Kemali Bülbül (d. 1928[1] – ö. 23 sentyabr 2012) — Müasir türk aşıq şeirinin təmsilçilərindən biri[2].
Əsl adı Kemal Bülbül olan Kemali Bülbül 1928-ci ildə Samsun ilinin Kavak ilçəsin Kozansıkı məhəlləsində anadan olmuşdur[1]. İbtidai təhsilini doğma kəndində almışdır[1].
"Konya Aşıqlar Günü" və Türkiyənin müxtəlif bölgələrində təşkil edilən şənliklərə qatılmış və birincilik də daxil olmaqla müxtəlif mükafatlar almışdır[1].
Samsunda bir müddət "Torun" və "Vicdan səsi" qəzetlərinin naşiri olmuşdur[1].
Bir çox radio və televiziya proqramında iştirak etmişdir[1]. Onun şeirləri müxtəlif jurnallarda və qəzetlərdə dərc olunmuşdur[1].
1975-ci ildə, Xalq Ozanlarını Tanıtma və Əsərlərini Yaşatma Dərnəyinin təsisçilərindən biri olmuş və həmin dərnəyin ilk rəhbəri seçilmişdir[1]. Dərnəyin nəşrləri arasında müxtəlif aşıqlara həsr olunmuş kitabların yayımlanmasına nail oldu[1].
Müxtəlif zamanlarda bir sıra aşıqlarla tanış olmaq imkanı əldə edən Aşıq Kemalinin səkkiz kitabı nəşr olunmuşdur[1].
Uzun sürən xəstəlikdən sonra 23 sentyabr 2012-ci ildə 84 yaşında ikən vəfat etmiş[3] və Samsunun Kıranköy məzarlığındakı ailə qəbiristanlığında dəfn edilmişdir[4].
Hələ kiçik yaşlarından şeirlərlə maraqlanmağa başlamışdır[1]. Kəndlərinə gələn aşıqları dinləmiş və bu sənəti öyrənmişdir[1]. Nəticədə kiçik yaşlarından şeir yazmağa başlamış; ilk kitab 18 yaşında ikən çap olunmuşdur[1].
Şeirində insan sevgisindən dinə qədər müxtəlif mövzulara müraciət etmişdir[1].
Aşıq Kemali Bülbül şeirlərində Türkiyə sevdası ilə bərabər, bütün türk dünyasına olan sevgisini dilə gətirmişdir[2].
O, şeirlərində Azərbaycan, qırğız, boşnak, türkmən, kərkük, Kipr, tatar kimi türk soylarına olan böyük sevgisini göstərmişdir. Ziya Gökalpın düşüncələrinə hörmətlə yanaşan Kemali Bülbül yaradıcılığında türkçülük-turançılıq idealını açıqca ifadə etmişdir. Onun "Türküstan", "Ayaqlar Kıbrısda, gözlər Bosnada", "Kərküknamə", "Serblərə məktub", "Salam yolladıq", "Qara sevdam Azərbaycan" şeirləri bunlardan bir neçəsidir[2]. İnanmışdır ki, adı türk olan bir millətin azəri, tatar, türkmən, kərkük və s. adlara parçalanmışdır. Şair turançı bir düşüncə ilə belə deyir:
- Kemali Bülbül der mən Turançıyım,
- O heçlər yolçudur, mənsə hancıyım.
Kemali Bülbül Azərbaycan və onun qədim diyarı, ayrılmaz bir parçası olan Qarabağla bağlı şeirlərində sovet dönəmi illərindəki Azərbaycanın dərdləri, Azərbaycana qarşı olan haqsızlıqlar ürək ağrısı ilə dilə gətirmişdir[2]:
- Əldə, dildə təsbehimsin
- Mənə görə tək isimsin.
- Həm qardaşım, həm hısımsın,
- Azərbaycan, Azərbaycan,
- Dərdin məni üzər baycan.
1990-cı illərdə yazdığı və Qarabağ mövzusuna həsr etdiyi "Erməni zülmü" adlı şeirində döşünə düşmən silahı dayanmış Qarabağın fəryad, imdad səsinin eşidilmədiyinə üzüldüyünü dilə gətirmiş; dost görünən Avropanın erməni hiyləsinə, erməni zülmünə seyrci qalmasına, bu xainlik və qəddarlığa səssizliyinə heyrət etdiyini bildirmişdir. "Qarabağ qan ağlayır əllərim yanda", "Qarabağ ortada bəklər müdaxil" misralarında Qarabağın erməni terrorçuları tərəfindən işğalına dünyanın səssiz qalmasına etirazını ifadə etmişdir[2].
1992-ci ildə yazdığı "Serblərə məktub" şeirində serb və xorvatların müsəlman boşnakları qətl etməsini serblərin ən böyük cinayəti hesab etmiş, onların fironluğunu pisləmişdir[2].
Aşıq Kemali Bülbülə görə "Türküstan" anlayışı uca bir anlayışdır. O, Türküstan bölgəsinin keçmiş SSRİ və Çin əsarəti altında olmasını "Türküstan" adlı şeirində böyük üzüntü ilə ifadə etmişdir[2].
"Kıbrıs şehidləri", "Kıbrıs dastanları", "Ya taksim, ya ölüm", "Kıbrıs zəfəri" adlı şeirlərini türkün zəfər tarixinə həsr etmiş, vətən yolunda ölən şəhidlər anmışdır[2].
Kərkük türklərinə qarşı olan haqsızlıqları isə, "Kərküknamə" adı verdiyi silsilə şeirlərində dilə gətirmişdir[2].
Şairin barəsində yazanlar belə deyiblər[2]:
"...gözəlləmələrində vətənin gözəlliklərini tərənnüm etmiş, bacarıqlı siyasətçilər və idarəediciləri öyməkdən zövq alıb, yanlış addım atanları isə həcvlərində yerdən-yerə vurmaqdan çəkinməyib, doğruları söyləməkdən qorxmayıb..."