Lampaslar - Şalvarın yan tərəflərinə tək və ya çüt şəkildə, enli və ya dar formada tikilən dekorativ parça zolağıdır.
Lampaslardan ilk dəfə skiflər tərəfindən istifadə olunmuşdur.[1]. Orta əsrlərdə lampaslar Fransada hərbi geyimlər üçün istifadə olunurduı. Müxtəlif hərbi hissələrin geyimləri və lampasları rəngləri, eni və tikiş tərzi ilə fərqlənirdi. Prussiya ordusunda 1832-ci ildən generalların lampasları qırmızı, ikiqat, Baş Qərargah zabitlərinin lampasları bənövşəyi rənglərdə idi.
Rusiya ordusunun hərbi mundirlərində lampaslar ilk dəfə 1783-cü ildə general Qriqori Potyomkin tərəfindən keçirilən islahatın gedişində meydana çıxmış, lakin tezliklə Rusiya imperatoru I Pavel tərəfindən keçirilən növbəti hərbi islahat nəticəsində ləğv olunmuşdur. 1803-cü ildə rus ordusunda yenidən, əvvəlcə ulanlardan ibarət hərbi hissədə, sonralar isə digər hərbi hissələrdə tətbiq olunmuşdur. Rusiyada çar ordusunda lampaslar bu və ya digər formalarda 1917-ci ilədək mövcud olmuşdur.
Rusiya imperiyasında lampaslar sülh dövründə də kazak hərbi hissələrinin hərbi mundirlərinin ayrılmaz tərkib hissəsi olmuşdur. Kazak hərbi hissələrinin fərqlənmə rənglərinə uyğun tək cərgəli geniş lampaslardan istifadə edirdilər. Digər rus nizami ordu hissələrindən fərqli olaraq kazaklarda lampaslar sərbəstlik, azadlıq və silki simvol hesab olunurdu.
Rusiya Fəhlə-Kəndli Qızıl Ordusunda generalların hərbi mundirlərində ilk dəfə lampaslardan 1940-cı ildə istifadə olunmuşdur.[2]. Əvvəlcə bütün növ qoşunların ordu generallarının hərbi mundirlərində lampaslar qırmızı rəngdə, aviasiyada göy rəngdə, rabitə, mühəndis, texniki və intendant xidməti üzrə qoşunlarda moruq rəngində olmuşdur. Hər bir lampasın eni 2 sm, 1941-ci ilin fevralından isə 2,5 sm uzunluğunda müəyyənləşdirilmişdir. Az sonra hüquqi və tibbi xidmət üzrə generalların hərbi mundirlərində lampaslar moruq rəngində müəyyən olunmuş, lakin tezliklə ləğv olunmuşdur.
SSRİ Xalq Daxili İşlər Komissarlığının generallarının hərbi mundirlərinin lampasları 1943-cü il 18 fevraldan göy rəngdə, sərhəd qoşunlarının general mundirlərində açıq göy rəndə olmuş, 1945-ci ildə bu rənglər ləğv edilərək qırmızı rənglə əvəz olunmuşdur.[3].
Müxtəlif ölkələrin müasir ordularında, lampaslar ümumiyyətlə yüksək rütbəli zabitlərin, generalların və marşalların fərqləndirici nişanəsidir.[4] XIX əsrdən lampaslar Latın Amerikası xalqlarında kişilərin milli geyimlərinin bir hissəsidir.