Məmmədəli Abbasov (nazir)

Məmmədəli Məmməd oğlu Abbasov (7 yanvar 1907, Vladiqafqaz22 noyabr 2000, Bakı) — Azərbaycan inşaatçı-mühəndisi və dövlət xadimi, Azərbaycan SSR tikinti naziri (1962–1967) və Azərbaycan SSR sənaye tikintisi naziri (1967–1969).

Məmmədəli Abbasov
bayraq
Azərbaycan SSR sənaye tikintisi naziri
bayraq2
5 aprel 1967 – 13 noyabr 1969
Əvvəlkinazirlik yaradılıb
SonrakıQurban Sultanov
bayraq
Azərbaycan SSR tikinti naziri
bayraq2
16 yanvar 1962 – 30 mart 1967
ƏvvəlkiYaqub İsmayılov
Sonrakınazirlik ləğv edilib
Şəxsi məlumatlar
Doğum tarixi 7 yanvar 1907(1907-01-07)
Doğum yeri
Vəfat tarixi 22 noyabr 2000(2000-11-22) (93 yaşında)
Vəfat yeri
Partiya
Təhsili
  • Leninqrad Dəmiryol Mühəndisləri İnstitutu[d] (19241929)

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni

Məmmədəli Məmməd oğlu Abbasov 7 yanvar 1907-ci ildə Orconikidze (hazırkı Vladiqafqaz) şəhərində anadan olmuşdur. Əslən Naxçıvandandır. 1924–1929-cu ildə Leninqrad Dəmiryol İnstitutunun dəmiryol-inşaat fakültəsində təhsil almışdır.[1]

Məmmədəli Abbasov 1930–1931-ci illərdə BakıKirovabad şəhərlərində Azərbaycan Baş Su Qurğuları Tikintisi İdarəsinin baş sahə mühəndisi olmuşdur. 1932–1934-cü illərdə Sovet Ordusunda xidmət etmiş, 1935–1945-ci illərdə Bakı şəhərinin müxtəlif tikinti təşkilatlarında mühəndis işləmişdir.[2] O, burada yol mühəndisi, yerli yollar inspektoru, sahə rəisi, sonra isə Bakı tikinti trestinin baş mühəndisinin müavini vəzifəsində çalışmışdır.[3]

1937-ci ildə Azərbaycanın həmin dövrdəki ən böyük istilik elektrik stansiyası olan Sumqayıt İES-in tikintisinə başlanılarkən Məmmədəli Abbasov tikinti işlərinin baş mühəndisi təyin edilmişdir. Böyük Vətən müharibəsi illərində "Azərneft" neft kombinatı sistemində bir sıra məsul vəzifələrdə işləmişdir.[3] 1946-cı ildən 1950-ci ilədək SSRİ Neft Sənayesi Nazirliyində Əsaslı Tikinti İdarəsinin rəisi və baş idarənin rəisi olmuşdur. 1951-ci ildən Azərbaycan Dəniz Neft Birliyi rəisinin müavini, 1957-ci ildən isə Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının əsaslı tikinti şöbəsinin rəisi vəzifələrində işləmişdir. 1962-ci ildən Azərbaycan SSR tikinti naziri olmuşdur.[2]

Məmmədəli Abbasov 1964–1966-cı illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizəd, 1966-cı ildən isə üzvü olmuşdur.[4] Dörd çağırış (2-ci, 5–7-ci) Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir.[5] "Qırmızı əmək bayrağı", "Şərəf nişanı" və medallarla təltif edilmişdir.[3]

Məmmədəli Abbasov 2000-ci il noyabrın 22-də Bakıda vəfat etmişdir.[6]

  1. Nuriyev, E.; Allahverdiyev, Z. Məmmədəli Məmməd oğlu Abbasov // Azərbaycanın inkişafında tikinti kompleksinin rolu. Bakı: Şərq-Qərb. 2011. səh. 15–18.
  2. 1 2 Аббасов Мәммәдәли Мәммәд оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Алтынҹы чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1965. С. 6.
  3. 1 2 3 Мәммәд Әлмәммәд оғлу Аббасов // Азәрбајҹан ССР Али Совети депутатларынын тәрҹүмеји-һаллары. Бешинҹи чағырыш: 15 март 1959-ҹу ил. Бакы. 1960. С. 225.
  4. Abbasov, Mamed Ali Mamedogly // Prominent personalities in the USSR (ingilis). Metuchen, New Jersey: Scarecrow Press. 1968. səh. 1.
  5. Аббасов Мәммәдәли Мәммәд оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Једдинҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1968. С. 8.
  6. Bəhram İbrahimov; Zərbalı Mirzə. Abbasov Məmmədəli Məmməd oğlu // Azərbaycan Tikinti Kompleksinin Ensiklopediyası (ATKE). I cild. Bakı: Yeni Poliqrafist. 2011. səh. 5.