Axundov Mazahir Həmzə oğlu (Məzahir Daşqın; 1909, Borsunlu, Tərtər rayonu – 31 oktyabr 1979, Borsunlu, Mirbəşir rayonu) — azərbaycanlı aşıq və şair.[1]
Məzahir Daşqın | |
---|---|
Doğum adı | Mazahir Həmzə oğlu Axundov |
Təxəllüsü | Borsunlu Məzahir Daşqın |
Doğum tarixi | 1909 |
Doğum yeri | |
Vəfat tarixi | 31 oktyabr 1979 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | şair |
Mazahir Daşqın 1909-cu ilin payızında Tərtər rayonunun İncə Borsunlu kəndində anadan olmuşdur. Kiçik yaşlarından aşıq yaradıcılığına güclü meyl göstərir. İbtidai məktəbi kənddə bitirdikdən sonra Bakıda fəhlə gənclər məktəbində təhsilini davam etdirir. Son kursda ikən atası həbs olunduğuna görə məktəbdən çıxarılır (1925). Taleyini Gəncə ilə bağlayır, "Qızıl Gəncə" jurnalında şerlərini çap etdirir. Şair Səməd Vurğunla şəxsi tanışlıqdan sonra təhsilini davam etdirməyə imkan tapır.
İkinci Dünya müharibəsi başlayanda ordu sıralarında könüllü xidmət edir (1941). Sovet qoşunları tərkibində İranda olarkən Aşıq Hüseyn Cavanla tanış olur, şair aşıq Səyyahla deyişir, Gülgəzin məclislərində iştirak edir. Onun "İran səfəri" şerlər silsiləsi bu zaman yaranır.
1942-ci ildə Krım cəbhəsində ağır döyüşlərdə əsir alınır, ölüm düşərgələrində işgəncələrə məruz qalır. Şimali Afrikada və İtaliyada olur.
1945-cı ildə vətənə qayıtmaq imkanı tapsa da, onu doğma vətənə buraxmayıb həbs edir, Sibirə sürgünə göndərirlər. 1956-cı il 24 mart tarixli fərmana əsasən ona bəraət verilir. M.Daşqının azad olunmasında Səməd Vurğunun xeyirxah rolu olmuşdur. Böyük şair M.Daşqına "Aşıq qardaşıma" adlı şeir də həsr etmişdir.
Azərbaycan Respublikası xalq yaradıcılığı evində ştatdankənar metodist (1956-1960), sonra ömrünün axırınadək Gəncə rayonlararası xalq yaradıcılığı evində folklor şöbəsinin müdiri vəzifələrində çalışmışdır.
1946-cı ildən sonra təqiblərə məruz qaldığından öz şerlərini Daşqın təxəllüsü ilə çap etdirmişdir.
1979-cu il oktyabrın 31-də vəfat etmiş, Borsunlu kəndində dəfn olunmuşdur.[2]