Məhbubə Hacıyeva

Məhbubə Hacıyeva (17 iyul 1958, Bakı) — yazıçı.

Məhbubə Hacıyeva
Doğum tarixi 17 iyul 1958(1958-07-17) (65 yaş)
Doğum yeri

Hacıyeva Məhbubə Cəfər qızı 1958-ci il iyul ayının 17-də Bakının Bülbülə qəsəbəsində anadan olmuşdur. 1975-ci ildə Suraxanı rayonundakı 226 saylı orta məktəbi bitirmiş, elə həmin il SSRİ-nin 50 illiyi adına Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) fransız dili fakültəsinə qəbul olmuşdur. 1984 – 2008-ci illərdə Bakının 79 saylı orta məktəbində fransız dili müəllimi, sonra təlim-tərbiyə işləri üzrə direktor müavini və dərs hissə müdiri vəzifələrində işləmişdir. 1998 – 2001- ci illərdə Belçikanın “Sərhədsiz Həkimlər” beynəlxalq humanitar təşkilatında çalışmışdır. Məktəb illərində tanınmış şair-publisist Teyyub Qurbanın təşkil etdiyi “Nonparel” – Gənc jurnalistlər dərnəyində fəal iştirak etmişdir. “Ədəbiyyat və İncəsənət” qəzetində müntəzəm hekayə və publisistik məqalələri dərc olunmuş, bundan əlavə Azərbaycan Dövlət Radio və Televiziya verilişlərinin “İncəsənət” redaksiyasının ştatdankənar müxbiri kimi çalışmışdır. Radionun məşhur “Bulaq” verilişində dəfələrlə bayatıları səsləndirilib və radionun “Qızıl fond”unda indiyədək qorunub saxlanılır. Ailəlidir, iki övladı var.

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Məhbubə Hacıyeva “Lahıc nağıllı dünyam” etnoqrafik kitabın, “Fələklər yandı ahimdən”, “Məhəmməd bəy Kavaler”, “Qızılgül ətri”, ““Səadət”dən qopan qorxu”, “Taclı Bəyim”, “9 Sevdalı”, “Tay sırğa”, “Son mükafat”, "Zöhrə ulduzum" və 3 cildlik "Dövlətin açarı" romanlarının müəllifidir.

“Lahıc nağıllı dünyam” kitabı İsmayıllı rayonunda yerləşən qədim tarixə və mədəniyyətə malik Lahıc qəsəbəsinin etnoqrafiyasından bəhs edir. Kitabda qəsəbənin tarixi, coğrafiyası, dili, sənətkarlığı, zəngin təbiəti, flora, faunası, folkloru və müxtəlif sahələrdə öz sözünü demiş görkəmli adamları haqqında danışılır. VI əsrdən başlayaraq bu günə kimi qəsəbənin inkişaf tarixi işıqlandırılır.

“Fələklər yandı ahimdən” romanı xalq rəssamı, əməkdar incəsənət xadimi, Azərbaycan SSR Dövlət mükafatı laureatı görkəmli rəssam Səttar Bəhlulzadənin maraqlı, yalnız çətin, keşməkeşli həyatından bəhs edir. Romanda Səttarın rənglər dünyası, onun iç dünyası, nakam sevgisi, ətraf mühitin ona olan qısqanclığı ilə bərabər doğulduğu Əmircan kəndinin tarixi, o dövrün mühiti və tanınmış ziyalıları haqqında məlumatlar, rəssamın sənət dostları ilə də bağlı maraqlı faktlar verilmişdir.

“Məhəmməd bəy Kavaler” romanı çoxlarının tanımadığı, çar rus rejiminə və erməni zülmünə qarşı vuruşan bir el qəhrəmanını üzə çıxarmaq və tanıtmaq məqsədi güdür. Əsər XIX yüzillikdən bəhs etsə də bu günün aktuallığından xəbər verir. Əsərdə Şuşanın tarixi verilir, Məhəmməd bəyin müasirləri oxucuya tanıdılır.

“Qızılgül ətri” romanında Lahıcda bir bəy ailəsinin başına gələn hadisələrdən danışılır, bu ailənin timsalında Azərbaycan xalqının gördüyü müsibətlər, bir-birinin ardınca dəyişən siyasi quruluşun altında əzilənlər əks olunur. Romanda bütün bu çirkinliklərlə yanaşı, əxlaqi dəyərlərimiz və mənəvi zənginliyimiz olan adət-ənənələrimiz və ülvi sevgi öz yerini tutur. Romanda eləcə də Azərbaycan Xalq Cümhuriyyətinin öndəri Məhəmməd Əmin Rəsulzadənin və onun məsləkdaşı Abbasqulu Kazımzadənin Lahıcda olduğu dövr, onların bolşeviklər tərəfindən həbsi ətraflı işıqlandırılır.

““Səadətdən qopan qorxu” romanı iri neft sahibkarı və mesenat Murtuza Muxtarovun həyatından, dillərə dastan olmuş sevgisindən bəhs edir. XIX yüzilliyin Bakısı, milli milyonçuların fəaliyyəti, onların tariximizdə və yaddaşımızda buraxdıqları izlər, H.Z.Tağıyev, M.Nağıyev, Ş.Əsədullayevin məzəli söhbətləri, xeyriyyə işləri və həyat hekayələri oxucuya çatdırılır. Həmçinin Əmircan kəndinin etnoqrafiyasından da söhbət açılır, orada yaşamış görkəmli şəxsiyyətlər haqqında məlumatlar verilir.

