Kərbəlayi Abdulla məscidi — Bakı şəhərində, Dilarə Əliyeva küçəsi 155-də yerləşən XIX əsrə aid məscid və tarix-memarlıq abidəsi. Məscid 1894-cü ildə xeyriyyəçi Abdulla Zərbəliyev tərəfindən tikdirilib.
Kərbəlayi Abdulla məscidi | |
---|---|
40°22′31″ şm. e. 49°50′11″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Bakı |
Yerləşir | Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 155 |
Sifarişçi | Abdulla Zərbəliyev |
Tikilmə tarixi | 1918 |
Üslubu | Şirvan-Abşeron memarlıq məktəbi |
İstinad nöm. | 3104 |
Kateqoriya | Məscid |
Əhəmiyyəti | Yerli əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Məscid, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Kərbəlayi Abdulla məscidinin üstündəki daş kitabəyə əsasən, məscid hicri təqvimi ilə 1336-cı (1918) ildə tikilib.[1] Ancaq giriş qapısının üstündəki kitabədə isə tikinti tarixi hicri təqvimi ilə 1311-ci (1894) il yazılıb.[1] Məscid xeyriyyəçi Bakı Şəhər Dumasının üzvü[2] Abdulla Zərbəliyev tərəfindən tikdirilib.[3]
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1933-cü ildə isə 17 idi.[4] Kərbəlayi Abdulla məscidinin də bu dövrdə axundlarından biri yaxınlıqdakı söyüd ağacından asılıb.[5] Digəri isə sürgün edilib. İlk dövrlər məscid mənzil kimi istifadə edilsə də sonradan burada karton fabriki, anbar və Rus Dram Teatrının rəssamlıq sexi fəaliyyət göstərib.[5]
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra 1992-ci ildə yerli əhalinin təşəbbüsü ilə məscidin fəaliyyəti bərpa edilib.[5] Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə isə məscid yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[6]
Məsciddə Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçmiş "Kərbəlayi Abdulla məscidi" dini icması fəaliyyət göstərir.[7]
Sal daşlarından tikilən məscidin nə günbəzi nə də minarəsi yoxdur.[1] Dəstəmazxanaya və qadınların ibadət zalına giriş ayrıdır və çöldəndir. İbadət zalının sahəsi 170 kvadrat metrdir.[1]