Xələfov Mədət Teymur oğlu (1934, Qaryagin rayonu – 25 dekabr 1980, Bakı) — Azərbaycan SSR-nin “Əməkdar mühəndis”i (1980), SSRİ Nazirlər Şurasının mükafatı laureatı (1972, 1978).
Mədət Xələfov | |
---|---|
Xələfov Mədət Teymur oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Qaryagin rayonu, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vəfat tarixi | |
Vəfat yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Atası | Teymur bəy Xələfov |
Mükafatları |
|
Mədət Xələfov 1934-cü il aprelin 16-da Füzuli rayonunda anadan olmuşdur. Pedaqoq Teymur Xələfovun oğludur.
1957-ci ildə Azərbaycan Politexnik İnstitutunun tikinti fakültəsini bitirdikdən sonra Mədət Xələfov təyinatla Özbəkistan SSR-na göndərilmiş və 1959-cu ilədək tikinti sahəsində müxtəlif vəzifələrdə çalışmışdır. 1959-cu ildən başlayaraq əmək fəaliyyətini Kirovabad (Gəncə) şəhərinin Tikinti və arxitektura şöbəsində davam etdirmişdir. 1963-cü ildə Bakıya köçmüş və “AzərDövlətLayihə” Dövlət Baş layihə İnstitutunda işə başlamışdır. Mədət Xələfov ömrünün sonunadək bu təşkilatda çalışmış və qrup rəhbəri vəzifəsindən həmin İnstitutun baş mühəndisi vəzifəsinə yüksəlmişdir.
Mədət Xələfov 25 dekabr 1980-ci ildə vaxtsiz vəfat etmişdir.
Əmək fəaliyyəti dövründə Mədət Xələfov Bakı, Kirovabad (Gəncə), Sumqayıt şəhərlərində bir sıra hündür mərtəbəli binaların, o cümlədən “Azərbaycan”, “Abşeron” və “Moskva” mehmanxanalarının, hazırda Azadlıq meydanında yerləşən 10-16 mərtəbəli yaşayış evlərinin layihələndirilməsi və inşasında müəllif və icraçı kimi iştirak etmişdir.
Mədət Xələfov bir neçə inzibati binaların da aparıcı konstruktoru olmuşdur, onların sırasında hazırkı "Prezident Sarayı"nı[1] (keçmiş Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin inzibati binası), Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi binasını (keçmiş Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin yanında Partiya Tarix institutu), Azərbaycan Respublikası Milli Məclisinnin binasını (keçmiş Azərbaycan SSR-nin Ali Soveti), keçmiş “Rabitə evi”ni (hazırda burada Baş poçtamt və Azərpoçt yerləşir) qeyd etmək olar.
Mədət Xələfov seriya şəklində inşa edilən iri panelli 9 mərtəbəli binaların konstruktiv sxemlərinin layihələndirilməsində bilavasitə iştirak etmişdir, onun rəhbərliyi altında tikinti konstruksiyalarda metal və betonun qənaəti məqsədilə bir sıra yaşayış binaların standart layihələri təkmilləşdirilmişdir.
Səmərəli əmək fəaliyyətinə və yüksək nailiyyətlərinə görə Mədət Xələfov Sumqayıt şəhərinin birinci növbəsinin və Bakı şəhərində "Azərbaycan" mehmanxanasının layihələndirilməsi və inşası ilə bağlı 1972-ci və 1978-ci illərdə SSRİ Nazirlər Şurasının mükafatı laureatı adına layiq görülmüş, SSRİ Ali Soveti Rəyasət Heyətinin 1976-cı il 29 mart tarixli Fərmanı ilə "Şərəf nişanı" ordeni və həmçinin bir sıra medallarla təltif edilmişdir. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1981-ci il 15 yanvar tarixli Fərmanı ilə Mədət Xələfova Azərbaycan SSR-nin “Əməkdar mühəndis” fəxri adı verilmişdir.