Bu səhifədə iş davam etməkdədir. Müdaxilə etməyə tələsməyin!
|
Litosfer tavaları—Güman edilir ki, Yerin geoloji inkişafı dövründə okean və quru sahələrinin formalaşması, yerləşdiyi ərazilər və tutduğu sahələr daim dəyişmişdir. Ona görə ki, Yer qabığı böyük parçalar formasında mantiyanın üzərində daimi olaraq müxtəlif istiqamətlərdə hərəkət edir. Bu hərəkət ildə bir neçə sm-dən 8-10 sm-ə qədər sürətlə davam edir.
Yer qabığı üst mantiya ilə birlikdə bərk təbəqə olan litosferi əmələ gətirir. Bu təbəqə litosfer tavaları adlanan ayrı-ayrı parçalardan ibarətdir. Onlar litosferin geniş ərazilərini əhatə edən hissələridir. Litosfer tavalarının qalınlığı 50-200 km arasında olur, üst mantiyanın yumşaq plastik təbəqəsi olan astenosfer üzərində üfüqi istiqamətdə “sürüşür”. Mantiyanın üst hissəsində maddələrin yerdəyişməsindən əmələ gələn qüvvə litosfer tavalarının hərəkətinə səbəb olur. Mantiyadan Yer səthinə doğru qalxan güclü maqma axını litosfer tavalarını hərəkət etməyə məcbur edir. Yer səthində relyefin formalaşması, materiklərin yerdəyişməsi və formasının dəyişməsi litosfer tavalarının hərəkəti ilə bağlıdır.
Sərhədlərinin keçməsindən asılı olaraq materik və okean tipli litosfer tavaları ayrılır. Əhatə etdiyi əraziyə görə litosfer bir neçə iri tavaya bölünür. Avrasiya, Şimali Amerika, Cənubi Amerika, Afrika, Hind-Avstraliya, Antarktida və Sakit okean Yer üzərində ayrılan əsas litosfer tavalarıdır. Yerdə bir neçə kiçik litosfer tavaları da ayrılır (Filippin, Karib, Ərəbistan, Kokos və Naska). Sakit okean yalnız okean yer qabığına, digər əsas litosfer tavaları həm materik, həm okean yer qabığına malikdir.
Litosfer tavalarının yaxınlaşma sərhədləri konvergent sərhədlər adlanır. Litosfer tavalarının kənarlaşma sərhədlərinə divergent sərhədlər deyilir. Kiçik tavalardan Ərəbistan materik tipli, qalanları isə okean tipli yer qabığından ibarətdir. [1][2]