Mübariz Əmirov

Mübariz Mirəziz oğlu Əmirov (1947, Dəvəçi) — Azərbaycan pedaqoq-alimi, pedaqoji elmlər doktoru, professor.

Mübariz Əmirov
Mübariz Mirəziz oğlu Əmirov
Doğum tarixi 1947
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elm sahəsi pedaqogika
Elmi dərəcəsi pedaqogika üzrə elmlər doktoru
Elmi adı professor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1947-ci ildə Azərbaycan SSRİ-nin Dəvəçi (indiki Şabran) rayonunda ziyalı ailəsində anadan olub, 1954–1965-ci illərdə Dəvəçi şəhər 1 saylı orta məktəbində, orta təhsil, 1969–1973-cü illərdə V. İ. Lenin adına APİ-nin tarix fakültəsində ali təhsil alıb. 1973–1974-cü tədris ilində Dəvəçi rayonu Baş Əmirxanlı kənd orta məktəbində tarix müəllimi, eyni zamanda axşam fəhlə-gənclər orta məktəbinin direktoru, 1974–1975-ci tədris illərində Dəvəçi rayonu Surra kənd məktəbində direktor müavini işləyib. 1975-ci ilin dekabrında Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun hüququn tədrisi metodikası ixtisası üzrə əyani aspiranturaya daxil olub. 1978-ci ildə aspiranturanı qurtarıb. 1978-ci ildən 1985-ci ilədək ETPEİ-da kiçik elmi işçi işləyib. 1985-ci ilin may ayının 25-də hüquq elmləri doktoru, professor Murtuz Ələsgərovun və pedaqoji elmlər doktoru, professor Əjdər Ağayevin rəhbərliyi ilə Tbilisi şəhərində Puşkin adına Tbilisi Pedaqoji Universitetində "Hüquqi biliklərin verilməsi prosesində şagirdlərin müstəqil işlərinin səmərəli təşkili" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək pedaqoji elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

1985-ci ildən 1999-cu ilədək Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunda "Tarix, coğrafiya və hüququn tədrisi metodikası" şöbəsinin müdiri, 1986-cı ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Türk, Şərqi Avropa xalqları tarixi və tarixin tədrisi metodikası" kafedrasında dosent vəzifəsində işləyib. 2008-ci ildə Bakı şəhərində "Tarixin tədrisində şagirdlərdə siyasi mədəniyyətin formalaşdırılması üzrə işin sistemi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2014-cü ildən həmin kafedranın professorudur. O, tarix fakültəsinin və ADPU-da fəaliyyət göstərən Müdafiə Şuralarının üzvüdür. Təhsil Nazirliyinin elmi-metodik şurasının tarix bölməsinin üzvüdür. Ailəlidir, iki övladı var.

Təhsili, elmi dərəcəsi və elmi adları

[redaktə | mənbəni redaktə et]
1985-ci il 11 may — Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun əməkdaşları. Oturanlar (soldan sağa) — Yaşar Əliyev, Ağadadaş Babayev, Əlişah Gərayev. Ayaq üstə — Ənvər İmanov, Natiq Axundov, Mübariz Əmirov
  • 1973-cü ildə V. İ. Lenin adına APİ-nin tarix fakültəsini bitirib
  • 1985-ci ildə Tbilisi şəhərində "Hüquqi biliklərin verilməsi prosesində şagirdlərin müstəqil işlərinin səmərəli təşkili" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.
  • 2008-ci ildə Bakı şəhərində "Tarixin tədrisində şagirdlərdə siyasi mədəniyyətin formalaşdırılması üzrə işin sistemi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

· 1973–1974-cü illərdə Dəvəçi (indiki Şabran) rayonu Baş Əmirxanlı kəndində tarix müəllimi və axşam (növbəli) fəhlə-gənclər məktəbinin direktoru

· 1974–1975-ci illərdə Dəvəçi (indiki Şabran) rayonu Surra kənd məktəbində direktor müavini

· 1975–1978-ci illərdə Azərbaycan SSR Maarif Nazirliyinin Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun əyani aspirantı.

