Limonium meyeri

Meyer dəvəayağı (lat. Limonium meyeri)[1] - dəvəayağı cinsinə aid bitki növü.[2]

Meyer dəvəayağı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Limonium meyeri (Boiss.) O.Kuntze - Meyer dəvəayağı - Кермек Мейера - Meyer sea pink[3]

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 40-80 (100) sm olan çılpaq çoxillik bitkidir. Kökü yoğun, odunlaşmış, qısa budaqlı kaudekslidir. Bozumtul-yaşıl

rəngli yarpaqlarının hamısı kökyanı, uzunluğu 6-20 (35) sm, eni 4-7 (10) sm enli elliptik və ya tərs yumurtavaridir. Çoxsaylı çiçək saplaqları süpürgəvari-budaqlıdır. Qısa sünbülcüklər şəklində yığılan çiçəkləri, cəm olaraq süpürgəvari çiçəkqrupu əmələ gətirir. Sünbülcüklər xırda, 2-4 çiçəklidir. Tacı əlvan bənövşəyidir. Avqust-oktyabr aylarında çiçəkləyir və meyvə verir.[3]

Mənşəyi və yayılması[redaktə | mənbəni redaktə et]

Meyer dəvəayağı kserofil coğrafi tipinin aralıq dənizi sinfinin şərqi-aralıq dənizi qrupuna aiddir. Balkan-Kiçik Asiya ölkələri, İran, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda meyer dəvəayağı Abşeron, Qobustan, Samur-Dəvəçi, Xəzəryanı, Kür-Araz və Lənkəran ovalıqları, Alazan-Əyriçay vadisi və Bozqır yaylası rayonlarında, əsasən aranda və az miqdarda dağətəyində rast gəlir.[3]

Ekoloji qrup və bitdiyi yerlər[redaktə | mənbəni redaktə et]

Halomezokserofitdir, səhra, çalçəmən və psammofit-litoral bitkilik tiplərində rast gəlir. Yarımsəhrada, şoran torpaqlarda, şoran çəmənlərdə, dəniz sahili və çay vadiləri boyunca

böyük sahələrdə, bitkilərin çox az olduğu yerlərdə sıx olmayan açıq bənövşəyi rəngli ləkələr əmələ gətirir.[3]

Kimyəvi tərkibi[redaktə | mənbəni redaktə et]

Aşı maddələri və karbohidratlarla zəngindir.[3]

Təsiri və tətbiqi[redaktə | mənbəni redaktə et]

Xalq təbabətində tətbiq edilir. Əsasən ishal, ilan və əgrəb vurma, ağızda iltihab prosesi zamanı istifadə olunur.

İstifadə olunan hissələri - Müalicə məqsədi ilə bitkinin kökü istifadə edilir.

İstifadə formaları - Dəmləmə və toz şəklində.[3]

Digər faydalı xüsusiyyətləri və istifadəsi[redaktə | mənbəni redaktə et]

Boyaq, bal verən, çiçəkləmə vaxtı gözəl dekorativ bitkidir. Köklərinin ekstraktı dərilərin aşılanmasında istifadə oluna bilər. Yerüstü hissəsindən süpürgə bağlanır.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. 1 2 3 4 5 6 7 Mehdiyeva N.P. «Azərbaycanın dərman florasının biomüxtəlifliyi», Bakı, 2011