Mədəd Allahverdiyev

Mədəd Mustafa oğlu Allahverdiyev — Azərbaycanın ilk iqisad elmləri doktorlarından biri, professor, iqtisadçı alim.

Mədəd Allahverdiyev
Mədəd Mustafa oğlu Allahverdiyev
Doğum tarixi
Doğum yeri Dəmirçilər, Qubadlı
Vəfat tarixi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutu

Mədəd Allahverdiyev 1929-cu il dekabr ayının 21-də Qubadlı rayonunun Dəmirçilər kəndində anadan olmuşdur. 1950-ci ildə K.Marks adına Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunu bitirdikdən sonra EA-nın iqtisadiyyat bölməsinin aspiranturasında təhsil almış, 1954-cü ildə isə Moskvada müvəffəqiyyətlə namizədlik dessertasiyası müdafiə etmişdir.

M.Allahverdiyevin məhsuldar həyatının böyük bir dövrü Azərbaycan EA İqtisadiyyat İnstitutunda keçmişdir. O, burada baş elmi işçi, elmi katib, şöbə müdiri vəzifələrində çalışmışdır. 1968-75-ci illərdə isə Azərbaycan SSR Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun direktoru vəzifəsində işləmişdir.

Professor M.Allahverdiyevin iqtisadi oriyentrlərin dəyişdiyi indiki şəraitdə də öz aktuallığını saxlayan tədqiqatları yaradıcılığının ilk mərhələsində iqtisad elminin aqrar problemlərinə, sonrakı mərhələlərdə isə iş qüvvəsinin təkrar istehsalı, əmək, makroiqtisadi tarazlıq problemlərinə həsr olunmuşdur.

Keçən əsrin 50-ci illərinin sonu və 60-cı illərin əvvəllərində M.Allahverdiyevin bir-birinin ardınca “Azərbaycan SSR-in çayçılıq kolxozlarının iqtisadiyyatının inkişafı” (Bakı, Akademiya nəşriyyatı, 1956) “Kolxozlarda ictimai və şəxsi mənafelərin əlaqələndirilməsi” (Bakı, Azərnəşr, 1956), “Kolxoz istehsalının inkişafında maşın-traktor stansiyalarının rolu” (Bakı, “Azərnəşr, 1959), “Dağ rayonları şəraitində kompleks mexanikləşdirmənin bəzi məsələləri” (Bakı, Azərnəşr, 1960), “Pambıqçılıqda əmək məhsuldarlığı və onun artırılması yolları” (Bakı, Akademiya nəşriyyatı, 1960), “Kolxoz və sovxozlarda əməyin və istehsalın düzgun təşkili” (Bakı, Azərnəşr, 1962) kimi əsərləri çap olunur.

M.Allahverdiyev 1964-1967-ci illərdə əmək və əmək resurslarına dair bir sıra fundamental əsərlər çap etdirir. “Əmək resursları və Azərbaycan SSRİ kənd təsərrüfatında onlardan istifadə olunması” (Bakı, Azərnəşr, 1964), “Sosialist əhali sakinliyi qanunu” (Azərbaycan SSR materialları əsasında) (Bakı, Akademiya nəşriyyatı, 1965), “Azərbaycan SSR-də iş qüvvəsinin təkrar istehsalı məsələləri” (Bakı, Akademiya nəşriyyatı, 1966), “Məhsuldar və qeyri-məhsuldar əmək” (Azərbaycan SSR materialları əsasında) (Bakı, Azərnəşr, 1967) kitabları müəllifin elmi yaradıcılığının ən uğurlu yekunlarındandır.

M.Allahverdiyev 1966-cı ildə 37 yaşında “Azərbaycan SSRİ-də iş qüvvəsinin təkrar istehsalı problemləri” adlı doktorluq dissertasiyasını müdafiə edərək Azərbaycan EA İqtisadiyyat İnstitutunda birinci, respublikada isə B.Axundov və T.Vəliyevdən sonra üçüncü iqtisad elmləri doktoru olmuşdur. 1968-ci ildə ona professor elmi adı verilmişdir.

