Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Müslüm Oğuz— Müslüm Oğuz –Türkiyə yazıçısı, publisisti və ictimai xadimi, Türkiyə Yazarlar Birliyinin və və İLESAM-ın üzvü.
Müslüm Oğuz |
---|
Müslüm Oğuz 1951-ci ildə Türkiyə Cümhuriyyətinin Iğdır qəzasının Araz çayı sahilindəki Hakmehmet kəndində anadan olmuşdur. Atası Hacı Bəhram xırda ticarətlə məşğul olmuşdur. İbtidai təhsilini doğulduğu kənddə almış, Iğdır liseyini (1968), daha sonra İstanbul Universitetinin Ədəbiyyat fakültəsinin tarix bölümünü bitirmişdir (1974). İznik (1976–1979), Babaeski (1979–1982) və Qarsda (1982–1987) tarix müəllim kimi fəaliyyət göstərmişdir. Bir müddət Qars Milli Təhsil şöbəsinin müdiri, Qars Xalq Təhsili başqanı (1984) vəzifəsini icra etmişdir. Qars (1987) və Manisa (1989) şəhərlərində Kültür ve Turizm müdiri vəzifələrində çalışmışdır. 2003-cü ilin sentyabr ayından təqaüdə çıxmışdır.
Yaradıcılığa universitet illərində başlayan yazarın şeir, hekayə və məqalələri Türkiyənin "Hergün", "Bursa Hakimiyet", "Tohum", "Yeni Nesil, "Doğuş Edebiyat", "Hüryurt" "İlimiz" "Nilüfer" (Elazığ), "Yeşil Iğdır" kimi dərgi və qəzetlərində yayınlanmışdır. Elmi araşdırmaları içərisində 1920–1921-ci illərdə Türkiyədə köç və köçmən məsələləri ilə bağlı yazılar xüsusi yer tutur. Müslüm Oğuz "Qan yolları qapadı", "İlk xəncər", "Nisan ağlar mayısa", "Ürəyimin götürdüyü yerə buraxmırlar", "Təkbaşına" "Kərbəla axşamları" kimi romanların müəllifidir. İxtisasca tarixçi olduğundan müəllifin romanlarının əksəriyyəti tarixi mövzudadır. "Qan yolları qapadı" (1980) romanında Rusiya imperiyası tərəfindən işğal edilən Azərbaycanın təkrar azadlığına qovuşmaq üçün aparılan qanlı mübarizə bədii əksini tapmışdır. Romanda İstiqlal savaşında Azərbaycanın Türkiyə Cümhuriyyətinə göstərdiyi yardım barədə də bəhs olunmuşdur. Yazıçının "İlk xəncər" (1985) romanının mövzusu türk tarixindən alınmışdır. Əsərdə 1546–1552-ci illərdə kiçik bir knyazlıqdan çarlığa çevrilən Rusiya ilə Kazan türkləri arasında gedən mücadilə, savaş və qarşıdurmalar bədii əksini tapmışdır. Roman daha sonra dram səpkisində də işlənilmişdir. "Nisan ağlar mayısa (1991) romanı müəllifin əvvəllər nəşr olunmuş "Qan yolları qapadı" romanının təkmilləşdirilmiş variantıdır. Burada Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bədii mənzərəsi tarixi və bədii obrazların timsalında canlandırılmışdır. Müasir mövzuda qələmə alınmış "Ürəyimin götürdüyü yerə buraxmırlar" (1998) romanında çağdaş Türkiyə cəmiyyətində yaşanan problemlər və bu problemlərin insanlar üzərindəki psixoloji təsiri əksini tapmışdır. Sosioloji dəyər daşıyan romanda universitetlərdə baş örtüsü yasağının tələbələr üzərində yaratdığı problemlər və qarşıdurma canlandırılmışdır. Tarixi-publisistik bir üslubda yazılmış "Təkbaşına" (2010) romanında Sovetlər Birliyinin dağılması və Azərbaycanın təkrar istiqlaliyyətinə qovuşması ilə bağlı hadisə və əhvalatlar bədii təsvir obyektinə çevrilmişdir. Əsərin ilk variant "Ocaq ağlar mayısa" adlandırılmışdır. "Kərbəla axşamları" (2013) romanında İslam tarixinə müraciət olunmuş, Kərbəlada baş verən qanlı hadisələr bədii səpkidə canlandırılmışdır. "Iğdır axşamları" (2018) kitabında müəllifin müxtəlif dövrlərdə yazmış olduğu hekayə və şeirlər toplanmışdır. Yazıçının yaradıcılığı əsasında Azərbaycanda müxtəlif səpkili araşdırmalar aparılmışdır. Bunların içərisində Dos.dr. Turan Hüseynlinin "Azərbaycan obrazı müasir Türkiyə romanında" (2016) kitabı diqqəti çəkir.
1980-ci ildə "Doğuş Edebiyat" dərgisinin düzənlədiyi yarışmada "İlk xəncər" adlı əsəri ilə, 1992-ci ildə "Yeni Düşünce" qəzetinin yarışmasında "Öncə Vətən dedilər" adlı yazısı ilə ödül qazanmışdır.
Türkiyədə Azərbaycan ədəbiyyatı