· 1978–1985-ci illərdə ETPEİ-də kiçik elmi işçi

· 1985–1999-cu illərdə ETPEİ-nun "Tarix, coğrafiya və hüququn tədrisi metodikası" şöbəsinin müdiri.

· 1986-cı ildən hal-hazıra qədər Azərbaycan Dövlət Pedaqoji Universitetinin "Türk, Şərqi Avropa və tarixin tədrisi metodikası" kafedrasının dosenti. 2014-cü ildən həmin kafedranın professorudur.

· Apardığı dərslər: "Tarixin tədrisi metodikası", "İnsan və cəmiyyət", "Tarixin interaktiv təlimi metodikası", "Ümumi təhsil kurikulumunun əsasları".

Tədqiqat sahəsi

[redaktə | mənbəni redaktə et]

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı

· 2010-cu ildə Naxçıvan Muxtar Respublikasında pedaqoji elmlərin tədrisinə həsr edilmiş ümumrespubilka konfransında "Tarixin təlimində şagirdlərdə siyasi mədəniyyətin formalaşdırılması" mövzusunda tezislərlə çıxış etmiş

· 2010-cu ildə Moskva şəhərində "Humanitar elmlərin tədrisi" mövzusunda olan beynəlxalq konfransda "Tarixin təlimində yeni texnologiyalardan istifadə etməklə şagirdlərdə siyasi mədəniyyətin formalaşdırılması" mövzusunda tezislərlə çıxış etmiş.

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]

· Tarix, insan və cəmiyyət fənlərinin tədrisində şagirdlərdə siyasi mədəniyyətin formalaşdırılması, ADPU-nun nəşriyyatı, Bakı, 1994-cü il, 125 səh.

· Tarixin tədrisində şagirdlərdə siyasi mədəniyyətin formalaşdırılması üzrə işin sistemi, Mütərcim, Bakı, 2004-cü il, 174 səh.

·Azərbaycan Xalq Cümhuriyyəti mövzusunun öyrədilməsində şagirdlərdə siyasi mədəniyyətin formalaşdırılması. Türkiyə Respublikası, İstanbul, Egitim. Bilim jurnalı, 1999-cu il, № 5

· İnsan və cəmiyyət. Ali məktəblərin tarix fakültəsi tələbələri üçün dərs vəsaiti. Bakı, 2010, 581 səh.

· Ümumtəhsil məktəblərində tarixin fəal/interaktiv təlimi metodikası. Ali məktəblərin tarix fakültəsi tələbələri üçün dərs vəsaiti. Bakı, 2014, 680 səh.

Mübariz Əmirovun 200-dən çox qəzet, 100-dən çox jurnal məqalələri, monoqrafiyaları, proqramları, dərslikləri, dərs vəsaitləri və metodik vəsaitləri var

Nəşr edilmiş kitabların annotasiyası

1. Mübariz Mirəziz oğlu Əmirov. Tarix, insan və cəmiyyət fənlərinin tədrisində şagirdlərdə siyasi mədəniyyətin formalaşdırılması". Bakı, ADPU-nun nəşriyyatı, 1994, 125 səh.

Monoqrafiyada şagirdlərin siyasi mədəniyyətini daha aydın şəkildə nəzərə çatdırmaq üçün tarix, insan və cəmiyyət fənlərinin tədrisində eləcə də, dərsdənkənar və məktəbdənkənar tədbirlərin nümunələri verilib. Monoqrafiyada siyasi mədəniyyətin mahiyyəti, vəzifələri, prinsipləri, vasitə və üsulları yetərincə işıqlandırılıb. Müəllifin tarixin təlimində şagirdlərdə siyasi mədəniyyətin formalaşdırılmasına yönəltdiyi dərs, sinifdənxaric və məktəbdənkənar tədbirlərin nümunələri tarix təliminin tərbiyəedici imkanlarının xüsusi əhəmiyyət kəsb etdiyini nümayiş etdirir. Monoqrafiyada hədəf kimi götürülmüş tarix təlimində şagirdlərdə siyasi mədəniyyətin formalaşdırılması problemi əsasən həll edilib. Monoqrafiya böyüməkdə olan gənc nəslin milli ideologiyasının nəzəri və təcrübi problemləri ilə məşğul olan mütəxəssislər, ictimai-humanitar fənn müəllimləri, məktəb rəhbərləri, məktəbdənkənar tərbiyə müəssisələrinin rəhbərləri üçün nəzərdə tutulub.

