Kollokvium (lat. colloquium — danşıq, söhbət) — təhsil sistemində, əsasən ali məktəblərdə tələbə biliklərinin yoxlanılması və qiymətləndirilməsi forması.
Bir qayda olaraq, əsas imtahana təqdim ediləcək mövzuların siyahısını azaltmaq və tələbələrin hazırkı bilik səviyyəsini qiymətləndirmək məqsədilə keçirilən mini imtahandır.
Kollokviumlar akademik təqvimə uyğun olaraq hər semestrdə 2-3 dəfə təşkil olunur. Hər kollokvium 10 bal ilə qiymətləndirilir. Seminar ballarının orta qiyməti sonuncu kollokvium qiyməti kimi də qəbul edilə bilər. Seminar (məşğələ) dərslərində tələbənin jurnalda ən azı 3 dəfə qiyməti (kollokviumlar, frontal sorğular, praktiki məsələnin həlli və s.) olmalıdır. Əks təqdirdə tələbə seminara ayrılmış balı toplamamış hesab olunur.
Kollokviumda iştirak etməyən tələbəyə 0 bal yazılır.[1]
Kollokvium zamanı tələbələrin layihələri, referatları və digər yazılı işləri də yoxlanıla bilər. Kollokviumda əldə edilən qiymətləndirmə əsas imtahanın qiymətləndirilməsinə təsir edə bilər (müxtəlif universitetlərdə bu üzrə fərqli qaydalar var).