Kərim Atayev – Texnika elmləri namizədi.
Kərim Atayev | |
---|---|
Kərim İbadulla oğlu Atayev |
Əslən Azərbaycanın Şəki rayonundan olan Kərim İbadulla oğlu Atayev 1986-cı ildən Moskvada yaşayır. Əvvəllər Moskva Baş Sənaye Tikinti idarələrinin birində işləmişdir.
1996-cı ildə MAYİ-nin idarəetmə fakültəsinə daxil olmuş və bu ali məktəbi bitirərək yol hərəkətinin təşkili üzrə mütəxəssis olmuşdur.
2002-ci ildə professor Y.Kremenetsin rəhbərliyi ilə diplom müdafiə etmiş və ali məktəbin rəhbərliyi onu idarəetmə kafedrasında mühəndis vəzifəsində işləmək üçün saxlamağı qərara almışdır.
2003-cü ildə idarəetmə kafedrasının adı dəyişdirilərək menecment kafedrası adlanmışdır. 2003-cü ildə K.Atayev MAYİ-nin aspiranturasında təhsilini davam etdirmiş və menecment kafedrasının müdiri, texnika elmləri doktoru, professor Leonid Mirotinin rəhbərliyi ilə "Anbar logistikası texnoloji proseslərinin avtomatlaşdırılması" mövzusunda dissertasiya müdafiə etmişdir. Bu dissertasiya işinə Rusiyanın 20-dən çox texniki ali məktəbindən, o cümlədən Bauman adına Moskva Dövlət Texniki Universitetindən, Almaniyanın Maqdeburq şəhərindəki Fraunqofer adına Cəmiyyətin Sənaye Təşkili və Avtomatlaşdırılması İnstitutundan, Sankt-Peterburq İnşaat Mühəndisləri İnstitutundan müsbət rəylər alınmışdır. Texnika elmləri namizədi alimlik dərəcəsi alandan sonra Kərim Atayev menecment kafedrasında bir neçə fənn üzrə dosent vəzifəsində dərs deməyə başlamışdır. Bu fənnlərdən biri də menecmentin əsasları fənnidir.
K.Atayev 45-dən artıq elmi məqalənin, habelə "Menecmentin əsasları" və "Anbar logistikası" adlı dərs vəsaitlərinin müəllifi və ya həmmüəllifidir. Dissertasiya müdafiə edəndən sonra yazdığı "Anbar texnologiyaları: logistika və avtomatlaşdırma" kitabı MAYİ (DTU)-nun tələbə və aspirantlarının təhsilində uğurla tətbiq edilir. K.Atayev bir sıra elmi işlərin həmmüəllifidir: "Menecmentin əsasları", "İnformasiya texnologiyaları: proqramlaşdırma, idarəetmə, təlim", "Avtomobil-yol kompleksində tətbiqi informatika metodları", "Anbar logistikası", "Avtonəqliyyat sistemlərində müasir idarəetmə texnologiyaları", "Avtomatlaşdırma və idarəetmənin nəzəriyyəsi və vasitələri", "Sənayedə, tikintidə və təhsildə innovasiya texnologiyaları", "Sənayedə və təhsildə telekommunikasiya texnologiyaları" və s.
Hazırda Kərim Atayev professorlar, texnika elmləri doktorları V.Belyayev və A.Nekrasovla birlikdə yeni dərs vəsaitləri üzərində işləyir, habelə doktorluq dissertasiyası yazır.