2. Mübariz Mirəziz oğlu Əmirov kollektiv müəlliflərlə birlikdə "İnsan və cəmiyyət" 11-ci sinif üçün dərslik. Bakı: Təhsil, 1994, 192 səh.

Orta məktəbin 11-ci sinfi üçün nəzərdə tutulmuş bu dərsliyi M. M. Əmirov kollektiv müəlliflərlə hazırlayıb. Dərsliyin əsas qayəsi cəmiyyətin mənəvi həyat sistemini təşkil edən başlıca elementlərin — əxlaqın, incəsənətin, dinin, hüququn və s. mahiyyətinin şagirdlər üçün açıqlanmasından, mənəvi həyat sahələrinin və onlarda yaranan müvafiq sosial mühitin insanın bir şəxsiyyət, vətəndaş kimi formalaşmalarında və inkişafında oynadıqları rolun araşdırılmasında məktəblilərə kömək edir. Dərslikdə dövlətin, hüququn, tarixi şəxsiyyətlərin və siyasətin cəmiyyətdəki rolu məsələləri şagirdlərin başa düşəcəyi tərzdə şərh edilib.

3. Mübariz Mirəziz oğlu Əmirov və İbrahim İsa oğlu İsmayılov. Azərbaycan Respublikası Konstitusiyasının əsasları. "Orta ümumtəhsil məktəblərinin IX sinfi üçün dərslik". Bakı, Təhsil, 1998, 219 s.

Dərslikdə müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də qəbul edilmiş Əsas Qanunun təfsiri verilib. Dərslikdə Azərbaycan Respublikası Konstitusiyasının 5 bölməsi, XII fəsli, 158 maddəsinin şərhi verilib. Şərh və təfsirlər 9-cu sinif şagirdlərinin başa düşəcəyi tərzdə verilib.

4. Mübariz Mirəziz oğlu Əmirovun metodik işləmələri əsasında kollektiv müəlliflərin hazırladıqları "İnsan hüquqlarının tədrisi". Bakı, Çaşıoğlu, 2003-cü il, 336 səh.

Həmin metodik vəsait orta məktəblərin IX–XI sinif , lisey, gimnaziya və pedaqoji məktəb tələbələri üçün nəzərdə tutulub. Metodik vəsaitdə insan hüquqlarının öyrənilməsi zəruriliyi, fəal təlim metodları, insan hüquqları üzrə aktual mövzuların şərhi dərs nümunələri əsasında verilib.

5. Mübariz Mirəziz oğlu Əmirov. "Tarixin tədrisində şagirdlərdə siyasi mədəniyyətin formalaşdırılması üzrə işin sistemi". Bakı, Mütərcim, 2004, 176 səh.

Monoqrafiyada tarixin tədrisi prosesində şagirdlərdə siyasi mədəniyyətin formalaşdırılması araşdırılıb. Bu məqsədlə XX əsrin əvvəllərindən bu günlərimizədək ümumtəhsil məktəblərinin proqramları, dərslikləri təhlil edilib. Eləcə də, problemin işlənmə səviyyəsi araşdırılıb. Problemlə bağlı məktəb təcrübəsi öyrənilərək ümumiləşdirilib. Monoqrafiyada şagirdlərdə siyasi mədəniyyəti formalaşdıracaq ictimai şüur formalarını özündə əks etdirən mövzuların tədrisi ən optimal təlim metodları ilə verilib. Əsərdə şagirdlərdə siyasi mədəniyyətin formalaşdırılmasının fəlsəfi, pedaqoji, psixoloji əsasları əks etdirilib, eləcə də, şagirdlərdə siyasi mədəniyyətin formalaşdırılmasının məqsədi, vəzifələri, prinsipləri, forma və metodları yetərincə işıqlandırılıb. Bir sözlə, monoqrafiyada tarix təlimində şagirdlərdə siyasi mədəniyyətin formalaşdırılması üzrə işin sistemi yetərincə əks etdirilib.

