Kanija müdafiəsi

Kanija müdafiəsi — 1593–1606-cı illər Osmanlı-Avstriya müharibəsi gedişində 1601-ci ildə 73 gün ərzində Kanija qalasını mühasirəyə alan Habsburq ordusuna qarşı Osmanlıların müdafiə olunması və əks-hücumudur.

Mühasirədən öncəki vəziyyət

[redaktə | mənbəni redaktə et]

1600-cü ildə Avstriyaya tərəf irəliləyən Osmanlı ordusu Kanija qalasını ələ keçirdi. Qalanın idarəsi Tiryaki Həsən paşaya verildi. Qalada 9 min əsgər və az miqdarda silah və ərzaq ehtiyatı qoyan Osmanlı ordusu geri çəkildi. Bunu fürsət bilən Avstriya ordusu 9 sentyabrda Kanija qalasına hücum etdi. Avstriyalılara bu işdə Müqəddəs Roma imperiyası, Macar krallığı, Xorvat krallığı, İspaniya imperiyası, Papa dövləti və Malta cəngavərləri də yardım edirdi. Avstriyalılar gələr-gəlməz qalanın ətraf ərazilərlə olan bütün əlqaəsini kəsdilər.

Mühasirənin gedişi

[redaktə | mənbəni redaktə et]

Avstriyalılar 35–100 min arası əsgər və 47 böyük topa malik idi. Osmanlı ordusunda isə 9 min əsgər və 100 kiçik çaplı top vardı. Həsən paşa ilk vaxtlarda yalnız tüfəng atəşi açdırdı. Bunu görən Avstriya komandiri Arxiduk II Ferdinand Osmanlıların topu olmadığını sanıb, hücuma atıldı. Türklər qəfildən toplarını işə salaraq avstriyalıları ağır itkiyə məruz qoyduı. Ağır itki verən II Ferdinand daha sərt hücumlara keçdi. Həsən paşa bunlara tab gətirsə də, müdafiənin yalnız silahla olmayacağını anlamış və psixoloji üsullara da əl atmışdı. İlk öncə qaladan kənarda ölən əsgərlərin ciblərinə yalançı informasiyalarla dolu qurama məktublar qoydurdu. Həmin məktublarda osmanlıların qalada kifayət qədər ərzaq və silaha malik olması, habelə Belqraddakı sultan ordusunun yaxınlarda köməyə çatacağı barədə yayındırıcı məlumatlar vardı.

Ferdinand bu yalan məlumatları eşidən kimi qəzəblənərək daha şiddətli hücuma başladı. Həsən paşa isə dezinformativ məktubların özlərinə xeyir əvəzinə zərər gətirməsini sanaraq, digər psixoloji vasitədən istifadə edir. Əsgərlərinə dayanmadan şən mahnılar çaldıraraq düşmən nəzərində guya türklərin arxayınlıqla hər günü bayram etməsi barədə ab-hava yaratdı. Ferdinand bu üsula da aldanmış, hər yerdə avaz-avaz bağıraraq qalaya hərtərəfli hücum edilməsini əmr edirdi. Lakin osmanlılar təslim olmağı düşünmədən, hələ də uğurla müdafiə olunurdu. Mühasirənin 2-ci ayı başladıqda qaladakı təchizatın azalması Həsən paşanı xeyli narahat etmişdi. Bu dəfə onun yardımına yüzbaşı Əhməd Ağa yetişir. O, bir neçə lazımi məhsullar olacağı təqdirdə barıt hazırlaya biləcəyini söyləmiş və təminat hazır olduqdan sonra bunu bacarmışdı da. Osmanlılar 2–3 həftə bu barıtın hesabına müdafiə olundu. Lakin bu barıt da qurtarır, ərzaq azalır, üstəlik, qarşıdan sərt qış gəlirdi. Bu şəraitdə qalanın müdafiəsi qeyri-mümkün idi. Həsən paşanın ancaq bir şansı qalmışdı. Əgər bu da baş tutmasa, qala mütləq alınacaqdı. Gecə basqını ediləcəkdi! Axşam vaxtı bütün orduya xəbər verilərək, basqına hazırlıqlar görüldü. Mühasirənin 73-cü gecəsi, yəni 18 noyabr 1601-ci ildə Həsən paşanın ordusu xaçlılara qarşı əks-hücuma keçdi. Həsən paşanın "dezinformativ məktublar" üsulu işə yarayıbmış; çünki II Ferdinand həmin məktublarda əks olunan köməkçi türk qoşunlarının yardıma yetişdiyini fikirləşərək, çoxlu sayda qoşunları ilə geri çəkildi. Xaçlılar geridə 47 böyük top, 14 min tüfəng, 60 min çadır və 15 min qazma kürək, xeyli ərzaq və Ferdinandın qzılı taxtı və otağını qoyub qaçmışdı. Həsən paşa bu zəfərini qazandıqdan sonra bəylərbəyi vəzifəsi aldı.

  • 1. Austria in conflict with the Porte, The German Political Broadsheet, 1600–1700: Vol. I, 1600–1615, Ed. John Roger Paas, (MZ-Verlagsdruckerei GmbH, 1985), 51.
  • 2. Altındiş, Ceyla — NTV Tarih — Sayı 34 — Kasım 2011 — İstanbul 1308–7878