Mərkəzi Fəhlə Klubu

Mərkəzi Fəhlə klubu — Bakı şəhəri və onun rayonlarına xidmət edən fəhlə klubu.

1918-ci il mayın 31-də açılmışdı. Klubun yaradılması ilə bağlı təşkilat işləri Rusiya Kommunist (bolşeviklər) Partiyası Bakı Komitəsinin üzvü R.M.Okinşeviçin başçılıq etdiyi həmkarlar ittifaqları komissiyası tərəfindən həyata keçirilmişdir. Klubun rayon şöbələri və müxtəlif bilik sahələri üzrə bölmələri var idi. Bütün həmkarlar ittifaqları klubun saxlanılması üçün xüsusi vəsait ayırırdılar. Klub fəhlələr, şəhər əhalisi arasında geniş siyasi maarifləndirmə işi aparırdı. 1919-cu ildə klubun idarə heyəti, bütünlüklə, bolşeviklərdən ibarət idi.

Bolşeviklərin rəsmi partiya iclasları Mərkəzi Fəhlə Klubunun binasında keçirilirdi. Bolşevik hərəkatının qərargahına çevrilən fəhlə klubllarından milli dövlətçilik əleyhinə istifadə edilməsi Azərbaycan Xalq Cümhuriyyəti hökumətini müvafiq tədbirlər görməyə vadar etdi. Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri 1919-cu ilin dekabrın 9-da Bakıda fəaliyyət göstərən bütün fəhlə klublarının bağlanması haqqında sərəncam verdi. Buna cavab olaraq ertəsi gün fəhlələrin tətili başlandı. Fəhlə klublarının binası açılsa da, siyasi mövzularda mühazirələr oxunması yasaqlandı. Hökumətin dəfələrlə xəbərdarlıqları nəticəsiz qaldığından, 1920-ci ilin martın 15-də fəhlə klublan yenidən bağlandı. Martın 23-də mərkəzi fəhlə konfransının rəyasət heyəti və həmkarlar şurasının idarə heyəti hökumətə etirazlarını bildirdilər. Martın 25-də hökumət Mərkəzi Fəhlə Klubundan başqa, bütün klubların fəaliyyətə başlamalarına icazə verdi.[1]

  • Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001.
  1. Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. səh. 194. ISBN 9952-417-44-4.