6. Mübariz Mirəziz oğlu Əmirov. "Orta məktəbdə tarixin tədrisinin aktual problemləri" (metodik vəsait). Bakı, ADPU-nun nəşri, 2009, 160 səh.

Metodik vəsaitdə tarixin təliminin aşağıda sadalanan aktual problemləri öz həllini qismən tapıb:

1. Tarix təlimində fənlərarası əlaqədən istifadənin imkan və yolları; 2. Tarix təlimində anlayışların formalaşdırılması; 3. Tarix təlimində mətnlə işin təşkili; 4. Tarix təlimində şagirdlərin müstəqil işlərinin səmərəli təşkili; 5. Tarix təlimində təkrar dərslərinin səmərəli təşkili; 6. Tarix dərslərində kütləvi informasiya vasitələrindən istifadənin imkan və yolları; 7. Tarixin problemli təlimi; 8. Azərbaycan tarixinin təlimində dövlət atributlarından istifadə etməklə şagirdlərdə vətəndaşlıq tərbiyəsinin formalaşdırılması və s.

7. Mübariz Mirəziz oğlu Əmirovun. "İnsan və cəmiyyət". Ali məktəblərin tarix fakültəsi tələbələri üçün dərs vəsaiti. Bakı, ADPU-nun nəşriyyatı, 2010, 581 səh.

Dərs vəsaitində fənnin proqramı, proqrama uyğun təlim materiallarının şərhi verilib. Bunlar aşağıdakılardır:

1. İnsan təbiətin övladı, cəmiyyətin üzvüdür; 2. İnsan insanlar arasında; 3. Əxlaq; 4. Siyasət, onun icraçıları və yaradıcıları; 5. İnsan və vətəndaş; 6. İnsan və iqtisadi həyat; 7. İnsan inkişafı; 8. İnsan və vətəndaşın hüquq və azadlıqları; 8. Hüquq və dövlət; 9. Qanun və dövlət; 10. Demokratiya və cəmiyyət; 11. Demokratik cəmiyyətdə seçkilər; 12. Cəmiyyətin mənəvi həyatı; 13. Bəşəriyyətin qlobal problemləri;

14. Terminlər lüğəti və istifadə edilmiş ədəbiyyat siyahısından ibarətdir.

8. Mübariz Mirəziz oğlu Əmirov. "Ümumtəhsil məktəblərində tarixin fəal/interaktikl təlimi metodikası. Ali məktəblərin tarix fakültəsi tələbələri üçün dərs vəsaiti. Bakı, ADPU-nun nəşriyyatı, 2014, 668 səh.

Dərs vəsaitində fənnin məzmununu təşkil edən 60 saatlıq təxmini proqram materialları verilib. Vəsaitdə tələbələrin dayaq biliklərinin əsasını təşkil edən ənənəvi təlim üsulu ilə yanaşı, yeni təlim texnologiyalarına geniş yer verilib. Vəsaitdə tarixin təlimi metodikasının mühüm bölmələri əhatə olunub. Həmin bölmələr aşağıdakılardan ibarətdir:

