Lənkəran təbii vilayətinin iqlimi

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

Lənkəran təbii vilayətinin iqlimi — Lənkəran təbii vilayətinin iqlimi ərazinin mürəkkəb relyefi, Xəzər dənizinin və cənubdan gələn hava kütlələrinin təsiri ilə formalaşır. Təbii vilayətdə günəşli saatların illik miqdarı 1900–2200 saat arasında dəyişir. Bunun təqribən 35%-ə qədəri yay aylarına təsadüf edir. Günəşli saatların illik gedişində iyul və ya avqust aylarında müşahidə edilən bir maksimum və yanvarda müşahidə edilən bir minimum qeyd edilir. Lənkəranda günəşli saatlar ən az (1900 saat), Lerikdə ən çox (2100 saat) müşahidə edilir. Günəşli saatların miqdarı dekabr-yanvar aylarında 95–130 saat, iyul-avqust aylarında isə 250–300 saata çatır.[1] Təbii vilayət daxilində ümumi günəş radiasiyasının paylanması da müxtəlifdir.[2] Lənkəran ovalığında və dağətəyi zonada onun illik kəmiyyəti 130 kkal/sm2-a, 300–400 m yüksəklikdə bir qədər azalaraq 125–128 kkal/sm2-a çatır. Bu yüksəklikdən başlayaraq onun kəmiyyəti çoxalır və təqribən 1000 m-də 135 kkal/sm2, 2000 m-də isə 140–145 kkal/sm2 olur. Ümumi günəş radiasiyasının illik gedişində iyun və ya iyulda bir maksimum (18–19 kkal/sm2) və dekabr və ya yanvarda müşahidə edilən bir minimum (5–6 kkal/sm2) nəzərə çarpır. Burada hündürlüyə doğru qış aylarında ümumi günəş radiasiyasının artması, yay aylarında isə azalması nəzərə çarpır. Belə ki, Lənkəran zonal (dəniz səviyyəsindən 37 m yuxarı) meteoroloji stansiyasında dekabr-yanvar aylarında bu göstərici 4,5–5,1 kkal/sm2 olursa, Lerikdə (d.s.-dən 1115 m yuxarı) 5,1–6,1 kkal/sm2-a çatır. İyun-iyul aylarında isə bu göstərici müvafiq olaraq 17,6 və 18,1 kkal/sm2 müşahidə edilir. Bu həmin fəsillərin iqlim şəraiti, ilk növbədə isə atmosfer yağıntılarının və buludluğun rejimi və şaquli zonallığı ilə əlaqədardır. Təbii vilayət daxilində effektiv şüalanmanın gedişi də özünə məxsus səciyyə daşıyır. Belə ki, Lənkəran ovalığının mərkəzi hissəsində onun illik kəmiyyəti 46–48 kkal/sm2 olursa, dağətəyi hissədə 48–50, 1000 m hündürlükdə 50–52 kkal/sm2-a qədər yüksəlir, 2000 m yüksəklikdə isə yenidən azalaraq 40–48 kkal/sm2düşür. Belə hal Lənkəran vilayətinin özünəməxsus landşaft-iqlim xüsusiyyətləri ilə izah edilə bilər. Radiasiya balansı da iqlimin əsas göstəricilərindən biridir və onun illik gedişi Lənkəran vilayətində özünə məxsus səciyyə daşımaqla respublikanın digər dağlıq vilayətlərindən fərqlənir. Burada olan ovalıqda və dağətəyi hissədə illik radiasiya balansı 55–60 kkal/sm2, 1000 m hündürlükdə 50–55 kkal/sm2, 2000 m hündürlükdə isə 45–50 kkal/sm2 miqdarında müşahidə edilir. Yayda 2000 m hündürlüyə qədər olan ərazilərdə radiasiya balansı 24–26 kkal/sm2, 2000 m-dən yuxarıda isə 22–24 kkal/sm2 müşahidə edilir. Qış aylarında isə bu göstərici müvafiq olaraq 4–2 kkal/sm2 və 0–2 kkal/sm2 təşkil edir.