Lyudmila Mirzəyeva (tam adı: Lyudmila Musa qızı Mirzəyeva) — Azərbaycan alimi, AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun texnika elmləri doktoru, dosent.[1]
Lyudmila Mirzəyeva | |
---|---|
Lyudmila Musa qızı Mirzəyeva | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | kimya |
Elmi dərəcəsi | texnika elmləri doktoru |
Elmi adı | dosent |
İş yeri | AMEA Neft-Kimya Prosesləri İnstitutu |
Təhsili | Neft-Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti), Kimya-texnologiya fakültəsi |
Lyudmila Musa qızı Mirzəyeva 1953-cü il may ayının 16-da Azərbaycan Respublikası Naxçıvan şəhərində anadan olmuşdur. O, 1970-ci ildə Xaçmaz rayonu Muxtadır qəsəbəsində orta məktəbi bitirdikdən sonra, həmin ildə Neft-Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Kimya-texnologiya fakültəsinə daxil olmuşdur.
İnstitutu bitirdikdən sonra 1975-ci ildə təyinatla AMEA-nın Y.H.Məmmədəliyev adına Neft-kimya Prosesləri İnstitutuna göndərilmiş və Krekinq və piroliz laboratoriyasında mühəndis vəzifəsində işə başlamışdır. 1982-ci ildə «Avtomobil benzinləri və onlara yüksəkoktanlı əlavələr» laboratoriyasında mühəndis vəzifəsində işləmişdir. 1984-cü ildə «Effektli emulqatorlardan istifadə etməklə karbohidrogenli yanacaq kompozisiyaların yaradılması və onların alınması texnologiyasının işlənib hazırlanması» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və texnika elmləri namizədi elmi dərəcəsini almışdır. 1986-cı ildə böyük elmi işçi vəzifəsinə keçirilmişdir. 1995-ci ildə baş elmi işçi elmi adını almışdır. 2002-ci ildən aparıcı elmi işçi vəzifəsini icra etmişdir. 2004-cü ildən “Avtomobil benzinləri” laboratoriyasında aparıcı elmi işçi vəzifəsində çalışmışdır. 2015-ci ildə “Ağır neft qalıqlarının termooksidləşdirici emalı prosesindən mühərrik yanacaqlarının və hidrogentərkibli qazın alınması texnologiyasının işlənib hazırlanması” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və texnika üzrə elmlər doktoru elmi dərəcəsini almışdır.
L.M.Mirzəyevanın elmi fəaliyyətinin əsas istiqamətini tərkibində kükürdlü birləşmələrin və benzolun miqdarı az olan Avro-3 və Avro-4 tələblərinə cavab verən ekoloji təhlükəsiz avtomobil benzinlərinin alınması texnologiyasının işlənib hazırlanması, müasir fiziki-kimyəvi analiz üsulları ilə Azərbaycan neftlərinin qarışığından alınmış katalitik krekinq benzininin tərkibi, fraksiyalar üzrə kükürdlü birləşmələrin paylanması reduksiyaedici – hidrogentərkibli qazın atmosferində ənənəvi hidrogenləşmədən istifadə etmədən və kükürdü sulfonlara və sulfoksidlərə qədər oksidləşdirərməklə alternativ oksidləşdirici kükürdsüzləşdirmə üsullarından istifadə etməklə benzinin tərkibində kükürdün miqdarının aşağı salınması təşkil edir.
Onun rəhbərliyi altında bir namizədlik dissertasiya işi müdafiə olunub. Apardığı elmi tədqiqat işlərinin nəticələri 90 elmi əsərdə, o cümlədən 55 məqalə, 31 tezis, 4 Müəlliflik Şəhadətnaməsində öz əksini tapmışdır.