Macarıstan Sovet Respublikası

Macarıstan Sovet Respublikası (Macarca: Tanácsköztársaság) Macarıstanda Bela Kunun rəhbərliyində yaradılmış olan kommunist bir rejimdir. Rusiyadakı Bolşeviklərin etdiyi oktyabr inqilabının ardından Avropada yaradılmış Marksist-Leninist siyasətinin həyata keçirildiyi bir kommunist hökumətdir. Ömrü sadəcə dörd ay sürmüşdür. Rumıniyanın Budapeşti işğal etməsi ilə məhv olmuşdur. Bu dövlətin varisi Macarıstan krallığıdır. Krallıq (1920–1944)-cü illər arasında mövcud olmuşdur.

Macarıstan
Magyarországi Tanácsköztársaság
Bayraq Gerb
Bayraq Gerb
"Világ proletárjai, egyesüljetek!"
"Bütün ölkələrin proletarları birləşin!"
Himn: Internacionálé[1]
Enternasyonal
Rəsmi dilləri
Paytaxt Budapeşt
İdarəetmə forması Sosialist Respublikası
Lider Bela Kun
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Macar Sovet Respublikasının elanı – 21.03.1919

1919-cu il martın 21-də Macarıstanda zəhmətkeşlər hökuməti təşkil edildi. Hökumət Macarıstanı Sovet Respublikası elan etdi. Başçısı sosial-demokrat Şandor Qarban oldu. Bela Kun xarici işlər komissarı təyin edildi. Bütün komissarlar sosial demokratlardan, onların müavinləri isə kommunistlərdən ibarət idi. Burjuaziyanın zəifliyi və özünü itirməsi nəticəsində fəhləkəndlilərə müqavimət göstərə bilmədi. Ölkə hər tərəfindən düşmənlərlə mühasirə edilmiş kiçik ərazidən ibarət idi. Antanta imperializminə Macarıstan Sovet respublikasını dağıtmaq asan idi.

Macarıstan Sovet hökuməti 133 gün fəaliyyət göstərməsinə baxmayaraq bir sıra mühüm tədbirlər həyata keçirdi. Burjuaziya tərksilah edildi. Sənaye müəssisələrini idarə etmək üçün fəhlə sinfi içərisindən inzibati işçilər irəli çəkildi. Fəhlə millisi yaradıldı. Qızıl Ordu təşkil edildi. 21 fəhlədən artıq olan istehsalat müəssisələri, xarici ticarət, nəqliyyat milliləşdirildi. Fəhlələrin əmək haqqı artırıldı. 8 saatlıq iş günü haqqında fərman verdi. Mənzil kirayələri aşağıya salındı. Fəhlələrin ərzaqla təmin edilməsi qaydaya düşdü. Onların mənzil şəraiti də yaxşılaşdı. Ancaq Budapeştdə 30 min nəfər fəhlə qaranlıq mənzillərdən işıqlı binalara köçürüldülər. Qadınlar da kişilərlə bərabər hüquqa malik oldular. Xalq maarifi sahəsində də böyük işlər görüldü. Macarıstanda 14 yaşına qədər uşaqlar üçün ümumi icbari təhsil elan olundu. Kilsə dövlətdən ayrıldı. 1919-cu il aprelin 3-də mülkədarların 100 xoltdan artıq torpağı müsadirə edildi. Lakin bu torpaqlar kəndlilərə paylanmayaraq dövlət torpağı şəklində qaldı. Macarıstan Sovet hökuməti həmişə Antantanın müdaxiləsini gözlədiyi üçün o bir neçə dəfə dünya fəhlə sinfinə müraciət etdi ki, çətin vaxtlarda ona yardım etsinlər. Doğrudan da, Paris sülh konfransının iştirakçıları Macarıstanı iqtisadi blokadaya almağı qərara aldılar. Aprelin axırlarında İngiltərə vaxtilə irəliyə sürmüş olduğu tələbləri təkrar etdi. Macarıstan Sovet hökuməti bu tələbləri rədd etdi. Belə bir şəraitdə Antanta dövlətlərinin razılığı ilə Fransa silahlı qüvvələri hücum edərək Macarıstan ərazisinin bəzi yerlərini işğal etdi. Fransızların yardımı ilə Sekel şəhəri Macarıstan ərazisində əksinqilabçıların yığnağına çevrildi. Admiral Xorti bu şəhərdə fəallıq göstərirdi. Aprel ayında Rumıniya və Çexoslovakiya da müdaxiləyə başladı. Bir sözlə, 50 min nəfərlik Qızıl Orduya qarşı Antanta dövlətlərinin 150 min qoşunu dururdu. Belə bir çətin şəraitdə sağ sosialistlər təkid etdilər ki, Sovet hökuməti istefa versin, ölkədə həmkarlar ittifaqından ibarət bitərəf hökumət təşkil edilsin. Lakin Bela Kun başda olmaqla kommunislər bu fikrin əleyhinə gedərək zəhmətkeşlərin daha geniş miqyasda silahlanmalarını tələb etdilər. May ayının 3-də Sovet hökuməti ümumi səfərbərlik elan etdi. Bu çağırışa qoşularaq 100 min fəhlə ordu sıralarına gəldilər. Macarıstan ordusu çox böyük inqilabi əhval-ruhiyyədə hücuma başlayıb Rumıniya ordusunu Tissa çayından sıxışdırıb çıxartdı. Çexoslovakiya ordusuna da ciddi zərbə endirdi. Bunun təsiri altında Slovakiyada iyunun 16-da Sovet respublikası elan edildi və bu əyalət federativ respublika kimi Macarıstanın tərkibinə daxil oldu. Macarıstan ordusunun bu müvvəffəqiyyətini görən Paris sülh konfransının sədri Klemanso Macarıstana yeni ultimatum göndərərək Antanta dövlətləri adından tələb etdi ki, Çexoslovakiya ərazisindən silahlı qüvvələri dərhal geri çağırsın. Bu tələb yerinə yetirilməzsə, Macarıstan üzərinə daha geniş miqyasda müdaxilə başlanacaqdır. Klemanso vəd edirdiki, bu tələb yerinə yetirilərsə, Macarıstandan sülh konfransına nümayəndə dəvət ediləcək, Rumıniya da öz qoşunlarını Macarıstandan geri çəkəcəkdir.