[3]Respublikanın mürəkkəb relyef şəraiti, eləcə də Xəzər dənizinin təsiri bütün ölkə ərazisində olduğu kimi Lənkəran təbii vilayətində də müxtəlif istiqamətli küləklərin yaranmasına səbəb olur. Lənkəran vilayətində daha çox briz və dağ-dərə sirkulyasiyası ilə əlaqədar olan qərb, şimal-qərb və cənub şərq istiqamətli küləklər üstünlük təşkil edir. Burada sürəti saniyədə 0–1 və 2–5 m olan küləklər 80% təşkil edir. Daha sürətli, xüsusən sürəti 15 m/s -dən çox olan küləklər burada azlıq təşkil edir. Güclü və qasırğalı küləklər nadir hallarda baş verməklə, əsasən şimal istiqamətdən soyuq hava kütlələrinin qəflətən əraziyə daxil olması ilə əlaqədar baş verir. Çox nadir hallarda isə güclü qərb küləkləri əsir ki, bu da fyön prosesləri ilə əlaqədar yaranır. Qışda vilayətin dənizsahili hissələrində musson xarakterli, qərb və şimal-qərb istiqamətli, dağlıq hissələrdə isə şimaldan soyuq hava kütləsinin gəlməsi ilə əlaqədar yaranan şimal və şimal-şərq istiqamətli küləklər üstünlük təşkil edir. Yazda vilayətdə cənub-şərq istiqamətli küləklər daha çox müşahidə olunur. Yayda küləklər həm dağ-dərə, həm də sahil boyu sirkulyasiya nəticəsində yaranır. Şimal hissədə şərq və cənub-şərq, cənub hissədə qərb, dağlıq hissədə dağ-dərə küləkləri daha çox müşahidə edilir. Payızda sahilboyu düzənlik hissədə qərb və şimal-qərb, dağlıq hissədə şimal-şərq və şimal istiqamətli küləklər daha çox əsir.[4] Vilayət daxilində havanın temperaturunun gedişin də orta illik, fəsillər üzrə, maksimum və minimum göstəricilərdə özünəməxsus səciyyə daşıyır. Belə ki, sahilboyu ovalıq və düzənliklərdə orta illik temperatur 14–14,5 °C, 500–600 m hündürlüklərdə 10–14 °C, 1000 m-də 6–10 °C, 2000 m-də 2–6°C-dir. Yalnız Kömürgöy (2493m) və Qızyurdu (2463m) zirvələri ətrafında orta illik temperatur 0–2°C civarında müşahidə edilir.[5] Çoxillik məlumata görə vilayətin 1000 m hündürlüyə qədər olan hissələrində yanvar ayının orta temperaturu 0° ilə 2 °C arasında, oradan yuxarıda isə −3 °C ilə 0° arasında dəyişir. Yalnız 2000 m-dən yüksək olan hissələrdə ən soyuq ayın orta temperaturu −5 °C ilə −3 °C arasında tərəddüd edir.[6] İyul ayının orta temperaturu sahilboyu rayonlardan 500 m düzənliyə qədər olan hissələrdə 20–25 °C, bəzi hissələrdə 25–27 °C müşahidə edilir. 1000 m-dən yüksək hissələrdə 15–20 °C olmaqla, yalnız zirvələr ətrafında ən isti ayın orta temperaturu 10–15°C-yə qədər azalır. Havanın mütləq maksimum temperaturu hündürlükdən asılı olaraq 40 °C ilə 20 °C, mütləq minimum temperatur isə −14 °C ilə −26 °C arasında tərəddüd edir. Təbii vilayətin dənizsahili hissələrində havanın mütləq rütubətliyi 14–15 mb, dağlıq ərazilərdə isə 4–5 mb arasında müşahidə edilir.[7] Havanın nisbi rütubətliyi xüsusi rola malik olur və onun gedişini səciyyələndirmək üçün adətən saat 13°°-da olan məlumatdan istifadə olunur. Bu göstərici sahilboyu zonada 75%, bir qədər yüksəkdə isə 70% və daha az olur. Sahilboyu zonada havanın nisbi rütubəti ildə 140–150 gün, dağlıq ərazilərdə 50–60 gün 80%-dən artıq, təqribən 5–10 gün isə 30%-dən az müşahidə olunur.

