Əsədov Məmmədhüseyn Xudadat oğlu — kəşfiyyatçı.
Məmmədhüseyn Əsədov | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Məmmədhüseyn Əsədov 1899-cu ildə Həştərxanda anadan olub (rusca: Астрахань). 19 yaşında olarkən Qızıl Ordunun Xüsusi təyinatlı hərbi hissəsində qulluq etməyə başlayır. Böyük Vətən müharibəsi başlayanda əməliyyat şəraitini yaxşı bildiyi, bir neçə dildə sərbəst danışdığı üçün və geniş kəşfiyyat imkanları olduğuna görə Əsədovu Baş kəşfiyyat idarəsi tərəfindən İrana işləməyə göndərilir.
Əsas iş istiqaməti isə ingilis və alman kəşfiyyatına qarşı əməliyyatların təşkilindən ibarət olub. Uzun müddət kəşfiyyat orqanlarında çalışmış Məmmədhüseyn Əsədovun əvəzsiz xidmətlərdən biri də "Tehran 43" əməliyyatının iştirakçısı olmaqdır.
1943-cü ildə İran antihitler koalisiyası rəhbərlərinin danışıqları üçün ən məqbul yer kimi seçilir. Bu, Stalinin təklifi idi. Konfransa hazırlıq tam məxfi şəraitdə aparılırdı. Bu barədə xəbəri olanlardan biri də Məmmədhüseyn Əsədov idi. Müttəfiqlər hətta İran tərəfini təhlükəsizlik baxımından xəbərdar etmirdilər. Konfransın başlamasına 6 gün qalmış, yəni 22 noyabr 1943-cü ildə İran tərəfinə məlumat verildi.
Noyabrın 24-də Baş komandanlığın üzvü, Baş qərargah rəisi SSRİ marşalı Aleksandr Vasilyevski gecə Astaraya gəlir və onu Məmmədhüseyn Əsədov qarşılayır. Həmin gün gecə saat 4-ə qədər Astarada Məmmədhüseynin evində qalan marşal Vasilyevski 2 saatdan sonra Əsədovla bir yerdə İrana gedir. Marşalın gəlməsində əsas məqsəd liderlərin görüşü vaxtı qoşun hissələrini təlimatlandırmaq və bir daha Stalinin göstərişi ilə təhlükəsizlik məsələlərini yoxlamaq idi. Noyabrın 26-da Stalin Tehrana gəlir və təyyarəsi Kale-morqe hərbi aerodromuna enir.
Noyabrın 28-də konfrans baş tutur. Həmin vaxt Almaniya kəşfiyyatının dövlət başçılarına qarşı edəcəkləri sui-qəsd və terror aktı haqqında eyni zamanda Məmmədhüseyn Əsədova məlumat verilir və o da öz növbəsində, təcili olaraq bu məlumatı rəhbərliyə məruzə edir. Vaxtında verilmiş məlumat nəticəsində planlaşdırılmış sui-qəsdin qarşısı çox peşəkarcasına alınır.
İlk dəfə bu sui-qəsdlə bağlı geniş ictimaiyyətə mətbuat konfransı vaxtı 17 dekabr 1943-cü ildə ABŞ Prezidenti F.Ruzvelt məlumat verir.
Bu sui-qəsdin qarşısının alınmasında müstəsna rolu olmuş Məmmədhüseyn Əsədov iki mükafatla - "Lenin" ordeni və "Qırmızı ulduz" ordeni ilə təltif edilir.[1]
2020-ci ildə Böyük Vətən müharibəsinin 75 illiyi münasibətilə Məmmədhüseyn Əsədovun həyat yolu, peşəkarlığı və müharibədəki qəhrəmanlıqlarından bəhs edən "Azərbaycanlı kəşfiyyatçı və "Tehran-43" konfransı" kitabı nəşr olunub.[2]
3. Əfsanəvi kəşfiyyatçı Məmmədhüseyn Əsədovun xatirəsi anılıb