Kiş Tarix–Memarlıq Qoruğu

Kiş Tarix–Memarlıq Qoruğu — 2003-cü ildə Azərbaycanın Şəki rayonunun Kiş kəndi ərazisində rəsmi fəaliyyətə başlamış tarixi-memarlıq qoruğu; 2003-cü ildən 2009-cu ilədək muzey, 2009-cu ildən qoruq statuslu tarixi memarlıq irsi.

"Kiş" Tarix-Memarlıq Qoruğu Şəki şəhərinin Kiş kəndini əhatə edir. Qoruq 2003-cü ildən rəsmi fəaliyyət göstərir və 215 ha əraziyə malikdir.

Qoruğun əsas fəaliyyət istiqamətləri qoruq ərazisində dövlət nəzarətini həyata keçirmək, tarix və mədəniyyət abidələrinin mühafizəsini və toxunulmazlığını, eləcə də qoruğun inkişafını təmin etmək, təbii landşaftı qoruyub saxlamaqdır.

Kiş kəndi Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində, Azərbaycan Respublikasının qədim şəhərlərindən biri olan Şəkinin şimal-qərbində yerləşir. Kənd Şəki şəhərinin təxminən 5 km-lik məsafədədir. Dəniz səviyyəsindən 1200 m hündürlüyündə, Kiş çayının iki qolu arasında yerləşir və üç tərəfdən dağlarla əhatələnib. Kəndin 15 məhəlləsi var. Kişdə  ən qədim evlər XV-XVI əsrlərə aiddir.[1]

Kiş Alban məbədi

[redaktə | mənbəni redaktə et]

Qoruğun ərazisində Qafqazın ən qədim məbədi - Kiş Alban məbədi yerləşir. 2 min il yaşı olan Kiş Alban məbədi yalnız Azərbaycanda deyil, bütün Qafqazda ən qədim apostol məbədi sayılır. I əsrdə İsa peyğəmbərin təlimi və ya Apostol Yeliseyin bütpərəstlik kahinlərinin razılığı ilə yaratdığı bu məbədi hətta “məbəd içərisində məbəd” də adlandırmaq olar.

Bu məbəd alban abidələri içərisində xüsusi statusa malikdir. Məbəd həm memarlıq abidəsi kimi həm də tarixi abidə kimi dəyərlidir. Məbədin əsrlər boyu yerli sakinlər tərəfindən ziyarətgah kimi istifadə olunması onun müasir dövrədək salamat qalmasına səbəb olub.

Kiş Alban Məbədinin tədqiqi Qafqaz Albaniyasının tarixi xüsusiyyətlərini dəqiq müəyyənləşdirməyə imkan verib. Məbədin öyrənilməsi və bərpasına həsr olunmuş birgə Azərbaycan-Norveç “Kiş” layihəsi 2000-ci ildə məşhur Norveç alimi Tur Heyerdalın dəstəyi ilə başlayıb və 2003-cü ildə tamamlanıb. İndi isə bu məbəd Şimali Azərbaycanın  ərazisində e.ə. IV – b.e VII əsrlərində mövcud olmuş dövlətin Qafqaz Albaniyasının tarixi qoruq muzeyinə çevrilib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin 26 fevral 2003-cü il 50 saylı əmrinə əsasən “Kiş Tarixi-Memarlıq Qoruq Muzeyi” yaradılıb. 14 aprel 2009-cu ildə isə bu muzey “Qoruq” statusunu alıb.

Qoruq  “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarı ilə Dövlət Turizm Agentliyinin tabeliyinə verilib.

Hazırda “Kiş” Tarix-Memarlıq Qoruğunda arxeoloji, məişət etnoqrafik və heykəltəraşlıq nümunələri nümayiş etdirilir. Eksponatların bir qismi məbədin öz sahəsindən aşkar olunub, yerdə qalan hissəsi isə alban tarixi və mədəniyyətini əks etdirən və Azərbaycanın digər bölgələrindən tapılan nümunələrdir. Məbəd əsası qoyulduğu gündən bizim dövrümüzə qədər - 2000 illik tarixin yerüstü və yeraltı dəlillərini saxlayaraq dünyaya tanıtdırır. Kiş layihəsi tarixi və mədəni irsin öyrənilməsi və qorunmasının gözəl nümunəsidir.

Kiş kəndində həmçinin ölkə əhəmiyyətli “Gələrsən-Görərsən” qalası, Kiş kənd qədim məscidi,  arxeoloji abidə olan “Doxun Nekropolu”, yerli əhəmiyyətli “Qaynar”və “Sığnaq” yaşayış yerləri var.[1]

Qobustan Dövlət Tarixi-Bədii Qoruğu

  1. 1 2 “Kiş” Tarix–Memarlıq Qoruğu (heritage.org.az)