Bütün respublika ərazisində olduğu kimi Lənkəran vilayətində də atmosfer yağıntılarının miqdarı əraziyə müxtəlif istiqamətlərdən gələn hava kütlələrinin bir-birini əvəz etməsindən asılıdır. Məlum olduğu kimi, respublikada ən çox atmosfer yağıntısı ildə 1400–1700 mm olmaqla bu vilayətdə müşahidə edilir.[8]Bütün dağlıq ərazilərdə atmosfer yağıntılarının paylanmasında təxminən eyni qanunauyğunluq müşahidə edilir.[9] Yəni, ən az yağıntı düzən və dağətəyi ərazilərə düşür. Sonra dəniz səviyyəsindən hündürlüyün artması ilə əlaqədar yağıntılar çoxalır, müəyyən hündürlükdə maksimuma çatır, sonra tədricən azalır. Lənkəran vilayətində atmosfer yağıntılarının paylanmasının özünəməxsus xüsusiyyətləri vardır. Bəzən temperatur rejiminin, havanın rütubətinin, əraziyə daxil olan əsas hava kütlələrinin istiqamətinə nisbətən yamacların istiqaməti və meyli, mikroyamacların istiqaməti, yağıntının forması, hava kütləsinin şaquli adveksiyasının sürəti kimi amillərin təsiri ilə yağıntıların rejimində ümumi qanunauyğunluqdan müəyyən sapmalar müşahidə edilir.[10] Böyük Qafqaz dağlarının cənub yamacında atmosfer yağıntılarının illik gedişində maksimum kəmiyyət 2400–2800 m-də (1400–1450 mm), şimal-şərq yamacda 2500–2800 m-də (800–850 mm) müşahidə edilirsə, Talış dağlarının mərkəzi hissəsində maksimum yağıntı 200–600 m-də müşahidə edilir və illik kəmiyyət 1400–1700 m arasında tərəddüd edir. Bundan sonra yağıntıların miqdarı azalır, 2000–2200 m hündürlükdə 300–400 mm təşkil edir. Lənkəran vilayətinin Xəzərə yaxınlığı, nisbətən cənubda yerləşməsi Azərbaycanın digər vilayətlərinə nisbətən burada havanın rütubət saxlama qabiliyyətinin yüksək olmasına səbəb olur. Burada yağıntıların çox düşməsinin əsas səbəbi yüksək termik şəraitlə əlaqədar havada su buxarının daha çox toplanması, həmçinin cənubdan dağlarla (Elburs silsiləsi və s.) qövs şəklində əhatə olunmasıdır. Vilayət daxilində yağıntıların illik gedişi respublikanın bütün Xəzərsahili hissəsində yağıntıların gedişinə bənzəyir. Lakin burada payız maksimumu aydın nəzərə çarpsa da, yaz maksimumu çox zəif ifadə olunur.[11] Respublikanın bütün ərazisində olduğu kimi, Lənkəran vilayətində də çayların qidalanmasında qarların ərinti sularının böyük rolu vardır. Buna görə də, burada da qar örtüyünün yaranması və ərimə tarixlərinin, onun qalınlığının öyrənilməsi xüsusi əhəmiyyət kəsb edir. Xəzər dənizinin təsirinin nəticəsi olaraq Lənkəran vilayətinin xeyli hissəsində qar örtüyü o qədər də davamlı olmur. Vilayətin sahilboyu hissələrində qar örtüyünün orta maksimal qalınlığı 10 sm-ə çatır. Ancaq burada 1–5 sm qalınlığında qar örtüyünün yaranması daha çox təkrarlanır. Dağətəyi hissələrdə qarın qalınlığı artır və daha çox qar 300–600 m hündürlüklər arasında toplanır. 