Qaşlıq şəhəri-Sibir xanlığının paytaxtı olmuşdu. Digər adı İsker idi. Sibir şəhəri də adlanır.
Şihabuddin Mərcani hesab edir ki, bu şəhər Şeybani sülaləsinin mərkəzlərindən biri sayıla bilər.[1] XIV-XVI əsrlərdə abad tatar məskənlərindən biri olmuşdur. İrtış çayının sağ sahilində, müasir Tobol şəhəri yaxınlığında yerləşirdi. Şəhərin adının "iski (əski) yer, köhnə, qədimi yer" mənası ilə bağlı olduğunu söyləyənlər də vardır. Bu şəhərdə Sibirin istila edilməsində mühüm rolu olan kazak atamanı Yermak və Sibirin hakimi Küçüm xan (Koçum, Qoçum) arasında qanlı vuruşma olmuşdur. Küçüm xan Sibir ölkəsini islamlaşdıran hakim olmuşdu. Kuçum xan dövründən türkcə yazılmış bir risalə qalmışdır ki, Rizaəddin Fəxrəddin tərəfindən nəşr edilmişdir[2].
Kuçum (Koçum) xanın vaxtında İsker möhkəm qala sayılırdı. 1582-1585- ci illərdəki müharibədə Yermak kazak qoşunu şəhəri darmadağın edib elə dağıtdılar ki, nə tatarlar, nə də sonra şəhərin idarəsinə sahib çıxan kazaklar İskeri bərpa edib abadlaşdıra bilmədilər. Bu keçmişi gözəl şəhərin xarabalıqları hələ də durmaqda, sonralar "qardaşlıq" adı verilən qanlı işğalın əsil mahiyyətini göstərməkdədir..
İsker şəhərinin müdafiəsində, həmin həlledici vuruşda Kuçum xanın böyük oğlu Ali (Aley) şahzadə də iştirak edirdi. Itiker (Ediger) və Bekbulat adlı yerli xanlar şəhərin müdafiəsində həlak oldular. Bu qələbə çar İvan Qroznıya üç illik Livon müharibəsinin acılarını və onun məhrumiyyətlərini unutdurdu. "Sibir onun üçün sanki göydən düşdü", - deyə Karamzin yazırdı. Şəhəri fəth edən Yermaka çar iki zirehli döyüş geyimi, çar çiynindən bahalı şuba, böyük gümüş ayaq (bado) kimi fəxri hədiyyələr göndərdi. Deyilənlərə görə, bunlar çarın edam etdirdiyi knyaz Şuyskinin xəzinənin nəfinə müsadirə edilmiş əmlakından idi. Elə bu fəxri hədiyyə-zireh və qolçaqlar Yermakın ölümünə səbəb oldu-canını qurtarmaq üçün özünü çaya atan ataman Yermak zireh və bazubəndin ağırlığında boğulub öldü.[3]