Kontinental iqlim — okean və dənizlərin mülayimləşdirici təsirindən uzaqda yerləşən materikdaxili sahələrinin iqliminə deyilir. Kontinental iqlim il boyu kontinental hava kütlələrinin hakim olduğu Avrasiyanın və Şimali Amerikanın daxili hissələri üçün səciyyəvidir. Kontinental iqlim üçün atmosfer təzyiqinin yüksək olması (xüsusilə qışda), atmosfer yağıntılarının nisbətən azlığı, şəlakətli günlərin çox olması xarakterikdir. Kontinental iqlimdə atmosfer təzyiqindən başqa bütün meteoroloji elementlərin sutkalıq və illik amplitudası dəniz iqliminə nisbətən kəskin surətdə artır. Yayda gecələr sərin və aydın, buludsuz gündüzlər isə isti, küləkli olur. Günün ikinci yarısında güclü topa buludlarının əmələ gəlməsi və leysan yağışlarının yağması kontinental iqlim üçün xasdır. Qışda əksinə, gündüz aşağı mərtəbə laylı buludların formalaşması, gecə isə buludsuz, açıq səmanın olması başlıca xüsusiyyətlərindən biridir. İqlimin kontinentallığı okean və dənizlərindən uzaqlaşdıqca artır. Məsələn: eyni en dairəsində yerləşən Dublində iyulun orta temperaturu 15,80, yanvarda 5,40 olduğu halda (dəniz iqlimi) həmin göstəricilər müvafiq olaraq Varşavda 18,90 və -3,60, Orenburqda 22,00 və -15,40, Nerçinskdə 18,90 və -29,80, illik amplitudalar isə müvafiq olaraq 10,4; 22,5; 37,4 və 48,70-dir.[1]