500–800 m-dən yuxarı qar örtüyünün qalınlığı 1–2 sm artır. Bu hündürlükdən sonra qar örtüyünün qalınlığı təxminən eyni səviyyədə olur. Lerikdə qar örtüyünün orta maksimal qalınlığı 24 sm, Yardımlıda isə 11 sm-dır. Lənkəran vilayətində davamlı qar örtüyünün yaranmasının sərhəddi 1400–1500 m-dən başlanır. Lənkəran vilayəti rütubətlənmə dərəcəsinə görə respublikanın digər təbii vilayətlərindən fərqlənir. Burada nisbi rütubətlənmə 100–150%-lə 200–250% arasında dəyişir. Yalnız vilayətin kiçik bir hissəsində, təqribən 1500 m-dən yuxarıda rütubətlənmə əmsalı 25–50% arasında tərəddüd edir ki, bu da Kür-Araz ovalığını xatırladır. Lənkəran vilayətində dumanın paylanması da özünəməxsus səciyyə daşıyır. Vilayətin şimal hissəsi (Viləşçaydan şimala doğru) dumanların daha çox təkrarlanması ilə səciyyələnir. Ərazinin əksər hissəsində dumanlı günlərin təkrarlanması 20 gündən artıq olmur. Nisbətən yüksək hissələrdə belə, dumanlı günlərin sayı ildə 70 günə qədər müşahidə edilir. Cənub hissə isə dumanlı günlərin daha çox təkrarlanması ilə seçilir. 1000 m-dən yuxarıda dumanlı günlərin sayı 100-dən çoxdur.[12]

Respublikada, o cümlədən Lənkəran vilayətində şimşək çaxması müşahidə olunur ki, bu təsərrüfatın müxtəlif sahələrinə, o cümlədən aviasiyaya və energetikaya böyük ziyan vurur. Vilayətdə şimşəkli günlərin sayı 15–25 gün arasında dəyişir. Şimşəkli günlərin sayı həm yüksəklik üzrə, həm də şimaldan cənuba doğru artır. Azərbaycan, o cümlədən Lənkəran ərazisində qar çovğunları az müşahidə edilir və təsərrüfata böyük ziyan vurmur. Vilayətdə qar çovğunu ildə 1–2 dəfə müşahidə edilə bilər. Zərərli atmosfer hadisələrindən biri də doludur. Talış dağlarında dolu düşməsi çox az hallarda müşahidə edilir. 1000–1200 m hündürlüklərdə ildə 2 günə qədər dolu müşahidə edilə bilər. Bundan yuxarıda və aşağıda dolu düşən günlərin sayı daha az olur. Dəniz sahili zonada isə dolu hadisəsi 2–3 ildə bir müşahidə oluna bilər. Lənkəran vilayəti ümumilikdə rütubətli subtropik iqlimə malikdir. Burada əsasən yayı quraq keçən mülayim-isti iqlim, yağıntıları təxminən bərabər paylanan mülayim-isti iqlim yayılmışdır. Yalnız 2000 m-dən yüksək hissələrdə temperatur və yağıntı inversiyası ilə əlaqədar olaraq bir qədər qışı mülayim, yayı quraq-isti keçən yarımsəhra və quru çöl iqlimi formalaşır.[13]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Azərbaycanın iqlimi, 1968
  2. Səfərov S. H., 2000
  3. Şıxlinski Ə. M., 1969
  4. AR-nın aqroiqlim atlası, 1993
  5. SSRİ. iql. sorgu kit. b.15. c. I, 1956, c. II, 1966
  6. Mahmudov R. N., 2007
  7. Şıxlinski Ə. M. 1949
  8. Əyyubov Ə. C. 1975
  9. Selyaninov Q. T., 1961, Şaşko D. İ., 1961
  10. Rəhimov X. Ş., Əhmədova C. N., 2011
  11. SSRİ. iql. sorgu kitabı, b.15., c. I. 1966
  12. BMT iql.dəy. kon. AR I milli məlum. 2000
  13. Azərbaycan Respublikasının Coğrafiyası. III cild. Regional Coğrafiya. Bakı, 2015. səh 400.(M. S. Həsənov, X. Ş. Rəhimov)