən kəndxudalar da var idi. Belə ki, Bakı quberniyası Cavad qəzasının kəndlərində inzibati qayda ilə icmaya təyin olunan kəndxudaya əmək haqqı ödənilirdi, icmanın vəzifəli şəxslərinin üzərinə düşən dövlət vergiləri isə bölgü üzrə bütün icma tərəfindən ödənilirdi.

Şuşa qəzasının köçəri kəndlərində kəndxudalar hətta ən yoxsul köçərilərin vergilərini ödəyirdi. Belə ki, kəndxudanın xidməti digər gəlirlərlə mükafatlandırılırdı. Qəzanın Ağcabədi, Pirzadlı, XəlfərəddinliEyvazlı kəndlərində hər bir ailə başçısı taxıl yığılması dövründə kəndxudaya bir cüt işçi öküz verirdi, digər kəndlərdə isə kəndlilər kəndxudanın xeyrinə bir və ya iki iş günü işləyirdilər.

  • T. Q. Əhmədova, XIX ƏSRİN SONU – XX ƏSRİN ƏVVƏLLƏRİNDƏ AZƏRBAYCANDA KƏND İCMASI, BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ, № 4,2009