Belə bir çətin şəraitdə kənardan heç bir yardım ala bilməyən və eyni zamanda müəyyən mənada “Brest tənəfffüsü”nə ehtiyacı olan Macarıstan Sovet hökuməti bu ultimatumu qəbul etməyə məcbur oldu. Slovakiyadan qoşunlarının geri çəkilməsi Macarıstan silahlı qüvvələrinə mənfi təsir etdi və ordu içərisində ruh düşkünlüyü əmələ gətirdi. Lakin Klemanso öz vədinə əməl etmədi. Macarıstan ərazisindən Rumıniya qoşunları çıxarılmadı və Sovet hökumətinin nümayəndələri konfransa dəvət edilmədi. Vəziyyətin belə gərgin vaxtında daxildəki əksinqilabçılar baş qaldırmağa başladılar. İyunun 24-də Budapeştdə əksinqilabçılar qiyam qaldırdı. Bu qiyamda şəhər komendantı, sosial-demokrat Kalbruxt da iştirak etdi. Budapeşt qiyamı başqa şəhərlərdə də əksinqilabın baş qaldırması üçün işarə oldu. Fəhlələrin fəal iştirakı ilə bu qiyam yatırıldı. Lakin əksəriyyəti sosial-demokratlardan ibarət olan Macarıstan Sovet hökuməti qiyamçıları ağır cəzalandırmadı. Rumıniya qoşunlarının ölkə ərazisində qaldığını görən Macarıstan Sovet Respublikası bu qoşunlara qarşı hücum etmək üçün plan tərtib etdi. İyulun 20-də tənəffüs pozularaq hücum başlandı. Bu vuruşmada Qızıl Ordu hissələri məğlubiyyətə uğradı. Fransa-Çexoslovakiya müdaxiləsi yenidən başladı. İyulun 28-də Antanta dövlətləri Macarıstanda Sovet hökumətinin istefa verməsini tələb etdilər. İyulun 30-da Bela Kunyardım üçün dünya fəhlə sinfinə müraciət etdi. Lakin bu zaman Sovet Rusiyası vətəndaş müharibəsi ilə məşğul olduğu üçün Macarıstana yardım etmək iqtidarında deyildi. Kəndlilər Macarıstan Sovet hökumətini müdafiə etmədilər. Avqustun 1-də 133 gün yaşadıqdan sonra Macarıstan Sovet hökuməti süqut etdi. Macarıstan Sovet hökumətinin məğlubiyyətə uğramasının bir sıra obyektiv və subyektiv səbəbləri vardır. Obyektiv səbəblərdən biri bu inqilabın beynəlxalq vəziyyətə uyğun şəraitdə baş verməməsi idi. Antanta dövlətləri Macarıstana müdaxilə etdilər. Ölkə olduqca kiçik ərazidən ibarət idi. Ölkə, eyni zamanda inqilabın mərkəzi olan Budapeşt hərbi cəbhələrdən o qədər də uzaq məsafədə deyildi. Aqrar məsələ düzgün həll edilmədiyi üçün fəhlə-kəndli ittifaqı pozuldu. Hökumət bütün sənaye sahələrini milliləşdirməklə süni olaraq öz yükünü artırdı, digər tərəfdən də xırda burjua dairələrini özündən narazı saldı.[2]

Macarıstan Sovet Respublikasının liderlərini göstərən qabartma; Tibor Szamuely, Béla KunJenő Landler
  1. "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-27.
  2. "Arxivlənmiş surət" (PDF). 2022-03-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-05-27.