1. Azərbaycan Respublikasının təhsil sahəsində dövlət siyasətinin əsas prinsipləri. Tarix təlimi metodikası pedaqoji fənlərdən biri kimi, onun predmeti, məqsədləri, təlim-tərbiyəvi vəzifələri; 2. Tarixin təlimi metodikasının mənbələri, pedaqoji-psixoloji və başqa elmlərlə əlaqəsi. Tarix təlimi metodikasının komponentləri və tədqiqat metodları; 3. Tarix təlimi tarixi həqiqətlərin dərk edilməsi prosesi kimi; 4. Ümumtəhsil məktəblərində tarix təhsilinin inkişaf mərhələləri; 5. Ümumtəhsil məktəblərində tarixin təlimi metodikası elminin inkişafı; 6. Təhsil. Təhsilin məzmunu və sistemi, təhsilalma formaları. Ümumtəhsil məktəblərinin planları və tədris proqramları; 7. Məktəb tarixi təhsilinin müasir sistemi, Azərbaycan tarixi və ümumi tarix kurslarının öyrənilməsi qaydası. Tarixdən müasir məktəb kurikulumlarının məzmunu. Kurikulumların quruluşu və əsas tərkib hissələri; 8. Məktəbdə tarix təlimi prosesinin mahiyyəti və onun planlaşdırılması. Tarix təliminin prinsipləri və funksiyaları; 9. Tarix təliminin təşkilat formaları. Tarix təliminin idrakı və psixoloji əsasları. Məktəb tarix təlimi prosesinin qanunauyğunluqları; 10. Tarix təliminin məzmunu anlayışının mahiyyəti. Şagirdlərin elmi dünyagörüşünün formalaşdırılmasında tarixi biliklərin rolu. Tarix təliminin məqsədləri ilə məzmunu arasında uyğunluq; 11. Məktəb tarix dərsliyinə verilən tələblər. V–XI siniflərin tarix dərsliklərinin təhsil-tərbiyə və inkişafetdirici vəzifələrinin xarakteristikası – onların arasında ardıcıllıq və varislik; 12. Tarixdən təlim materiallarının məzmununun quruluşu; 13. Şagirdlərdə tarixi təsəvvürlərin yaradılması – tarixi biliklərin mənimsədilməsinin əsas vasitəsidir; 14. Miqdar, ardıcıllıq, zaman və məkan haqqında təsəvvürlərin yaradılması; 15. Səbəb, nəticə əlaqələrinin, tək-tək, xüsusi və ümumi münaisbətlərin açılıb göstərilməsi; 16. Təlimində abstraktlaşdırma və ümumiləşdirmə; 17. Tarix təlimində müqayisə priyomundan istifadə imkanları; 18. Tarixi anlayışların təşəkkülü, təsnifatı, təlim-tərbiyəvi əhəmiyyəti. Tarixi anlayışların açılmasının üsul və vasitələri; 19. Biliklərin mənimsənilməsində şagirdlərin qavrayış və təfəkkürünün rolu; 20. Şagirdlərin tarixi qanunauyğunluğu başa düşməyə gətirib çıxarılması; 21. Tarix təlimində tarixi proseslərin dövrləşdirilməsi anlayışının mənimsənilməsi; 22. Təlim prosesində müəllim və şagirdlərin fəaliyyəti; 23. Təlim vasitələrinin ümumi xarakteristikası; 24. İnkişafetdirici təlim. Təfəkkürün, bacarıq və vərdişlərin mahiyyəti və inkişafına dair metodik ədəbiyyatda fikir müxtəlifliyi; 25. Təlim prosesində formalaşdırılan əsas bacarıqların təsnifatı; 26. Şagirdlərdə tarixi materialları analitik təhlil və sintez etmək bacarıqlarının formalaşdırılması; 27. Tarixi hadisə və təzahürləri müqayisə etmək bacarıqlarının formalaşdırılması; 28. Nəticələri qısa ifadə etmək, əsaslandırmaq, sübut etmək bacarıqlarının formalaşdırılması; 29. Şagirdlərin nitqinin inkişaf etdirilməsi, onlarda tarixi materialı şərh etmək bacarığının formalaşdırılması; 30. Tarix təhsili və təlimi, onların əsas kateqoriyaları. Təlim metodlarının təsnifatı; 31. Şifahi şərh metodu; 32. Dərsliyin mətni ilə iş üsulları; 33. Tarixi sənədlə iş; 34. Tarix təlimində bədii ədəbiyyatdan istifadə; 35. Əyani təlimin funksiyaları və əhəmiyyəti; 36. Texniki təlim vasitələrindən istifadə; 37. Tarix dərslərində tədris şəkilləri ilə iş üsulları; 38. Xəritə ilə iş; 39. Tarix dərsi; 40. Tarix müəllimi; 41. Tarix üzrə sinifdənxaric işlər; 42. Məktəbdə kompüterləşdirilmiş tarix kabineti;43. Tarixin tədrisi metodikasında işlədilən anlayışların şərhi və s.

