Kia

KIA-nın emblemi

"Kia Motors" — avtomobil şirkəti Koreyanın ilk velosiped və avtomobil istehsalçısıdır.

Kia Motors-un tarixi 1944-cü ildən, yəni Kyungsung Precision Industry şirkətinin yaradıldığı ildən başlayır. Həmin şirkət müasir Seulun ərazisində yerləşən Yanqdeunqpoda kiçik zavodda velosipedlər üçün ehtiyat hissələr hazırlamaqla məşğul olurdu. 1952-ci ilin yazında kompaniya ilk Koreya velosipedini yığdı, bundan sonra şirkətin adı dəyişdirilərək "Kia Industrial Company" qoyuldu. Kia adı Çin mənşəli "ki" sözündən yaranmışdır və "mənşə" mənasını verir, "a" isə "Asiya" qitəsini bildirir. Beləliklə Kia "Asiyadan gələn", "Asiya mənşəli" mənasını verir. Qərargahı Seulda yerləşir.

Kia korporasiyası 1961-ci ilin oktyabrında Kia şirkəti С-100 motosikllərinin buraxılışını mənimsədi və bununla da Koreyanın motosikl sənayesinin inkişafının təməlini qoydu. Artıq növbəti ilin əvvəlində Kia üçtəkərli К360 yük motosikllərinin buraxılışına başladı. Onların istehsalı yalnız 12 ildən sonra dayandırıldı. Bu illər ərzində şirkət 25.000 velosiped satmağa nail oldu. 1981-ci ildə ümumiyyətlə motosikllərin buraxılışı dayandırıldı.

1971-ci ildə istehsalın genişləndirilməsi və yük avtomobillərinin buraxılışı ilə əlaqədar olaraq kompaniyanın adı dəyişdirilərək "Kia Corporation" qoyuldu. "Kia Corporation" bundan sonra Asia Motors kompaniyasını satın alaraq daha da genişləndi. Eyni zamanda, şirkət 4 təkərli Titan yük maşınının istehsalına başladı, həmin avtomaşınlara Koreyada inanılmaz dərəcədə tələbat yarandı. 1973-cü ildə Kia Koreyada ilk benzin mühərrikini, 1974-cü ilin oktyabrında isə Koreyanın ilk sərnişin avtomobili olan Brisa modelini buraxmağa başladı. Tezliklə bu model Yaxın Şərq ölkələrinə ixrac edilməyə başladı. Brisa ixrac yönümlü ilk Koreya avtomobili oldu. 70-ci illərin sonlarından başlayaraq kompaniya əsas diqqətini avtomobil istehsalına yönəltdi. 1979-cu ildə Kia Koreyada ilk dəfə öz modellərinə dizel mühərriki quraşdırmağa, və Peugeot 604 və Fiat 132 sedanlarını istehsal etməyə başladı.

Lakin az sonra şirkətin maliyyə durumu ciddi surətdə çətinləşdi və 80-ci illərin əvvəllərində o, dərin maliyyə böhranına düşdü. Yaranmış ağır vəziyyətdən çıxmaq üçün şirkət bütün qüvvələrini ucuz avtomobillərin istehsalına səfərbər etdi. 1987-ci ildə kiçiklitrajlı Pride avtomobilinin Festiva modeli işıq üzü gördü. 1984-cü ilin oktyabrında Seulun yaxınlığında yerləşən Soxaridə Kia kompaniyasının ilk konstruktor bürosu, daha sonra Koreyada iki və xaricdə dörd belə büro açıldı. Kia-nın xaricdəki ilk bürosu 1989-cu ildə Yaponiyada açılmışdı.

1990-cı ilin payızında şirkətin adı dəyişdirilərək "Kia Motors Corporation" qoyuldu. Bundan sonra kompaniyanın həyatında yeni dövr başlandı: beynəlxalq aləmdə tanınan yeni modellər buraxıldı, yeni müasir zavodlar tikildi.

1991-ci ilin oktyabrında Kia Sportage və Sephia modelləri ilk dəfə Tokio avtosalonunda təqdim olundu, 1996-cı ilin iyununda isə Kia Sportage avtomobili Böyük Səhra (Saxara) boyunca keçirilən "Şərq-Qərb" rallisində uğurla start götürdü.

