Kişinyov Politexnik İnstitutu

Moldova Texniki Universiteti (rum. Universitatea Tehnică a Moldovei) — Moldovada universitet; informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin geniş vüsət aldığı ali təhsil ocaqlarından biri.

Moldova Texniki Universiteti
Xəritə
47°01′50″ şm. e. 28°49′26″ ş. u.HGYO
Əsası qoyulub 1964
Tip dövlət universiteti
Tələbə sayı 9.520[1]
Ölkə
Ünvan Moldova, Kişinyov şəhəri
Universitet şəhərciyi A, B, C, D
Sayt utm.md
utm.md

Tarixi və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əsası 1964-cü ildə qoyulan ali məktəb yüksək ixtisaslı mühəndis və iqtisadçı kadrların hazırlanması məqsədilə yaradılıb. İlk olaraq Kişinyov Politexnik İnstitutu adı ilə fəaliyyətə başlayan ali məktəbdə tədrisin ilk ilində 5 fakültə (Elektrotexnika, Mexanika, Texnologiya, İnşaat, İqtisadiyyat) mövcud olub. Sonrakı illərdə Politexnik İnstitutu sürətlə inkişaf edərək böyük tədris, elmi və mədəni mərkəzə çevrildi.

Hazırda Moldova Texniki Universiteti 10 fakültədən ibarətdir: energetika, maşınqayırma üzrə mühəndis iqtisadiyyatı və idarəetmə, mexanika və nəqliyyat mühəndisliyi, hesablama texnikası, informatika və mikroelektronika, elektronika və telekommunikasiya sahəsində mühəndis iqtisadiyyatı və idarəetmə, yeyinti sənayesində texnologiya və idarəetmə, yüngül sənaye, kadastr, geodeziya və tikinti, şəhərsalma və memarlıq, iqtisadi mühəndislik və biznes.

Maşınqayırma üzrə mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsində texniki kollec yaradılıb. Bundan əlavə, ali məktəbin tərkibində texniki profilli 9 kollec fəaliyyət göstərir.

Bu gün əyani və qiyabi bölmədə 12420 tələbə təhsil alır, tədris prosesi təxminən 1000 pedaqoq tərəfindən həyata keçirilir. Universitet ümumilikdə 80 ixtisas və ixtisaslaşma üzrə təlim təklif edir.

Moldova Texniki Universitetində tədris prosesi akademik kreditlərin köçürülməsi üzrə Avropa sisteminə (ESPAK) əsasən təşkil edilib. ESPAK Avropa regionuna tələbələrin və gənc mütəxəssislərin çıxışını sadələşdirir, həmçinin xaricdə ali təhsil haqqında diplomların tanınması imkanını təmin edir.

Ali təhsil ocağında tədrisin xarici dillərdə həyata keçirildiyi bölmələr mövcuddur.

Belə ki, hesablama texnikası, informatika və mikroelektronika fakültəsində fransızdilli informatika bölməsi, ingilisdilli hesablama texnikası və elektronika bölməsi fəaliyyət göstərir. Yeyinti sənayesində texnologiyalar və idarəetmə fakültəsində fransız dilli qida texnologiyaları bölməsi yaradılıb. Bu bölmələrin tələbələri ABŞ, Fransa, Kanada, Almaniya və digər ölkələrdə ixtisas üzrə dilçilik təcrübəsi keçirlər. Onların əksəriyyəti adıçəkilən ölkələrdə bakalvr diplomlarını müdafiə edir, magistratura və ya doktorantura pillələri üzrə təhsil alırlar.

Ali təhsil müəssisəsində elmi araşdırmalar tədris prosesinin daim xüsusi diqqət ayrılan mühüm hissəsidir. Tədqiqat prosesində tələbələr fəal iştirak edirlər, bu da onların peşəkar hazırlıq səviyyəsi artırır. Eyni zamanda, tələbələr ali məktəbin müqavilə bağladığı özəl və dövlət müəssisələrində təcrübə keçirlər.

Onu da qeyd edək ki, universitetdə 1995-ci ildən etibarən distant təhsil sisteminin də tətbiqinə başlanılıb. Hazırda ali məktəbdə sözügedən sistem daha da inkişaf etdirilərək müasir tələblər səviyyəsində qurulub.

Universitet şəhərcikləri

[redaktə | mənbəni redaktə et]

Ali məktəbin 4 kampusu mövcuddur: A, B, C və D kampusları.

A universitet şəhərciyi Byukan rayonunda inşa edilib. Burada rektorluq, elektronika və telekommunikasiya sahəsində mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsi fəaliyyət göstərir.

