Bu məqaləni vikiləşdirmək lazımdır. |
Lüminoforların sintezi
Bu yazıda biz lüminessent lampaların istehsalında istifadə olunan lüminofor xassəli maddələrin bəzi xarakterik xüsusiyyətləri haqqında məlumat vermək istəyirik. Soyuq işıq mənbəyi olan lüminoforlar həyatımıza, məişətimizə çoxdan daxil olmuşdur. Lüminoforların xarakterik xüsusiyyətləri – udulma spektri və lüminoforun üzərinə düşən şüanın dalğa uzunluğundan asılı olaraq udulan enerjisinin kəmiyyətcə əks olunmasından ibarətdir. Şüa bu halda ya kristal qəfəsinin özü tərəfindən (udma zolağı bu halda əsas və ya fundamental adlanır), ya da lüminessensiya mərkəzi (aşqar udulması) tərəfindən udulur. Ona görə də udulma və spektral sahə aktivatorun və kristal qəfəsinin xassələri ilə təyin olunur. Əksər lüminoforlarda əsas udulma zolağı spektrin UB-sahəsində yerləşir. Qeyd olunduğu kimi, lüminofor dedikdə biz müxtəlif növ həyəcanlandırıcıların təsirindən maddənin lüminessensiya verməsi başa düşülür. Həyəcanlandırma üsuluna görə biz lüminoforları aşağıdakı siniflərə bölə bilərik:
Qeyri-üzvi maddələrdə lüminessensiya xassələrinin meydana çıxması birləşmənin (lüminoforun əsasının) kristal qəfəsində sintez prosesində quruluş və aşqar defektlərinin əmələ gəlməsi ilə əlaqədardır. Hörmətli oxucular, növbəti yazılarımızda biz quruluş və aşqar defektlərinin necə yaranması haqqında bir sıra maraqlı məqamları qələmə almağa çalışacağıq. Burada yalnız onu qeyd etmək istəyirik ki, quruluş defektləri lüminoforun əsasının termiki emalı zamanı da baş verə bilər. Kristal qəfəsinin düyünləri arasında bu zaman atom və ya ion vakansiyaları yaranır. Lüminessensiya məhz belə kənara çıxmalar hesabına baş verir. Qəfəsin nizamlılığının pozulması hesabına meydana çıxan lüminessensiya aktivləşdirilməmiş, başqa sözlə, öz-özünü aktivləşdirən lüminessensiya adını almışdır, çünki onun meydana çıxması üçün kristala heç bir aktivləşdirici əlavə etmək lazım gəlmir. Bir neçə kəlmə lüminoforların tətbiq sahələri haqqında məlumat versək, gənc tədqiqatçılar üçün bu istiqamətdə tədqiqatların Respublikamız üçün nə qədər faydalı olması aydın olar. Lüminoforlar hazırda xalq təsərrüfatının çox müxtəlif sahələrində, xüsusilə iqtisadi cəhətdən daha çox sərfəli olan lüminessent lampalarında istifadə olunur. Təxmini hesablamaya görə bu ildə dünyada istehsal olunan lüminessent lampalarının sayı 2 milyarda çatır. Bax bu qədər lampanın istehsalı üçün təxminən 15-20 min ton lüminofor tələb olunur ki, bu da istehsal olunan lüminoforların ümumi miqdarının 90%-ni təşkil edir. Lüminoforların tətbiqinin ikinci böyük sahəsi rəngli və qara-ağ təsvirli televiziyadır. Lüminoforlardan radiolokasiya və osilloqraf trubkalarının ekranlarında, elektron-optik çərçivələrdə (gecəgörmə cihazlarında), nüvə şüalarını qeyd edən priborlarda və rentgen aparatlarının ekranlarında da istifadə olunur. Bəlkə də oxucuların bəzilərinə tanış olan müvəqqəti və ya daimi təsir edən "işıldayan" rəngləyici maddələrin istehsalının əsasını da bax elə lüminoforlar təşkil edir. Onlardan yol göstəricilərində, eləcə də dekorativ məqsədlə istifadə olunur. Ümumiyyətlə, lüminoforların tətbiqinə aid onlarca sahəni sadalamaq olar. Elə bu göstərdiklərimiz lüminoforların tətbiq sahələrinin nə qədər geniş olduğunu və ildən-ilə artdığını göstərməyə bizə kifayət edər. Bir də ki, axı lüminoforlar infraqırmızı şüaları vizual müşahidə etmək üçün əvəzolunmaz bir obyekt olmuşdur. Ona görə də bu istiqamətdə dərin tədqiqat işlərinin aparılması vacib və aktualdır.