1995-ci ildən Mazda 626 avtomobilinin bazasında yaradılan, aerodinamik müqaviməti aşağı olan axarlı (üstü sürüşkən) Kia Clarus (Credos/Parktown) modeli buraxılmağa başladı. Elə həmin il avtomobil həvəskarlarına Elan (Roadster) modeli təqdim olundu. 1,8-16V mühərrikli Lotus Elan ingilis modelinin modifikasiyası olan bu modeldə ötürücü sistemi qabaq təkərlər həyata keçirirdi.

1996-cı ildə 770 min avtomobil satıldı. Hazırda şirkət alıcılara təklif etdiyi avtomobillərin spektrini genişləndirir, o cümlədən alıcılara bahalı modellər də təklif olunur.

1997-ci ilin yazında ilk dəfə Retona modelinin prototipi Seulda təqdim edildi. Bütün təkərləri aparıcı olan, çətin yerlərdən keçməyə qadir olan bu avtomobil kompakt ofrouder idi.

1997-ci ildə Asiyanı maliyyə böhranı bürüdü, həmin böhran korporasiyanın qazanmış olduğu mövqelərə ciddi zərbə endirərək onu müflisləşdirdi. 1998-ci ildə "Hyundai Motors" korporasiyası "Kia Motors" kompaniyasını satın aldı, nəticədə Kia-nın iqtisadi siyasətində əsaslı dəyişikliklər baş verdi. Düzgün seçilmiş kurs sayəsində 1999-cu ildən başlayaraq şirkət yenidən mənfəət gətirməyə başladı. 2000-ci ilin payızında "Hyundai Automotive Group" birliyi təşkil edildi. Bu hadisə Kia-nın fəaliyyətinə öz müsbət təsirini göstərdi, şirkətin işləri inanılmaz sürətlə irəliyə getməyə başladı.

Hazırda Kia çoxlu sayda minivenlər – Carens, Joice və Carnival kimi modellər buraxır. Kia Carnival modeli Avropada ilk dəfə 1999-cu ilin əvvəlində təqdim edildi. Ən kompakt model olan Carens avtomobili isə 1999-cu ilin payızında Frankfurt-Mayn avtosalonunda nümayiş etdirildi.

2000-ci ildə Kia modellərinin sıraları hiss olunacaq dərəcədə yeniləşdi, Visto, Rio və Magentis kimi yeni avtomobillər peyda oldu. Bu, Kia-ya istehsal etdiyi modellərin ümumi sayını 13-ə çatdırmaq imkanı verdi. Kompaniya həm qiymət, həm də keyfiyyət baxımından optimal hesab olunan Magentis sedanının istehsalına xüsusi önəm verdi, bu modelin premyerası 2001-ci ildə Paris avtosalonunda baş tutdu. Rio modeli isə faktiki olaraq Hyundai Accent avtomobilinin analoqudur.

Yeni yüzilliyin əvvəlində ABŞ-nin Yol Hərəkətinin Təhlükəsizliyi üzrə Milli Agentliyi (National Highway and Traffic Safety Agency) Kia Sephia avtomobilini "Ən təhlükəsiz avtomobil" adına layiq gördü. Beynəlxalq avtosalonlarda Kia korporasiyası istehsal etdiyi Sephia, Sportage və KEV-4 modellərinə görə mütəxəssislərin əla rəylərini aldı. 2002-ci ilədək Kia artıq on milyon avtomobil istehsal etmişdi. Satışların 60%-i xarici bazarın payına düşür. Hazırda Kia avtomobilləri dünyanın 170-dən artıq ölkəsində satılır.

Minik vasitələri

[redaktə | mənbəni redaktə et]
  • Picanto
  • Rio
  • Ceed
  • Cerato
  • Magentis
  • Opirus
  • Optima
  • Stinger
  • Carens
  • Carnival
  • Sportage
  • Sorento x-Hücumçu tərəfindən
  • K2500
  • K2700

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]