Limkokvinq Yaradıcı Texnologiya Universiteti — Malayziyada universitet; İKT üzrə ixtisaslaşmış müasir ali məktəblərdən biri.
Limkokvinq Yaradıcı Texnologiya Universiteti | |
---|---|
2°56′24″ şm. e. 101°39′45″ ş. u.HGYO | |
Əsası qoyulub | 1991 |
Tip | özəl universitet |
Ölkə | |
Ünvan | Malayziya, Saybercaya şəhəri |
Sayt | limkokwing.net |
Vikianbarda əlaqəli mediafayllar |
Limkokvinq Yaradıcı Texnologiya Universitetinin əsası beynəlxalq ali təhsil ocağı olaraq 1991-ci ildə Malayziyanın "Silikon vadisində" - Saybercaya şəhərində qoyulub.
"Hewlett Packard", "L'Oreal", "Maxis", "TB3", "Lewre" kimi məşhur sənaye partnyorları ilə əməkdaşlıq tələbələrə təhsil zamanı iş təcrübəsi əldə etməyə və layihələr üzərində işləməyə imkan verir.
Limkokvinq Yaradıcı Texnologiya Universitetinin şəhərciyi müasir şəkildə tikilib. Belə ki, müxtəlif rəngli bloklar yaradıcılıq sənayesinin, həyatın və təhsil müəssisəsinin fəaliyyətinin xüsusiyyətlərini əks etdirir. Universitetdə yüksək keyfiyyətli təhsil və aktiv həyat tərzi üçün lazımi şərait yaradılıb. Ali məktəbdə fəaliyyət göstərən universitet radiosu, dəb və animasiya studiyası, həmçinin səsyazma, rəqs, foto, kino və televiziya studiyaları, çap və multimedia laboratoriyaları, 25 kompüter sinfi, elektron kitabxana, çoxfunksiyalı zallar, müzakirələr üçün otaqlar peşəkar avadanlıqlarla təchiz edilib. Kompüter laboratoriyaları informasiya texnologiyalarının ən yeni vasitələri ilə hazırlanıb.
Ali təhsil müəssisəsində həmçinin faydalı mənbələri əhatə edən zəngin kitabxana sistemi fəaliyyət göstərir. Kitabxanada ənənəvi nəşrlərlə yanaşı çox sayda elektron resurslar yer alır. Əsas diqqət elektron bazanın inkişaf etdirilməsinə yönəldilib.
Burada oxuculara müxtəlif sahələr üzrə ətraflı və mükəmməl məlumat toplaya bilmək imkanı yaradılıb. Belə ki, universitetin müasir texniki vasitələrlə təchiz olunmuş oxu zallarının yaradılması, elektron kitabxana sisteminin inkişaf etdirilməsi və multimedia xidmətləri ilə təminat tələbələrin lazımi biliklərə yiyələnməsində mühüm rol oynayır.
Limkokvinq Yaradıcı Texnologiya Universiteti geniş beynəlxalq əlaqələrə malikdir, dünyanın bir sıra ali məktəbləri ilə sıx əməkdaşlıq edir, bu amil də ali təhsil ocağının tələbələrinə təhsillərini dünyanın müxtəlif nüfuzlu universitetlərində davam etdirmək imkanı verir. Ali məktəb xüsusilə Böyük Britaniya, ABŞ, Kanada, Avstraliya və Yeni Zelandiya universitetləri və kollecləri ilə sıx əlaqələr qurub. Ali məktəb tələbələrə, əlavə olaraq biznesin təşkili, kompüter elmləri, multimedia texnologiyaları və digər sahələr üzrə master proqramları olaraq 70 tədris kursu təklif edir. Burada, həmçinin, müəllimlər və institututin digər əməkdaşları üçün kurs və proqramlar həyata keçirilir. Həmin proqramlar, əsasən, yeni texnologiyalardan istifadə, xarici dillər, tədris və liderlik bacarıqlarının öyrədilməsi sahələrini əhatə edir.
Limkokvinq Yaradıcı Texnologiya Universitetində informasiya texnologiyaları, dizayn innovasiyaları, multimedia yaradıcılığı, kommunikasiya, media və yayım, biznes menecmentliyi və qloballaşma, memarlıq və tikinti fakültələri ilə yanaşı musiqi və səs, film, televiziya və beynəlxalq dizayn akademiyaları fəaliyyət göstərir.
