Kitabi-Dədə Qorqud (Günbəd nüsxəsi)

"Kitabi-Dədə Qorqud" dastanının Günbəd nüsxəsi — dastanın Qacar dövrünə aid, Azərbaycan dilində yazılmış variantı. Əsərin tərkibinə Vatikan və Drezden əlyazmalarında olmayan, Salur Qazanın 7 başlı əjdahanı öldürməsi ilə bağlı 13-cü bir boy daxildir.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

"Kitabi-Dədə Qorqud" dastanının III nüsxəsi 2018-ci ildə Tehran kitabxanasında ortaya çıxmışdır. Nüsxəni satan şəxs Qacar soyundan gəldiyini və nüsxənin Ağaməhəmməd şah Qacar kitabxanasından yadigar qaldığını qeyd etmişdir. Əsər XVIII əsrə aiddir, Azərbaycan dilinin cənub qrupu, daha dəqiq Təbriz dialekti xüsusiyyətlərini özündə əks etdirir.[1]

Əsərin İran türkmənləri ilə əlaqəsi Türkmənsəhrada yaşayan bir türkməndən satın alınmasından ibarətdir və əsərin dilində türkmən dilinin xüsusiyyətləri yoxdur. Əlyazmada əsərin Mərvdən İrana gəldiyi yazılsa da, dil xüsusiyyətlərinin tamamilə Azərbaycan türkçəsinə aid olması ilə bağlı olaraq bu məlumatda yanlışlıq olduğu fikirləşilir.[1]

Əsərin tərkibinə Vatikan və Drezden əlyazmalarında olmayan adsız, 13-cü bir boy vardır. Boy Salur Qazanın 7 başlı əjdahanı öldürməsi ilə bağlıdır. Yeni boyun mövcudluğu və fərqli soylamalar onu göstərir ki, bu dastan Vatikan və Drezden əlyazmalarına yox, başqa bir qaynağa əsaslanır. Yeni dastan "Kitabi-Dədə Qorqud" hekayə söyləyiciliyinin və yazmalarının XVIII əsrə qədər mövcudluğunu saxladığını göstərir. Bu əsərin köməkliyi ilə Azərbaycan dilinin geriyə doğru, XVIII əsrə qədər vəziyyətini müşahidə etmək mümkündür.[1]

28 yanvar – 30 dekabr 2022-ci tarixlərində Türkiyənin atv kanalında yayımlanmış "Tənha Qurd" teleserialının 1-ci seriyasının girişində bu nüsxədəki boy rəsmlərlə animasiya formasında canlandırılıb.[2]

  1. 1 2 3 Ercilasun, 2019. səh. 6-7
  2. ""Dede Korkut'tan hain FETÖ'ye... Türkiye dünyanın 'Yalnız Kurt'u, ihanete pabuç bırakmaz!". 2023-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-18.