Kolanı yurdları (Şirvan və Muğanda)

Kolanı yurdları — Kolanı tayfası ilə bağlı Şirvanda və Muğanda geniş yayılmış yer adları.

Tarixi Şirvan ərazisinin ən böyük tayfalarından biri olan Kolanılar barədə geniş araşdırmalar aparan tədqiqatçı Nurəddin Bəndəliyevin tədqiqatına əsasən Qarabağdan Şirvana köçürülən Kolanı elatının Şamaxı şəhəri yaxınlığındakı müasir Xilmilli və Qızmeydan kəndləri ərazisində yerləşdiyi müəyyənləşdirilmişdir. Tədqiqatçının mülahizələrinə əsasən Qarabağdan böyük bir Kolanı tayfasının Şirvana göndərilməsi 1795-ci ildə olsa da, Kolanıların QarabağNaxçıvandan bu bölgəyə yerləşməsi bu tarixdən əvvələ, XVI əsrdən olmalıdır.

Girdə yaylağında Kolanıların məskunlaşmasından əvvəl digər tayfalar da olmuşdur, ancaq yaylaq ərazisində mövcud olmuş Dağ Kolanı kəndinin qəbiristanlığının tarixi, yerli sakinlərin fikrincə, 1600-cü illərədək qədimə aiddir. Onların Naxçıvan və Qarabağdan Şirvan ərazisinə 1600-cü illərdən də əvvəl köçməsi səbəbləri və faktlar barədə tarixi qaynaqlar vardır. Osmanlı hücumları, Şah Təhmasibin "yandırılmış torpaq" taktikası ilə köçürmə siyasəti bu tarixi yarım əsr də geriyə aparır. Kolanıların Şirvana məhz Qarabağ və Naxçıvandan, eləcə də XVI əsrdə gəlməsi onların Şirvanda ilk məskunlaşma tarixi kimi qəbul oluna bilməz. Məlum olduğu kimi, Şirvan ərazisində türk tayfalarının məskunlaşma tarixi qədim dövlərə gedib çıxır. Kolanı tayfasının bəzən Kolan olaraq da adlanmasına Şirvanda da rast gəlinmişdir. N. Bəndəliyev Kolanıların Goran, Qaraoğlanlı, Pirəvənd, Osallı, Türəni, Şadılı, Həzili, Ağsaqlı, Lolaylı və Alataxtalı kimi qollarının XVIII əsrdə Şirvanda məskunlaşdığını bildirir. XVIII əsrdə Quba xanlığının Şabran mahalında 60 həyətdən ibarət Kolanı və 130 həyətdən ibarət Osallı kəndləri olmuşdur ki, bu kəndlərin salınma tarixinin araşdırılmasına ehtiyac vardır. Quba xanı Fətəli xanın Qarabağa hücümları zamanı çoxlu sayda əhalini köçürüb aparması faktı da bu məsələ ilə əlaqədar ola bilər. Eyni zamanda 1796-cı il köçürməsi zamanı da bu əraziyə Kolanı tayfalarının köçməsi barədə mənbələrdə məlumat vardır. XIX əsrdə I Rus-İran müharibəsi zamanı (1804–1813) Şirvanın bəzi tayfaları Pirqulu xan Qacarlı tərəfindən Muğan-Talış bölgəsinə köçürülmüşdür. Şirvanlı Mustafa xanın apardığı danışıqlardan sonra bu tayfalardan geri qaytarılanlar olur. Köçürülən tayfalar içərisində Kolanıların da olması ehtimalı güclüdür. Biləsuvar rayonu ərazisində yaşayan Kolanılar, İranın Muğan bölgəsində Kolan kəndi bu köçürmə ilə bağlı ola bilər.

