Məmməd Xələfov

Məmməd Süleyman oğlu Xələfov ({{DVTY}} şablonu boşdur ) — Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın əməkdar hüquqşünası.[1][2]

Məmməd Xələfov
Şəxsi məlumatlar
Atası Süleyman Xələfbəyov

Təltifləri "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı

Məmməd Xələfov 1922-ci ilin 20 oktyabrında Füzuli rayonunun Dördçinar kəndində dünyaya gəlib. Atası dövrün bəylərindən Hacı Süleyman repressiya qurbanı olub. Gəncədəki 20 nömrəli dəmir yolu məktəbini qızıl medalla bitirdi, amma universitetə qəbul olunub ali təhsilini davam etdirmək ona dərhal müyəssər olmadı. Gənc Məmməd Xələfovu 1940-cı ildə ordu sıralarına çağırdılar. Hərbi xidmətdə olduğu vaxtda isə XX əsrin ən böyük fəlakətlərindən biri — İkinci Dünya müharibəsi başlandı. Məmməd Xələfov onda cəbhənin ən ağır bölgəsində — Stalinqradda döyüşürdü. 1943-cü ildə döyüşlərin birində ağır yaralanıb hərbi hospitalda yerləşdirildi. Sol qolundakı dərin çapıq ömrünün sonuna qədər o dəhşətli illərdən xəbər verirdi. Sağaldıqdan sonra Gəncəyə qayıtdı, şəhərdəki 28 nömrəli məktəbə hərbi rəhbər təyin olundu. 1945-ci ildə — 23 yaşında sənədlərini Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə təqdim edərək tələbə adı qazandı. Ağır döyüş yolu, orta məktəbdə hərbi rəhbər kimi topladığı təcrübə, həyat yollarında qazandığı dəmir mətinlik bu gənc tələbənin elmə, təhsilə həssaslığını daha da artırmışdı. Birinci kursdan əlaçı kimi adlı təqaüdlə oxuyurdu. 1950-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirdiyindən aspiranturaya qəbul olunması məqsədəuyğun sayıldı. 1950–1953-cü illərdə ADU-nun Mülki hüquq kafedrasının aspirantı oldu. Beləliklə, elmin çətin, keşməkeşli və bir o qədər də şərəfli yolunda ilk addımlarını atdı. Alimlik-müəllimlik Məmməd Xələfovun dəyişməz taleyinə çevrildi. Zəmanəsinin ən peşəkar hüquqşünaslarından, bu sahənin bilicilərindən biri kimi onu müxtəlif yüksək dövlət vəzifələrinə dəvət etsələr də, bu taleyi heç bir statusa, mənsəbə dəyişmədi.

1954-cü ildə o, namizədlik dissertasiyasını uğurla müdafiə edərək alimlik dərəcəsi alır. 1953–1959-cu illərdə Mülki hüquq kafedrasında müəllim, baş müəllim və dosent vəzifələrində işləyir. Məmməd Xələfov o xoşbəxt insanlardan idi ki, XX əsr tariximizin parlaq simaları ilə birlikdə çalışmış, onlarla müntəzəm ünsiyyətdə olmuş, bu şəxsiyyətlərdən görüb-götürmüş, əsl alim, müəllim və ziyalı meyarlarını əxz etmişdi. Məsələn, Məmməd müəllim bir müddət ADU-nun ozamankı rektoru akademik Yusif Məmmədəliyevlə işləmişdir. Yusif Məmmədəliyev Azərbaycan Elmlər Akademiyasının prezidenti seçildikdən sonra da Məmməd Xələfov onun dəvəti ilə Akademiyanın Fəlsəfə bölməsində Hüquq şöbəsini qurub-yaratmış və 1959–1962-ci illərdə bu şöbənin müdiri olmuşdu.

1962-ci ildə Məmməd Xələfov ADU-nun Hüquq fakültəsinin dekanı seçilərək yenidən doğma ocağa qayıdır. O ildən başlayaraq altı dəfə bu vəzifəyə seçilməklə Hüquq fakültəsinin dekanı olur. 1980-ci ilə qədər düz 18 il fakültəyə uğurla rəhbərlik edir.

Məmməd Xələfov Hüquq fakültəsinin qızıl dövrünün müəllifinə çevrilir. Məhz bu illərdə fakültənin nüfuzu daha da yüksəlir, fəaliyyət dairəsi genişlənir. Müəllim heyəti içərisində mühazirələri ana dilində deyən kadrların sayı əksəriyyət təşkil etməyə başlayır. Onun dövründə Hüquq fakültəsindəki elmlər doktorlarının sayı 8-ə, elmlər namizədlərinin sayı isə 33-ə çatır. Bu müddətdə fakültədə 6 yeni kafedra açılır, beləliklə, ölkəmizdə hüquq təhsili keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyur, elmi ixtisaslaşma dərinləşir.

