Kompüterlərin nəsilləri

Hesablama avadanlıqı tarixçəsi — İnformasiya texnologiyasının müasir inkişaf dövrü texnologiyasında edilən dəyişikliklərə uyğun olaraq, müxtəlif mərhələlərə bölünür. Hər mərhələ yeni nəsil kompyuterlərin meydana gəlməsi ilə bağlıdır. "Komputerlərin nəsilləri" başlıca olaraq komputerlərdə istifadə edilən məntiq elementlərinin müxtəlifliyi ilə fərqlənir. Məntiq elementi informasiyanın emalı və yadda saxlanması üçün istifadə edilən elektron komponentdir.

Birinci nəsil — (1951–1958). Kompüterlərin birinci nəslində elektron lampaları əsas məntiq elementi idi. Bu lampalar qızır və tez-tez sıradan çıxırdı. Kompüterlər işləyərkən xeyli elektrik enerjisi sərf edilirdi. Bu maşınların bir nöqsanı da hesablama işlərinin təşkili ilə bağlı idi. Belə ki, istənilən məsələni həll etmək üçün müvafiq alqoritmi-proqramı ikilik kodlar şəkilndə tərtib etmək lazım gəlirdi ki, buda çətin, yorucu və tez-tez səhvlərə gətirib çıxaran bir iş idi. Maşına verilənlər perfokartlar şəklində daxil edilir və nəticələr də perfokartlara çıxarılırdı.

İkinci nəsil — (1959–1963). Kompüterlərin ikinci nəsli tranzistorların yaradılması ilə bağlıdır. Tranzistorlar elektron lampalarına nəzərən daha kiçik və az enerji sərf edirdi. Tranzistorların iş etibarlılığı və emal sürəti yüksəkdir. Tranzistorların kəşfi ilə yanaşı həmin dövrdə komputerlərin inkişafına təsir edəcək, başqa istiqamətlərdə də irəliləyiş var idi. Xarici yaddaş vasitələri kimi maqnit lenti və diski perfokartı əvəz etdi. Maqnit yaddaşlar daha yüksəksürətli müraciəti təmin edir. Onların informasiyanı saxlama sıxlığı xeyli yüksəkdir. Yüksəksəviyyəli proqramlaşdırma dillərindən(Fortran, Cobol və s.) istifadə edilməsi kompüterlərdən istifadə edənlərin siyahısını genişləndirdi.

Üçüncü nəsil — (1964–1979). 1960-cı illərin ortalarında kompüter texnologiyasında çox əhəmiyyətli bir hadisə baş verdi. Ayrı-ayrı tranzistorlar inteqral sxemlə əvəz olundu. İnteqral sxem çox kiçik bir lövhədə-çipdə minlərlə tranzistoru yerləşdirməyə imkan verirdi. İnteqral sxemlər tranzistorlara nisbətən daha etibarlı və sürətli idi. Maqnit nüvəli yaddaşlar öz yerini yeni texnologiyaya-metal oksidli yarımkeçirici yaddaşa verdi. Yaddaşın informasiya saxlama gücünün və emal sürətinin artması əməliyyat sistemlərinin inkişafına səbəb oldu. Yüksəksürətli çiplər minikompüterlərin və mikrokompüterlərin yaradılmasına təkan verdi. İlk rabitə peykləri buraxıldı. Mikrodalğa vasitəsilə və koaksial kabeldən istifadə etməklə telekommunikasiya sistemlərinin inkişafına yeni mərhələyə qədəm qoydu.

Dördüncü nəsil — (1979-cu ildən indiyə kimi). Bu nəslin kompüterlərin məntiqi əsasını çox yüksək sıxlıqlı inteqral sxemlər təşkil edir. Bu sxemlərdə yüz minlərlə, milyonlarla tranzistorun funksiyası əhatə olunur. Dördüncü nəsil həm də mikroprosessorların meydana gəlməsi ilə bağlıdır. Mikroprosessorlar yaddaş, məntiq və idarəetmə qurğusunu ehtiva edən çipdir. Bu dövrdə yarımkeçerici yaddaşların tutumunu daha da artırmaq və onlara müraciət sürətini yüksəltmək mümkün olmuşdur. Texnologiyanın yüksək sürətlə inkişafı kompüterlərin qiymətinin də kəskin aşağı düşməsinə gətirib çıxartmışdır.Apple, İBM PC kimi fərdi kompüterlər meydana gəlmiş və çox tezliklə geniş yayılmışdır. Dördüncü nəsil kompüterlərin proqram təminatı da xeyli inkişaf etmişdir.

Beşinci nəsil — Bu nəsil kompüterlərin əsas əlaməti Fon Neymanın "əmrlər selini idarəetmə" prinsipindən fərqli olaraq "verilənlər elini idarəetmə" prinsipinə əsaslanan arxitekturalı prosessorlardan istifadənin nəzərdə tutulmasıdr. Beşinci nəsil kompüterlər süni intellekt prinsiplərinə əsaslanır.