Azərbaycan SSRİ Dövlət Plan Komitəsinin İqtisadiyyat İnstitutuna başçılıq etdiyi 1968- 1975-ci illər M.Allahverdiyevin həm elmi təşkilatçılıq qabiliyyətinin üzə çıxması baxımından, həm də onun tədqiqatlarının hökumət və dövlət səviyyəsində öz tətbiqini tapması baxımından müstəsna əhəmiyyətə malikdir. Onun rəhbərliyi altında institut böyük elmi mərkəzə çevrilir. Bu mərkəzdə respublikanın iqtisadi inkişafının uzunmüddətli proqnozlaşdırılması və perspektiv planlaşdırılması ilə əlaqədar mühüm problemlər işlənir. M.Allahverdiyevin başçılığı və bilavasitə iştirakı ilə “1971-1980-ci illərdə Azərbaycan SSR-in məhsuldar qüvvələrinin inkişafı və yerləşdirilməsi sxemi”, “1976-1990-cı illərdə Azərbaycan SSR-in uzunmüddətli iqtisadi proqnozu, məhsuldar qüvvələrin inkişaf və yerləşdirilməsi sxemi” tərtib olunur.

M.Allahverdiyevin elmi-təşkilatçılıq bacarığı sayəsində respublikada iqtisad elminin yeni bir istiqaməti - region iqtisadiyyatının optimal fəaliyyəti adlı istiqaməti təşəkkül tapır. Ötən əsrin 70-ci illərinin əvvəllərində “1971-1988-ci illərdə Azərbaycan SSR-in məhsuldar qüvvələrinin inkişafı və yerləşdirilməsinin konsepsiyası və əsas istiqamətləri”, “Uzunmüddətli perspektiv üçün Azərbaycan SSR-in xalq təsərrüfatının inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinin metodoloji əsasları”, “Azərbaycan SSR-in sahələrarası və rayonlararası əlaqələri”, “İctimai istehsalın strukturunun təkmilləşdirilməsi”, “Respublikanın ayrı-ayrı rayonlarının kompleks iqtisadi inkişafının optimallaşdırılması” və digər bu kimi fundamental elmi tədqiqatların başa çatdırılması ilə həmin elmi istiqamətin əsası qoyulur.

Yaradıcılığının son mərhələsində görkəmli iqtisadçı alimin elmi maraq dairəsinə iqtisadi qanunların fəaliyyət və istifadə mexanizmi, region iqtisadiyyatının təsərrüfat mexanizminin təkmilləşdirilməsi, respublikada milli gəlirin təkrar istehsalı, sənayenin baza sahələrinin inkişafı problemləri daxil olur. Bu problemlər tədqiqatçı alimin “Təsərrüfat mexanizmi və iqtisadi səmərəlilik” (1981), “Azərbaycan SSR-də milli gəlirin təkrar istehsalının tempi və proporsiyaları” (Bakı, “Elm” nəşriyyatı, 1982), “Sənayenin baza sahələri və iqtisadi artım” (Bakı, “Elm”) kitablarında elmi həllini tapır.

Keçən əsrin 80-ci illərinin ikinci yarısında iqtisad elminin, kütləviliyinin artması, digər tərəfdən isə elmin özünün differensiasiyası ilə əlaqədar iqtisadi terminlərdən geniş istifadə olunmağa başlanır. Lakin respublikada mükəmməl və əhatəli iqtisadiyyat terminləri lüğətinin olmaması bu işdə müəyyən çətinliklər yaradırdı. Professor M.Allahverdiyevin başçılığı ilə 20 min termini əhatə edən iri həcmli “Rusca-Azərbaycanca iqtisadiyyat terminləri lüğəti” (376 səh) hazırlandı. Lüğət alimin sağlığında deyil, onun ölümündən sonra - 1994-cü ildə “Elm” nəşriyyatı tərəfindən çap olundu.

Professor M.Allahverdiyev 1992-ci ildə 63 yaşında dünyasını dəyişdi.