1840–1849-cu illərdə Şirvan ərazisində Kolanıların yaşadığı yerlərə rus koloniyaları yerləşdirildi və 1840-cı ildə əhalisi ruslardan ibarət olan Xilmilli, 1849-cu ildə isə Astraxanka (Qızmeydan) kəndləri yaradılır. Beləliklə, Kolanı elatı öz ərazilərindən çıxarıldı və bu illərdə Şamaxı şəhərinin şərq tərəfində, indiki Sabir qəsəbəsinin şimal-şərqində yerləşdirildi. 441 çadırdan ibarət olan tayfa bu ərazinin heyvandarlıq üçün əlverişsiz olması səbəbindən dağlıq bölgələr olan Girdə yaylasına köçür. Getdikcə böyüyərək Girdə yaylasına sığmayan tayfa maldarlıq və heyvandarlıqla əlaqədar aran bölgələr olan Kürqırağında qışlayır və zaman keçdikcə bu ərazilərdə məskunlaşaraq bir sıra yaşayış məntəqələrinin əsasını qoyurlar. Şamaxı bölgəsi Kolanıları XVIII əsrdə Dəvəçi və Quba bölgələrinə, XIX əsrin ortalarında indiki Siyəzən rayonunun Kolanı kəndinə, XIX əsrin axırlarında indiki Neftçala rayonunun Uzunbabalı kəndinə, 1914–1915-ci illərdə indiki Sabirabad rayonunun Kolanı kəndinə yerləşirlər. Hacıqabul rayonunda əsasən tayfanın Türəni qolundan olanlar məskunlaşmışdı. Sonradan Girdə yaylasında olan Kolanı kəndi ilə Kürqırağında olan Kolanı kəndini fərqləndirmək üçün Girdə ərazisində olan Kolanı kəndinin adına "Dağ" sözü əlavə olunmuşdur. Salyan rayonun Kolanı kəndi 1930–1945-ci illərdə Dağ Kolanı kəndindən köçən tayfa və tirələr tərəfindən yaradılmışdır. 1918-ci ildən ermənilərin hücumlarına qarşı Girdə yaylasında, Dağ Kolanıda yaşayan camaat özünümüdafiə dəstəsi yaradaraq mübarizə aparırlar. Hacı Rüstəm 1918-ci ildə Dağ Kolanı camaatının ermənilərə qarşı mübarizəsində böyük qəhrəmanlıqlar göstərmiş şəxsdir. Onun başçılığı ilə ermənilərlə mübarizə aparan Kolanılar Osmanlı ordusunun gəlişinə qədər uğurla mübarizəni davam etdirirlər. Osmanlı ordusu Hacı Rüstəmə qəhrəmanlığına görə medal verir. 1937-ci ilin repressiya illərində ermənilər silahla torpağından çıxara bilmədiyi Hacı Rüstəmi fitnə ilə yurdundan edərək Sibirə sürgün edirlər və bu yaşlı insan sürgündən qayıtmır. 1918-ci ildə Hamazaspın başçılığı ilə Quba bölgəsində 122 kəndi dağıdırlar ki, bu kəndlərdən birinin Kolanı kəndi olduğu o dövrün sənədlərində əks olunmuşdu.

1950-ci illərdə M. C. Bağırov tərəkəməliyin ləğv edilməsi barədə fərman verərək Şirvanın Dağ Kolanı kəndində yaşayan əhalinin dəvə və atlarının bir qismini müsadirə etdirir. Nəticədə Kolanılar yaylaq bölgələrindən aran rayonlara, daha çox Salyan və Sabirabada enməyə məcbur olur. M. C. Bağırovun bu addımının arxasında çox güman ki, hökumət nəzarətindən kənarda olan, böyük və güclü bir kütləyə çevrilən Kolanı camaatını dağıtmaq niyyəti vardı. Bağırov hələ 1920-ci illərdə olan məruzəsində Kolanıları Qarabağın ən narahat tayfası adlandırmışdı. Eyni zamanda Kolanıların qatıldığı 1930-cu illərin üsyanları da onun şahidi olduğu dövr idi. Qərardan sonrakı on il ərzində, yəni 1950–1960-cı illərdə Ağsu şəhərinə, Salyan, Hacıqabul, Şirvan, Mərəzə rayonlarının Poladlı, Qaraçala, Kərimbəyli, Xələc, Yolüstü, Varlı, Çadırlı, Yenikənd, Hacı Qəhrəmanlı və Muğanlı qəsəbələri, Düzənlik, Arxarası və başqa kəndlərə köçdülər. Bu köçlərin nəticəsi olaraq Şirvan Kolanılarının ana yurdu olan Dağ Kolanı kəndi tərk edilmiş, 1972-ci ildən yenidən bərpa edilmişdir, sonralar geri qayıdan bəzi ailələr də 2005-ci ildə kəndi tərk etmiş və beləliklə kənd ləğv olunmuşdur. Dağ Kolanı camaatının bir neçə rayona səpələnmələrinə baxmayaraq müasir dövrdə də xeyir və şərdə əlaqələri saxlayırlar. Dağ Kolanıya olan həsrət duyğusu N. Bəndəliyevin bir çox şerlərində, N. Hacıheydərlinin "Dağ Kolanı" dastanında və başqa əsərlərdə özünü göstərir.

  • Bəndəliyev N. S. Dağlıq Şirvanın toponimləri. Bakı: Elm, 2009, 352 s.
  • Kırzıoğlu F. Osmanlıların Qafqaz ellerini fethi (1451–1590). Ankara:Türk Tarih Kurumu Basımevi, 1993, 550 s.
  • Qarabağnamələr. Bakı: Yazıçı, 1991, 450 s.
  • Qəniyev S. Dağ Kolanı-elim mənim. Bakı: Nurlan, 2001, 316 s.