Komplement sistemi — mövcudluğu haqqında olan ilk fikirlər 1888-ci ildə Q.Natolla məxsusdur. O immunlaşdırılmamış təzə qan plazmasının bakteriosid təsirə malik olmasını bildirmiş və göstərmişdir ki, bu aktivlik qanda miqdarı immunlaşdırmadan asılı olmayan bir faktorla bağlıdır. Lakin komplement sisteminin geniş öyrənilməsi və kəşfi J.Bordenin adı ilə əlaqələndirilir. Bu işinə görə o 1919-cu ildə Nobel mükafatına layiq görülüb.
Qanın plazmasındakı termolabil sitotoksiki aktivliyi J.Borde alleksin, P.Erlix isə komplement adlandırmışdır. Komplement sisteminə qan plazmasının 20-yə qədər zülalı daxildir. Bakteriyaların lizisə uğradılmasında komplement sisteminn komponentlərinin böyük rolu vardır.
Komplement sistemi aktivləşərkən onun komponentləri bir biri ilə və immun sisteminn digər elementləri ilə qarşılıqlı təsirdə olurlar. Komplementin aktivləşməsinin alternativ, klassik və lektin yollları vardır. Alternativ yol spontan olaraq bir sıra mikroorqanizmlərin səthlərindəki antigenlərlə (əsasən lipopolisaxaridlərlə) aktivləşdirilir və anadangəlmə immunitetin komponentlərindən biri hesab olunur. Klassik yolun aktivləşməsində isə qazanılmış immun sisteminin komponentləri olan anticisimlər mikroorqanizmlərin səthlərindəki antigenlərlə birləşir. Aktivləşmə kaskad prinsipi əsasında qurulur. Hər bir komponent özündən sonrakı komponentə təsir edərək onu aktivləşdirir.
Komplement sisteminin zülalllarının özünəməxsus nomenklaturası da vardır. Klassik yolun aktivləşməsində iştirak edən zülallar C simvolu ilə işarələnir və ərəb rəqəmləri lə nömrələnir. C1, C2, C3, C4, C5 və s. zülalları və ya komponentləri. Bu zülalların çoxu normal halda qanın plazmasında dövr edən profermentlərdirlər. Komplement sisteminin aktivləşməsi zamanı onlar hidrolizə uğrayaraq aktiv formaya - fermentlərə çevrilirlər. Aktivləşmiş hər bir komponent isə ardıcıl olaraq özündən sonrakı komponenti aktivləşdirir.