Mərkəzi rayonda istifadəyə verilən B kampusunda energetika fakültəsi, universitet fransız dilli agentlik bürosu tələbələrin ixtiyarına verilib.

Rışkanovka rayonunda yerləşən C kampusunda isə 5 tədris korpusu, 7 tələbə yataqxanası, universitetin təsərrüfat bazası, yeyinti sənayesi üzrə tədris-metodiki istehsal mərkəzi inşa edilib. Həmçinin bu kampusda mexanika və nəqliyyat mühəndisliyi, maşınqayırmada mühəndis iqtisadiyyatı və idarəetmə, hesablama texnikası, informatika və mikroelektronika, yeyinti sənayesində texnologiya və idarəetmə, yüngül sənaye fakültələri ilə yanaşı kadrların ixtisasının artırılması və yeni ixtisas alması mərkəzi, mərkəzi kitabxana, 2, 8, 9, 10, 11, 12, 13 saylı tələbə yataqxanaları, inzibatçılıq və əsaslı tikinti xidməti, universitetin avtomobil parkı, əyləncə mərkəzi və idman kompleksi fəaliyyət göstərir.

Botanika rayonunda inşa etdirilən D universitet şəhərciyində kadastr, geodeziya və tikinti, şəhərsalma və memarlıq, iqtisadi mühəndislik və biznes fakültələri, hərbi kafedra, həmçinin 3 və 5 saylı tələbə yataqxanaları və "Popas" mehmanxanası yerləşir.

Beynəlxalq əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]

Beynəlxalq əməkdaşlıq universitet həyatının müasir dünya təhsilinə inteqrasiya, eyni zamanda təhsilin və elmi araşdırmaların maliyyələşdirilməsinin əhəmiyyətli mənbələri üçün lazım olan vacib aspektdir. Hazırda Moldova Texniki Universiteti Avropa Birliyi, MDB, ABŞ universitetləri, elmi mərkəzləri və digər təhsil müəssisələri ilə əməkdaşlıq edir. Son illərdə Fransa, İspaniya, Almaniya, ABŞ, Kanada, Rumıniya ali məktəbləri və elmi-tədqiqat institutları ilə 23 müqavilə bağlanıb. Bununla yanaşı, universitet Rusiya, Ukrayna və Belarus ali təhsil müəssisələri ilə sənədləşmə, yeni kursların açılışı, TUM tələbələri üçün mühazirələrin təşkili, beynəlxalq konfranslarda və simpoziumlarda birgə iştirak, namizədlik müdafiəsi və doktorluq dissertasiyaları və s. istiqamətlər üzrə əlaqələr qurub.

Eyni zamanda, hər il Moldova Texniki Universitetinin yüzlərlə tələbəsi Rumıniya, Rusiya, Ukraynaya, Fransa, İtaliya, Almaniya, ABŞ, Kanada, İngiltərə, Çexiya, Türkiyə, Belçika, Slovakiya və digər ölkələrdə təcrübi kurslarda iştirak edirlər.

Ali məktəb BSUN (Qara dəniz hövzəsi ölkələrinin universitet şəbəkəsi), AUF (Universitet fransız dilli Agentliyi) və CONFRECO — Mərkəzi və Şərqi Avropanın fransız dilli universitetləri rektorlarının Regional konfransının üzvüdür.

BSUN çərçivəsində Azərbaycan, Albaniya, Bolqarıstan, Gürcüstan, Yunanıstan, Rumıniya, Rusiya, Ukrayna və Türkiyə universitetləri ilə əməkdaşlıq edir.

Əcnəbi vətəndaşlar üçün

[redaktə | mənbəni redaktə et]

Texniki universitet müqavilələr və nazirliklər və ya ölkələr arasında razılıq əsasında xarici vətəndaşlara burada təhsil almaq imkanını verir. Bütün fakültə və ixtisaslara sənəd qəbulu həyata keçirilir. Təlim rumın dilində keçirilir. Təhsil haqqı Moldova Respublikası hökuməti tərəfindən müəyyən edilir.

Xarici tələbələr yataqxanalarda və ya öz istəkləri əsasında universitet mehmanxanasında qala bilərlər. Yataqxana otağında (3-dən 5-ə qədər yer) 1 yerin aylıq dəyəri 330 ley təşkil edir.

Universitet müxtəlif ixtisaslar üzrə xarici tələbələr üçün hazırlıq kurslarını təklif edir. Tədris planında rumın və rus dilləri, həmçinin seçilmiş ixtisaslar üçün baza predmetləri üzrə xüsusi kurslar nəzərdə tutulur. Hazırlıq kursları 10 ay müddətini əhatə edir. Kurslarda iştirak üçün 12500 ley ödəmək lazımdır.

  1. https://utm.md/despre-utm/.