Mülkiyyət toxunulmazlığı

Mülkiyyət toxunulmazlığı prinsipinə əsasən, heç kəs qanunda və beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

Azərbaycan qanunvericiliyində mülkiyyət toxunulmazlığı

[redaktə | mənbəni redaktə et]

Mülkiyyət hüququnun toxunulmaz olduğu həm Azərbaycanda əsas qanun olan Azərbaycan Respublikasının Konstitusiyasında və eyni zamanda Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz.

Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarilə şəxsin mülkiyyət hüququnun tanınması və qorunması kimi müəyyən etmişdir. Eyni zamanda "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində[1] göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.

Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət insanın əşyaya münasibətini ifadə edir. Belə ki, mülkiyyətçi öz əşyası ilə bağlı digər, kənar şəxslərlə də münasibətdə olur. Buna görə də mülkiyyət təkcə insanın əşyaya münasibətində deyil, həmin əşya barəsində insanlar arasındakı münasibətlərdə özünü göstərir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində öz əksini tapmışdır:

  • I. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
  • II. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər.
  • III. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin layaqəti əleyhinə istifadə edilə bilməz.[2]

Eyni zamanda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsində mülkiyyət toxunulmazlığı geniş təsnifatla verilmişdir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu:

  • 152.1. Mülkiyyət hüququ — subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
  • 152.2. Sahiblik hüququ — əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
  • 152.3. İstifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüququ cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. əmlakın (əşyanın)
  • 152.4. Sərəncam hüququ — hüquqi müqəddaratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.[3]
  1. "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunu, Bakı şəhəri, 29 iyun 2004-cü il, № 713-IIQ
  2. Azərbaycan Respublikası Kostitutsiyası (2009) 972-III QD-2009-cu il 18 mart
  3. 26 may 2000-ci il tarixli 886-IQ nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsi

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]