Müsəlman Zəhmətkeş Ziyalılar İttifaqı

Müsəlman Zəhmətkeş Ziyalılar İttifaqıAzərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş qeyri-hökumət təşkilatı.

Müsəlman Zəhmətkeş Ziyalılar İttifaqı
Yaranma tarixi 15 fevral 1919
Sədr Mehdi bəy Hacıbababəyov

1919-cu il fevralın 15-də gənc Azərbaycan dövlətini möhkəmləndirmək üçün hökumətə yardım etməkdən ötrü ziyalıları birləşdirmək məqsədilə yaradılmışdı. Mehdi bəy Hacıbababəyovım sədrliyi ilə keçirilən təsis iclasında ittifaqın nizamnaməsi qəbul edilmiş, 12 üzvdən və 6 namizəddən ibarət şura seçilmişdi. 1919-cu il fevralın 17-də şura ittifaqın gələcək fəaliyyətinə həsr olunmuş ilk iclasını keçirdi. İclasda doktor Əli Seyidovun sədrliyi ilə şuranın rəyasət heyəti seçildi və texniki, maliyyə-iqtisadi, tibbi-sanitar, təsərrüfat, mətbuat komissiyaları yaradıldı.

Ziyalılar ittifaqı dövrün bütün demokratik təşkilatları ilə əl-ələ verərək Azərbaycanın müstəqilliyinə təhlükə törədən xarici və daxili qüvvələrə qarşı mübarizədə hökuməti qızğın müdafiə edirdi. İttifaqın iclaslarında ölkə həyatının mühüm məsələləri müzakirə olunurdu. Müzakirələrdə müxtəlif partiyaların təmsilçiləri, həmçinin Türkiyə, İran, Krım və Türküstandan gələn nümayəndələr də çıxış edirdilər.[1]

  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 235. ISBN 9952-417-44-4.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]