9. Mübariz Mirəziz oğlu Əmirov. "Tarix dərslərində şagirdlərdə elmi dünyagörüşün formalaşdırılması"Bakı, ADPU-nun nəşriyyatı, 2014, Ali təhsilin magistratura pilləsi üçün dərs vəsaiti. Bakı, ADPU-nun nəşriyyatı, 2014, 126 səh.

Dərs vəsaiti 3 fəsil, 12 yarımfəsildən ibarətdir. Vəsaitdə elmi idrak və onun formaları və metodları şərh edilir. Dünyagörüşün mahiyyəti və məzmunu sadə və aydın şəkildə verilib.

Magistrantlar üçün nəzərdə tutulmuş dərs vəsaitində şagirdlərdə dünyagörüşü formalaşdıracaq mövzuların imkanları araşdırılaraq interaktiv dərs nümunələri verilib. Verilən dərs nümunələri birbaşa şagirdlərdə dünyagörüşün formalaşdırılmasına yönəldilib.

10. Mübariz Mirəziz oğlu Əmirov. "Tarix üzrə dərsdənkənar iş". Metodik vəsait. Bakı, ADPU-nun nəşriyyatı, 2014, 116 səh.

Metodik vəsaitdən ali təhsilin bakalavr, magistratura, doktorantura səviyyələrində fəaliyyət göstərənlər istifadə edə bilərlər. Metodik vəsait bu sahədəki boşluğu doldurmaqla tarix təlimini öyrənənlərə bir çox problemləri həll etməkdə kömək edəcək.

Metodik vəsaitdə əsasən aşağıda sadalanan problemlər işıqlandırılıb:

1. Tarix üzrə dərsdənkənar və məktəbdənkənar işlərin elmi-nəzəri əsasları, problemin işlənmə səviyyəsi, dərsdənkənar və məktəbdənkənar işlərin mənbələri, xüsusiyyətləri, mahiyyəti və təşkili formaları tədqiq edilib, öyrənilib və ümumiləşdirilib;

2. Metodik vəsaitdə tarix üzrə sinifdənxaric işlərin – diyarşünaslıq, tədqiqat metodu, məktəb muzeylərinin tərtibi, fakültativ məşğələlərin, sinifdənxaric oxu, elmi seminarlar, dərnək və viktorinaların səmərəli təşkilinə aydınlıq gətirilib.

3. Vəsaitin diqqət çəkən cəhətlərindən biri də dərsdənkənar və məktəbdənkənar tədbirlərin tərbiyəvi imkanlarından səmərəli istifadə edilməsinin optimal yollarının müəyyən edilməsidir.

4. Vəsaitdə məktəbdənkənar tərbiyə müəssisələrinin şəbəkəsinə aid yetərli materiallar verilib. Məktəbdənkənar tədbirlərin tədris ekskursiyaları kimi nümunələri də verilib.

Mübariz Mirəziz oğlu Əmirovun rəhbərliyi altında tarixin tədrisi metodikası ixtisası üzrə alimlik dərəcəsi alanların siyahısı:

· 1995-ci ildə "IX-XI siniflərdə tarixin tədrisində kütləvi informasiya vasitələrindən istifadə və təlimin keyfiyyətinə onun təsiri" – Ələkbərov Sabir Murad oğlu.

· 1997-ci ildə "Tarixdən təkrar dərslərinin təşkili üzrə işin sistemi" — Veyisov Arif Hacı oğlu.

· 1998-ci ildə "Tarixin tədirsində məktəb mühazirə və seminarlarından istifadə üzrə işin sistemi" – Ərsoy Özkan Xəlil oğlu.

· 1998-ci ildə "Orta ümumtəhsil məktəblərində Azərbaycan tarixinin tədrisi prosesində şagirdlərin müstəqil işlərinin təşkili" – Ələsgərov Baxış İslam oğlu.

· 2009-cu ildə "Azərbaycan tarixinin tədrisində şagidrlərdə tarixi anlayışların formalaşdırılması üzrə işin sistemi (V–XI siniflərin materilaları əsasında)" – Cəlilov Azər Müzadil oğlu.