1974-cü ildə Tbilisi Dövlət Universitetində doktorluq dissertasiyasını müdafiə edərək hüquq elmləri doktoru, qısa müddətdən sonra professor adı alır. Dekanlıq vəzifəsini başa çatdırdıqdan sonra Məmməd Xələfov 1985-ci ilə qədər Mülki hüquq kafedrasının professoru kimi fəaliyyətini davam etdirir. 1985-ci ildə Mülki prosessual və əmək-ailə hüququ kafedrası yaradıldıqda isə bu kafedranın müdiri seçilib ömrünün sonuna qədər həmin vəzifədə çalışır. Professor Məmməd Xələfov ölkəmizdə hüquq elminin inkişafına elmi-tədqiqat əsərləri ilə də zəngin töhfələr vermişdir. Alim 7 monoqrafiya ərsəyə gətirmiş, Azərbaycanda və ölkə hüdudlarından kənarda 100-dən çox elmi məqaləsi çapdan çıxmışdır. Onun "Sovet mülki hüququnun yaranması", "Azərbaycanda mülki qanunvericilik", "Azərbaycanda əmək qanunvericiliyi", "Azərbaycanda torpaq qanunvericiliyi", "Azərbaycanda seçki hüququnun bəzi nəzəri və praktik məsələləri" və digər bu kimi əsərləri indinin özündə də sahənin mütəxəssislərinin müxtəlif məqamlarda tez-tez müraciət etdikləri mötəbər elmi mənbələrdəndir.

1990-cı ildə Məmməd Xələfov Azərbaycan Ali Sovetinin üzvü seçildi.[2] Ölkəmiz üçün taleyüklü məqamda parlamentin Qanunvericilik və insan hüquqları komissiyasının sədri oldu. Onun rəhbərliyi altında qısa müddətdə "Mülkiyyət haqqında", "Əhalinin məşğulluğu haqqında" və digər mühüm qanun layihələri hazırlanaraq qəbul edilmişdi.

Məmməd Xələfov 1992-ci il aprelin 12-də — 70 yaşında, alim, müəllim, hüquqşünas kimi təcrübəsinin ən parlaq vaxtında, ömrün kamillik məqamında bu dünyaya gözlərini əbədi yumdu.

1989-cu ildə "Azərbaycanın Əməkdar hüquqşünası" fəxri adına layiq görülmüşdü. 1985-ci ildən ömrünün sonunadək Mülki proses, əmək və ekologiya hüququ kafedrasının müdiri vəzifəsində işləmişdir. 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Hüquq komissiyasının sədri olmuşdur. Yerli və xarici elmi nəşrlərdə dərc edilmiş 150-dən çox elmi əsərin müəllifi olmuşdur. Rəhbərliyi altında 10-dan çox elmlər namizədi hazırlanmışdır. Hüquqşünas kadrların hazırlanmasında göstərdiyi xidmətlərə görə bir sıra orden və medallarla, habelə fəxri fərmanlarla təltif olunmuş, "Azərbaycan SSR-nin Əməkdar hüquqşünası" adına layiq görülmüşdür.[1] Onun Hüquq fakültəsinə rəhbərliyi dövrdə (1962–1980) həm tədris, həm də elmi-tədqiqat işlərində keyfiyyət amili qabarıq şəkildə önə çıxdı, eləcə də, elmi-pedaqoji istiqamətli işlər sürətləndi. Təkcə bir neçə il ərzində Hüquq fakültəsi müəllimlərinin üç nəfəri doktorluq, 7 nəfəri isə namizədlik dissertasiyası müdafiə etdi.

Məsələn, Bakı Dövlət Universitetində əlaçı və istedadlı tələbələr üçün "Məmməd Xələfov adına təqaüd" təsis edilib.[3]

  1. 1 2 "Məmməd Xələfov ömrünün nümunələri" (az.). "Azərbaycan qəzeti". 2022-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2022.
  2. 1 2 law.bsu.edu.az. "Fakültənin tarixi". Bakı Dövlət Universitetinin Hüquq fakültəsi. 2022-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2022.
  3. "Azərbaycan tələbələri nə qədər təqüd ala bilərlər?" (az.). Xalq qəzeti. 2022-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 dekabr 2022.