Məhyəddin Abbasov

Məhyəddin Abbasov (tam adı: Abbasov Məhyəddin Paşa oğlu; d. 10 fevral 1910, Nuxa (indiki Şəki şəhəri) - ö. 28 dekabr 1974, Şəki şəhəri) — 1945-1974-cü illərdə "Şəki fəhləsi"/"Nuxa fəhləsi""Lenin bayrağı" qəzetinin redaktoru.

Məhyəddin Abbasov
Məhyəddin Paşa oğlu Abbasov
Doğum tarixi
Doğum yeri SSRİ, Azərbaycan SSR, Nuxa (Şəki) şəhəri
Vəfat tarixi (64 yaşında)
Vəfat yeri SSRİ, Azərbaycan SSR, Şəki şəhəri
Vətəndaşlığı SSRİ SSRİ
Uşaqları Nizami Abbasov, İlham Abbasov, İftixar Abbasov, Bakıxan Abbasov, Elxan Abbasov
Atası Paşa Abbasov
İxtisası jurnalist, pedaqoq
Təhsili Azərbaycan Dövlət Pedaqoji Universiteti
Fəaliyyəti jurnalist
Mükafatları "Vətən Müharibəsi", "Qırmızı əmək bayrağ"”, "Şərəf nişanı" ordenləri və 12 medal

Məhyəddin Abbasov 1910-cu ildə Nuxa şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarından valideynlərini itirmiş, Nuxadakı 1 №-li fabrikdə baramaaçan işləmişdir. Əmək fəaliyyətinin ilk illərindən «M.Paşa oğlu», «Görən», «Mübariz» imzaları ilə "Şəki fəhləsi" qəzetinin və respublika qəzetlərinin səhifələrində məqalə, oçerk, felyeton və məktublarla çıxış etmişdir.

1927-ci ildə Azərbaycan Pedoqoji İnstitutuna daxil olur. 1928-ci ildən "Şəki fəhləsi" qəzeti redaksiyasında ədəbi işçi, daha sonra məsul katib vəzifəsində işləyir. İnstitutu bitirdikdən sonra, əvvəl Nuxanın ayrı-ayrı məktəblərində, daha sonra isə Nuxa Pedaqoji Texnikumunda müəllim işləyir. Böyük Vətən müharibəsində iştirak edir, 1944-cü ildə isə qəlpə yarasından sol qolunu itirərək arxa cəbhəyə tərxis edilir.

1944-cü ildə “Nuxa fəhləsi” qəzetinin şöbə müdiri, 1945-ci ildə isə redaktoru olmuş və ömrünün sonuna kimi bu vəzifədə çalışmışdır.

Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması da ilk dəfə "Nuxa fəhləsi"ndə — M.Abbasovun redaktorluğu dövründə çap edilmişdir.

1971-ci ilin dekabrında Məhyəddin Abbasovun redaktoru olduğu "Şəki fəhləsi" qəzetinin 50 ilik yubileyi ilə əlaqədar, qəzet Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilmiş, Məhyəddin Abbasova isə Azərbaycan SSR Əməkdar Mədəniyyət işçisi fəxri adı verilmişdir[1].

Məhyəddin Abbasov redaktorluq fəaliyyəti ilə yanaşı, ömrünün sonuna qədər pedaqoji fəaliyyətini də davam etdirmiş, M.Qorki adına 10 saylı orta məktəbdə (indiki R.B. Əfəndiyev adına məktəbdə) fizika fənnindən dərs demişdi.

M.Abbasov 1974-cü il dekabr ayının 28-də dünyasını dəyişmişdir. Dəfnindən əvvəl, cənazəsi Şəki şəhər sovetinin iclas zalına qoyulmuş və mərhumla izdihamlı vida mərasimi təşkil olunmuşdur.

  1. "İpəkçi" qəzeti, 20 dekabr 1971-ci il. №34-35 (1087-88)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]