Məşədi İbrahim və ya tam adı ilə Məşədi İbrahim ağa Hacı İsmayıl oğlu Kosalı - Azərbaycanlı xeyriyyəçi idi. O, özünün Qazax şəhərindəki 17 otaqlı mülkünü Qazax Müəllimlər Seminariyasına hədiyyə verməsi ilə məşhurdur.[1][2]
Məşədi İbrahim | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Qazax, Kosalar |
Vəfat tarixi | |
Dəfn yeri | Qazax, Kosalar |
Vətəndaşlığı |
Rusiya imperiyası AXC SSRİ |
Həyat yoldaşları |
1) Xanzadə 2) Zeynəb |
Uşaqları | Müseyib, Nəsrəddin, Teymur, Ənvər, Afitab, Mövrəstə, Pünhan |
Atası | Hacı İsmayıl |
Milliyyəti | Azərbaycanlı |
Dini | İslam |
Fəaliyyəti | Xeyriyyəçi, mirab |
Məşədi İbrahimin mənsub olduğu nəsil Qazaxda "Dəlləklilər" adı ilə tanınırdı. Məşədi İbrahim Hacı İsmayılın oğlu idi. Atası iki dəfə Həcc ziyarətində olmuş və ikinci ziyarətdən qayıdarkən yolda Ərəbistanda vəfat edib. Yoldaşları onu orada dəfn ediblər.[3] Məşədi İbrahim ağa 1872-ci ildə Qazaxın Kosalar kəndində anadan olmuşdur. O, ömrü boyu mirab, yəni su ağası işləyib. Qazaxdan Şəmkirədək bütün Kürqırağı obalarının əkin suyu ilə təmin olunmasına nəzarət edirdi. İşgüzar adam idi. Kənddəki bir neçə torpaq sahəsindən, dəyirman və fermasından savayı, Qazaxda üç mülkü, bir neçə dükanı və bir karvansarası var idi.[4] O, 1925-ci ildə vəfat etdi. Onu özünün tikdirdiyi məsciddə dəfn etdilər. Daha sonra isə sovet hökuməti ağaların, bəylərin qəbirlərini dağıdırmış deyə, oğlanları gecə ilə qəbrini qəbiristanlığa köçürdülər. İzin itməsi üçün sadəcə sinə daşı qoydular. Hazırda onun tikdirdiyi məscid kitabxana kimi fəaliyyət göstərir. Binanın arxa hissəsində Qurani-Kərimdən ayə olub. Onun üzərində isə ay və ulduz təsvir edilib.
Məşədi İbrahihimin 4 oğlu və 3 qızı olub. Oğlanları Müseyib, Nəsrəddin, Teymur və Ənvər, qızları isə Afitab, Mövrəstə, Pünhan idi. Sovet hökuməti qurulandan sonra Teymur Sibirə, Ənvər və Nəsrəddin Balakənə sürgün olundular, Müseyib isə 1931-ci ildə güllələnmişdir.[1]
Məşədi İbrahim Firudin bəy Köçərli tərəfindən Qori Müəllimlər Seminariyasının Tatar (Azərbaycan) Şöbəsi Azərbaycana köçürülərkən özünün 17 otaqdan ibarət olan imarətini Seminariya üçün bağışladı və burada 1918-ci ildən etibarən Qazax Müəllimlər Seminariyası fəaliyyətə başladı.[1][2] Kosalar kəndində indi də, bir hissəsi salamat qalan kənd məscidini Məşədi İbrahim tikdirmişdir. O, Qazaxda bir sıra kasıb ailələrin uşaqlarını Qori Müəllimlər Seminariyasına oxumağa göndərmişdir.[1]