II Dünya müharibəsinin döyüş arealı yalnız Avrasiya, Amerika və Afrikanı deyil, Yer kürəsinin insan yaşayışı olan hər bir yerini, o cümlədən gözdən iraq düşmüş uzaq Avstraliyanı da əhatə etmişdi. Belə ki, 19 noyabr 1941-ci ildə Qərbi Avstraliya sahillərində Almaniya Donanmasının yardımçı Kormoran kreyseri ilə Avstraliya Kral Donanmasının Sidney HMAS adlı yüngül kreyseri arasında təkbətək döyüş baş vermişdir. 399 nəfərlik şəxsi heyəti olan alman gəmisinə Teodor Detmers, 645 nəfərlik avstraliyalı heyətə Cozef Barnett komandanlıq edirdi. Döyüş yarım saat qarşılıqlı atışma şəklində davam edərək, hər iki gəminin batırılmasıyla nəticələndi. Döyüş ev sahibi Avstraliyaya yaxın ərazidə baş verdiyindən almanlar psixoloji üstünlük qazanmışdı. Çünki Almaniya 82 nəfər itki verməklə uzaq sahillərdə müttəfiqlər tərəfində vuruşan Avstraliyanın çoxnəfərlik gəmisini batırmışdı. Xilasedici gəmilərin bir neçəsi ticarət gəmiləri tərəfindən xilas olmuş, ikisi isə Avstraliyanın Karnarvon limanına yan almışdı. Beləliklə, almanların 399 nəfərlik heyətindən 317 nəfər sağ qalmışdı.
Kormoran və Sidney HMAS kreyserləri arasında dəniz döyüşü | |
---|---|
Tarix | 19 noyabr 1941 |
Yeri | |
|
Sidney kreyserindən isə heç bir xəbər-ətər yox idi. Sonra məlum oldu ki, avstraliyalı şəxsi heyətdən bir nəfər də olsun, salamat qalmayıb. Halbuki, Sidney HMAS kreyseri sahilə qayıtmadıqda 24-29 noyabr tarixləri arasında hava və dəniz axtarışları həyata keçirilmişdi. Lakin bu axtarışlar uzun müddət heç bir nəticə verməyəcəkdi; ta ki müharibənin sonunadək hərbi əsir düşərgəsində saxlanılmış almanlardan məlumat alıncaya qədər! 2008-ci ilədək Sidney kreyserinin batdığı yerin dəqiq ünvanı naməlum qalmışdı. Bu itki antihitler koalisiyasının dəniz döyüşlərində üzləşdiyi ən böyük tələfat idi.
Zəif Kormoran gəmisi tərəfindən nəhəng Sidney gəmisinin necə batırılması haqda mübahisələr bu gün də gündəmdədir. Almanlar hesab edir ki, onların gəmisi nisbətən zəif olduğuna görə komflyaj edilərək ticarət reyderinə yaxın üzürmüş və bu maskalanma onları güclü kreyser qarşısında uğur qazanmağa kömək etmişdi. Digərləri isə hesab edir ki, almanlar döyüş qanunlarına əməl etməyərək, hələ müharibəyə qoşulmamış yapon donanmasının köməyindən yararlanmışdı. Ona görə də şahidlər olmasın deyə, sağ qalan bütün avstraliyalılar yerindəcə öldürülüb, izləri itirilmişdi. Çox maraqlıdır ki, hər iki mövqenin doğru olduğunu göstərən heç bir sübut mövcud deyil.