İnformasiya texnologiyaları fakültəsində kompüter elmləri, informasiya texnologiyaları, multimedia və proqramlaşdırma, mobil/simsiz texnologiyalar, elektron ticarət və oyun texnologiyaları ixtisasları təqdim olunur.
Dizayn innovasiyaları fakültəsində qrafik dizayn texnologiyası, moda və merçandayzinq, sənaye dizaynı, parça və aksesuarlar dizaynı, ticarət markası və qablaşdırma dizaynı bölmələri üzrə tədris həyata keçirilir.
Multimedia yaradıcılığı fakültəsi tele-radio yayımın planlaşdırılması və animasiya qrafiki, kompüter oyunları dizaynı, musiqi və səs texnologiyası, multimedia yaradıcılığı, rəqəmli təsvir və illüstrasiya, rəqəmli media dizayn və veb dizayn texnologiyaları ixtisaslarını əhatə edir.
Kommunikasiya fakültəsində multimedia, reklam və tele-radio yayım, kütləvi informasiya vasitələri, peşəkar kommunikasiya, rəqəmli kino və televiziya, jurnalistika bölmələri fəaliyyət göstərir.
Biznes menecmentliyi və qloballaşma fakültəsində mühasibatlıq, biznesin idarə edilməsi, beynəlxalq biznes, marketinq, turizm menecmentliyi, dövlət idarə etməsi bölmələri tədris olunur.
Memarlıq və tikinti fakültəsində memarlıq texnologiyaları, interyer dizaynı, memarlıq elmləri, inşaat menecmentliyi, istehsalın təşkili, şəhərsalmanın planlaşdırılması və landşaft memarlığı ixtisasları təqdim olunur.
Qlobal şəbəkəsi vasitəsilə universitet 46 ölkədə 66-dan çox şəhərdə yerləşən universitet şəhərciklərinə çıxışı təmin edir. Bu vasitə ilə tələbələr beynəlxalq təcrübəni mənimsəyə və müxtəlif mədəniyyətlərin mahiyyəti ilə dərindən tanış ola bilərlər. Universitetin İngiltərə, Botsvana, İndoneziya, Malayziya, Lesoto, Kamboca, Esvatini Krallığı, Borneo və Çində kampusları fəaliyyət göstərir.
Ali məktəbin tələbələrinə seçim əsasında İngiltərədə 1 semestr təhsil almaq təklif olunur. Bu proqram tələbənin təhsil aldığı ixtisas üzrə ödəniş dəyişikliyi olmadan həyata keçirilir. Limkokvinq Yaradıcı Mükəmməllik Fondu (Limkokwing Foundation for Creative Excellence) istedadlı tələbələrə dəstək məqsədi ilə təqaüdlər təqdim edir.
Limkokvinq Yaradıcı Texnologiya Universiteti tələbələri yataqxana ilə də təmin edir. Yataqxananın otaqları çarpayı, iş stolu, şkaf, kondisioner və digər yaşayış vasitələri ilə təchiz olunub. Həmçinin yataqxana simsiz internet sistemi ilə əhatə olunub. Otaqlarda 1 aylıq yaşayış üçün 154 dollar tələb olunur. Tələbələr həmçinin universitet şəhərciyi xaricində Desaria Vill yaşayış massivində qala bilərlər. Bura da da hər bir mənzil təhsil və istirahət üçün gərəkli bütün vasitələrlə təchiz edilib. Yaşayış massivində camaşırxana, WiFi sistemi ilə əhatə olunmuş kafeteriya, klinika, dəftərxana mağazası, basketbol meydançası, tennis kortu, üzmə hovuzu idman zalı və tədris otağı mövcuddur. Bir nəfər üçün nəzərdə tutulan mənzillərin qiyməti 114 dollardan 231 dollaradək, iki nəfərlik olanların aylıq dəyəri 92 dollardan 190 dollaradək təşkil edir. Həmçinin tələbələrə 491 dollara 4 otaqlı mənzillər, 460 dollara 3 otaqlılar təklif edilir.