Cümhuriyyətsonrakı Azərbaycan ədəbiyyatını tədqiq edərkən mühacirət ədəbiyyatı ilə yanaşı legion ədəbiyyatı da Azərbaycan ədəbiyyatında bu və ya digər şəkildə öz əksini tapır. Mühacirətdə yaranan ədəbi-bədii nümunələrinin mövzu və problematikasını, əsasən vətən, xalq, milli məfkurə barədə düşüncələr yer alırdı ki, bu da Azərbaycanın milli müstəqilliyi, azadlığı uğrunda mübarizəni sönməyə qoymurdu. Azadlığın, müstəqilliyin milli ruhun Azərbaycan xalqının ideya-estetik, düşüncə-məfkurə yaddaşında yaşaması işində legion ədəbiyyatı özünəməxsus yer tutur. Məhdud dairədə yaranmasına və yayılmasına baxmayaraq legion ədəbiyyatı xalqı yenidən yaddaşına qaytardı; iyirmi il keçməsinə baxmayaraq xalqın azadlıq, müstəqillik duyğularını ifadə etdi, bolşevizmin əsarətinə, qadağalara, represiyyalara qarşı çıxdı. Bu cəhətdən Azərbaycan legion ədəbiyyatını siyası mühacirət dünyagörüşünün bədii əksetdirilməsi hesab etmək olar. Çünki legion ədəbiyyatı ideoloji, siyasi qidasını birbaşa siyasi mühacirətin nəzəri-ideoloji düşüncəsindən alırdı.[1]
Mühacirət ədəbiyyatı kimi, legion ədəbiyyatının da yaranması siyası proseslərlə bağlı idi. İkinci dünya müharibəsi illərində almanlara xeyli azərbaycanlı əsir düşmüş və yaxud şüurlu şəkildə almanlar tərəfə keçmişdilər. Azərbaycan legionerlərinin başçılarından olan F. Düdənginskinin verdiyi məlumatda deyilirdi. " Almaniya tərəfə keçən azəri türklərinin sayı 150 min, bütün türklərin və başqa qafqazlıların sayı isə milyona çatırdı". Təkcə azərbaycanlıların deyil, qeyri millətlərin də əsir düşənlərinin çoxluğu almanları bir legion ətrafında birləşdirmənin zərurətinə inandırmış və legionlar təşkil olunmuşdu. Legionların təşkil olunmasında siyasi mühacirətin Sovetlərinin sonunun gəlib çatması və Azərbaycanın yenidən öz milli müstəqilliyinə qovuşması ideyası da mühüm iş görmüşdü. Belə bir siyasi-ideoloji təşkilatmanın ardından legionçuların ədəbi, bədii düşüncəsinin yaranması tamamilə qanunauyğun idi və Azərbaycan legionçularının həm öz yaradıcılığında, həm də müxtəlif şairlərin əsərlərində öz ifadəsini tapırdı.[1]
Legion ədəbiyyatını mühacirət, mühacirət ədəbiyyatını isə sovet Azərbaycanında yaranan ədəbi nümunələrdən ayrı təsəvvür etmək mümkün deyildir. Bu nümunələr legion həyatı yaşamış, özlərini ictimai mücadilənin mərkəzində hiss etmiş, Vətən yadlarından xilas etmək haqqında düşünmüş vətənpərvərləri ürək düöyüntüləri, könül çırpıntıları olmaqla yanaşı, həm də xalqın, millətin ictimai ideallarının ifadəsidir. Bu cəhətdən də legion ədəbiyyatı mühacirət ədəbiyyatınıın bir qolunu təşkil edir. Vətən, Ana, Torpaq, Azadlıq, Müstəqillik, milli şüur və düşüncə və s. kimi ictimai ideallar həm mühacirət, həm də legion yaradıcılığından qırmızı xətt kimi keçir.
Azərbaycan legion ədəbiyyatında poeziya janrı aparıcı janr olaraq diqqəti çəkir. Bunlar içərsində həm hecada, həm də sərbəst olan şeirlərə rast gəlmək mümkündür. Legion həyatı yaşayanların yaradıcılığının baş mövzusunu isə Azərbaycanın müstəqilliyi, tezliklə işğaldan azad olmasına inam hissi tutur. Yazılan hekayə, məqalə, dram, felyetonlar, "Molla Nəsrəddin" ənənəsini yaşadan məzmunlu karikaturalar legion ədəbiyyatının çoxjanrlı və və müxtəlif formalı olduğunu təsdiq edir. Legionçu olan A. Bulaq, Daşqın, Gültəkin, Dəniz, Bəxtiyar, Qafarlı və b. poeziya, Şuşalı, Avaylı, Vulqan, Xaspolad bədii nəsr, felyeton və məqalələr sahəsində fəaliyyət göstərirdi.[1]