Kimya ekologiyası

Bəşəriyyətin müasir yaşayışını ekologiyasız təsəvvür etmək mümkün deyildir. Yazmağı, oxumağı, saymağı bilmədən yaşamaq nə qədər çətindirsə, ekologiyanın əsaslarını öyrənmədən də yaşamaq bir o qədər çətinləşir.

Hərtərəfli inkişaf etmək istəyən kəslər ekoloji biliklərə dair müvafiq mənbələri ardıcıl izləməli və onlara tənqidi yaradıcı münasibət bəsləməlidir. İnsanlar arasında ekoloji təfəkkürü formalaşdırmaq sahəsində bilənlər bilməyənlərə kömək etməlidirlər. Son illər ərzində xarici dillərdə çoxlu dərslik, dərs vəsaiti, və məşhur elmi kitablar nəşr edilir, təbiətlə insanın əlaqəsini əks etdirən jurnallar buraxılır, bu sahədə aparılan tədqiqatların tematik topluları çap edilir. Hətta, televizor, radio və qəzetlər də ekoloji təhsilə biganə deyillər.

Ekologiyanın əsas tədqiqat obyekti orqanizm səviyyəsindən yüksək olan canlı sistemlərdir. Populyasiya, biosenoz, biosfer. Bu elm orqanizmlərin əmələ gətirdiyi birliklərin öz aralarındakı və ətraf mühitin cansız komponentləri ilə qarşılıqlı əlaqəsini öyrənir. Ekologiya sözünü ilk dəfə 1858-ci ildə Q.D. Toro işlətmiş, 1866-cı ildən sonra alman bioloqu E. Hekkel bu anlayışı geniş yaymış və inkişaf etdirmişdir. Hekkel orqanizmi təbii sığınacaq yerində, yəni öz "evində" öyrənməyi ekologiya hesab etmişdir. Daha sonralar uzun müddət ekologiya biologiya sözünün dar mənasında işlənmişdir. Yalnız gərgin mübahisəli inkişaf yolu keçdikdən sonra müasir ekologiya formalaşmışdır. Orqanizmlərin həyat tərzini və orqanizmdən yüksək canlı sistemləri öz aralarında və ətraf mühitin cansız komponentləri ilə qarşılıqlı əlaqədə öyrənən elm ekologiya adlanır.