“Taclı Bəyim” romanı XVI əsrin fatehi, Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin həyat və döyüş yolundan, sevimli ömür-gün yoldaşı Taclı Bəyimin fədakarlığından bəhs edir. Əsər bir çox qaranlıq məsələlərə aydınlıq gətirmək və şayiələrə son qoymaq, eləcə də xalqımızın igid və qəhrəman kişilərilə yanaşı, cəsarətli qadınlarımızı da tanıtdırmaq məqsədilə yazılmışdır.

“9 Sevdalı” romanı Qarabağ savaşında Aprel döyüşləri kimi yaddaşımıza həkk olunan dövrdə Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı doqquz igidinin erməni işğalçılarına qarşı apardığı mübarizəsindən bəhs edir. Bir çox həqiqətləri əks etdirən kitab döyüş, macəra janrında yazılmışdır.

“Tay sırğa” romanı XIX əsrin xanlıqlar dövrü, əsasən Kəngərlilər nəslinin idarə etdiyi Naxçıvan xanlığı və o dövrün qurbanlarından biri olan klassik şairəmiz Heyran xanım Kəngərlinin həyat və yaradıcılığı haqqındadır. Heyran xanımın keşməkeşli həyatı, şairənin iztirablarıyla yanaşı, ikiyə bölünmüş Vətənin acı taleyi və tariximizdə mühüm iz qoymuş xanlıqlar dövrü, xüsusilə Naxçıvan xanlığı, Rus-İran müharibələri altında əzilən insanlar və sürgünlər kitabda geniş işıqlandırılmışdır.

“Son mükafat” romanı Azərbaycan tarixinə maarifpərvər, Azərbaycan tarixşünaslığının elmi əsaslarını qoymuş şəxs, filosof, alim, jurnalist, filoloq və şair kimi daxil olmuş Abbasqulu Ağa Bakıxanov haqqındadır. Müəllif bu romanında rus mənbələrinə söykənərək A.Bakıxanovun adını bir çox təzadlı tarixi şəxsiyyətlərimizin siyahısına salanlara, onun çar Rusiyasında xidməti, general rütbəsinə qədər irəliləməsi, ən yüksək mükafatlara layiq olması, xüsusilə də üzdənirəq 1813-cü ilin “Gülüstan” və 1828-ci ilin “Türkmənçay” müqavilələrinin bağlanmasında tərcümanlığı, eləcə də ermənipərəst rus çinovniklərilə dostluğunu önə çəkənlərə cavab olaraq Abbasqulu Ağa Bakıxanovun fəaliyyətinə fərqli bir baxış bucağından baxaraq onun öz dininə, dilinə və xalqına olan sədaqətini göstərməyə çalışmışdır. Romanda məhz iki zidd xüsusiyyətlər bir-birinə qarşı qoyulmuşdur: Rus imperiyasının yüksək çinli hərbçisi, Avropa mədəniyyətini yaxından tanıyan, müxtəlif millətlərin ziyalıları ilə dostluq edən və ayaqlar altında qalan öz torpağının, keçmişinin, dininin, adət-ənənəsinin təəssübünü çəkən Bakı xanı II Mirzə Məhəmməd xan Saninin oğlu Abbasqulu Ağa Bakıxanov.

"Zöhrə ulduzum" romanı 44 günlük Vətən müharibəsində şəhid olmuş leytenant Fərmin Əliyevin döyüş şücaətindən bəhs edir.

3 cilddən ibarət olan "Dövlətin açarı" romanı 3 gənc elmi işçinin Azərbaycan ərazisində mövcud olmuş 5 min illik dövlətçilik tariximizin axtarışına çıxaraq eramızdan əvvəldən ta Qacarlar dövlətinin süqutuna qədərki tədqiqatlarından bəhs edir. Roman macəra janrında yazılsa da tarixi mənbələrə əsaslanıb.

  1. Lahıc nağıllı dünyam. Bakı, “Kövsər” nəşriyyatı, 2013
  2. Fələklər yandı ahimdən. Bakı, 2014
  3. Məhəmməd bəy Kavaler. Bakı, “Uni-Print” nəşriyyatı, 2015
  4. Qızılgül ətri. İstanbul, “Post Yayın” nəşriyyatı, 2016
  5. “Səadət”dən qopan qorxu. Bakı, “SkyE” nəşriyyatı, 2017
  6. Taclı Bəyim. Bakı, “Günəş” MMC nəşriyyatı, 2017
  7. 9 Sevdalı. Bakı, “Günəş” MMC nəşriyyatı, 2018
  8. Tay sırğa.Teas press nəşriyyatı (2019)
  9. Son mükafat . Günəş MMC nəşriyyatı (2019)
  10. Zöhrə ulduzum.Əcəmi nəşriyyat (2021)

Dövlətin açarı 3 cild. İstanbul Post Yayın evi (2023)

http://www.gumilev-center.az/lahic-nagilli-dunyam/ Arxivləşdirilib 2017-07-21 at the Wayback Machine http://ismayilli-xeberleri.info/2209-lah305c-na287305ll305-d252nyam.html https://azertag.az/xeber/Gorkemli_ressamin_heyat_yolu_ve_yaradiciligi_yeni_eserde-818159 https://www.azertag.gov.az/xeber/911871[ölü keçid] https://www.baku.ru/blg-list.php?blg_id=3&id=106614&cmm_id=989&usp_id=0 https://news.day.az/azerinews/992614.html