5 noyabr 2023-cü ildə İsrail Müdafiə Qüvvələri Qəzzə zolağının mərkəzində yerləşən Məğazi qaçqın düşərgəsinə hava zərbəsi endirmişdir. Qəzzə Səhiyyə Nazirliyinin məlumatına görə, əksəriyyəti qadın və uşaqlar olmaqla azı 45 nəfər həlak olmuşdur. İDF düşərgənin İsrailin hava hücumu ilə vurulduğunu təsdiqləməmiş və aviazərbələr "xüsusi kəşfiyyata əsaslanan, xüsusən də terrorçu elementlərə qarşı zərbələr" olduğunu bildirmişdir.[3][4][5][6]
6 dekabr 2023-cü ildə, saat 21:00 radələrində İsrail qüvvələri Bərkət Vaz ərazisində yerləşən yaşayış binasını bombalamış, əksəriyyəti uşaq olmaqla 18 fələstinli həlak olmuş, 20 nəfər yaralanmışdır.[7][8]
24 və 25 dekabr 2023-cü il tarixlərində İsrail qüvvələri düşərgəni bombalamışdır. Hücum nəticəsində 100-dən çox insan həlak olmuşdur.[9][10] Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Kudra hücumu "izdihamlı yaşayış meydanında törədilən qətliam" kimi qiymətləndirmişdir.[9][11] İsrail ordusunun sözçüsü bildirmişdir ki, zərbə, "görünür, iştirak etməyənlərə ziyan vurub" və "İDF iştirak etməyənlərə dəyən zərərə görə təəssüflənir".[12]
1 yanvar 2024-cü ildə Məğazidə yerləşən bir evə edilən aviazərbə nəticəsində 15 nəfər həlak olmuşdur.[12] 16 yanvarda bir neçə gün davam edən aviazərbələrdən sonra dağıntılar altından on altı cəsəd çıxarılmışdır.[13] 29 martda həyata keçirilmiş hücumda çoxlu sayda insanın öldüyü və yaralandığı bildirilmişdir.[14] 31 mart tarixində İsrailin bombardmanı nəticəsində ən azı üç nəfərin həlak olduğu qeyd edilmişdir.[15]
16 apreldə səhiyyə rəsmiləri bildirmişdilər ki, İsrailin aviazərbəsi nəticəsində 7-si uşaq olmaqla 13 nəfər həlak olmuşdur.[16][17]
5 yanvar 2024-cü ildə İsrailin düşərgə sakinlərinə qarşı zorakılığı artırdığı bildirilmişdir. İsrail qüvvələri tərəfindən mülki şəxslərə atəş açılır, onlar tanklar tərəfindən əzilirdi. "Əl-Cəzirə" xəbər vermişdir ki, israilli snayper bir ana və onun körpəsini öldürmüşdür.[18]