Keçili yaşayış yeri - Keçili kəndindən şimalda, Kür çayının sağ sahilindən təxminən 1,2 km aralıda yerləşir və sahəsi 1 ha, hündürlüyü 2 m olan təpədən ibarətdir.
Arxeoloji qazıntılar nəticəsində burada düzbucaqlı evlərin qalıqları ehtimal olunan möhrə divar qalıqları üzə çıxarılıb. Eneolit təbəqəsindən dən daşları, sürtgəclər, həvəngdəstələr, obsidian və çaxmaq daşı lövhələri, saxsı qab nümunələri tapılmışdır. Keramika nümunələrinin əksəriyyətinin gilinə nəbati qarışıqlar əlavə edilmişdir. Bəzi nümunələrin üzərinə anqob çəkilib. Saxsı məmulat arasında bir neçə boyalı qab nümunəsi, daraqvari alətlə naxışlanmış saxsı qab fraqmentləri də vardır. Keçili yaşayış yeri eneolit dövrünün son mərhələsinə aiddir.