Kainatın fon şüalanması Yerə yaxın mənbələr (Yer atmosferi, Qalaktika şüalanması və s.) tərəfindən təhrif olunmayan elektromaqnit şüalanmasıdır. Geniş görüş sahəsinə malik cihazlar kosmosa – qalaktikalararası mühitə çıxarıla bilsəydi, fon şüalanmasını qeyd edə bilərdi. Bu iş hələlik praktikada mümkün olmadığı üçün astronomlar KFŞ-nı yerüstü və atmosferdənkənar cihazlarla müşahidə edirlər. Ona görə də fon şüalanmasının onun diffuz (səpilən) komponentindən ayrılması çox çətin bir məsələdir.
Kosmik fon şüalanması tədqiq olunması böyük elmi əhəmiyyət daşıyır, çünki o bütün Kainatı dolduran şüalanmadır. Bundan başqa, Kosmik fon şüalanması bir çox ayrılmaz diskret mənbələrin şüalanması haqqında informasiya verə bilir, bu da belə mənbələrin xassələrini öyrənməyə imkan yaradır. Kosmik fon şüalanmasının tədqiqində ilk problem optik diapazonda gecə səmasının parlaqlığının öyrənilməsi olmuşdur. Bununla əlaqədar olaraq elm tarixinə «Olbers paradoksu» (1826-ci il) kimi daxil olan sadə kosmoloji test formalaşmışdır: sonsuz bircins qərarlaşmış Kainatda istənilən görüş şüası bizə ulduzun səthini göstərməlidir. Başqa sözlə, bütün səma Günəş diskinin parlaqlığı qədər parlaqlığa malik olmalıdır. Aydındır ki, bu təsəvvürlər bizim gündəlik həyatda rastlaşdığımız hadisələrlə ziddiyyət təşkil edir – səmanın parlaqlığı optik diapazonda çox kiçikdir. Olbers paradoksu müasir Kainat modellərində öz həllini tapmışdır. Qalaktikalar təxminən 10 milyard il əvvəl yaranmışdır. Kainatda ulduzların sayına görə sıxlığı o qədər azdır ki, kosmoloji üfüqdə (c·t ~1028 sm) səmanın ulduzlarla örtülən hissəsinin payı çox azdır. Bundan başqa, böyük məsafələrdə qırmızı sürüşmə nəticəsində ulduzların spektri infraqırmızı diapazona doğru sürüşür, nəticədə ulduzlar optik diapazonda səma parlaqlığına heç bir şüalanma verə bilmirlər.
Gecə səmasının parlaqlığının dəqiq öyrənilməsi qalaktikaların təkamül nəzəriyyələrinə, onların parlaqlığının dəyişməsinə, xüsusilə onların «cavanlıq» mərhələlərinə çox sərt məhdudiyyətlər qoyur. Əslində burada intensivliyi ən azı 100 dəfə gecə səmasından az olan Kosmik fon şüalanmasından danışmaq lazımdır. Kosmik fon şüalanması təbiətinin öyrənilməsi göstərmişdir ki, əksər spektral diapazonlarda onun intensivliyi çoxsaylı uzaq diskret mənbələrin şüalanmasından asılıdır. Bəzi diapazonlarda KFŞ diskret mənbələrin şüalanmasından asılı deyil. Onun mövcud olması ya bütöv Kainatın xassəsidir (buna relikt şüalanma da deyilir), ya da qalaktikalararası mühitdə şüalandıran materiyanın mövcudluğu ilə əlaqədardır (qalaktikalararası isti qaz və kosmik şüalar).